Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı”na uyğun olaraq, sağlamlıq imkanları məhdud uşaqların yay mövsümündə mənalı istirahətinin təşkili məqsədilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iyun ayının 4-dən Ağbulaq İstirahət Mərkəzində sağlamlıq imkanları məhdud 47 məktəbli uşağın valideynlərinin müşayiəti ilə istirahətini təşkil edib.
Yeddigünlük istirahət müddətində sağlamlıq imkanları məhdud uşaqların istedadlarının aşkara çıxarılması, habelə əyləncəli tədbirlərin keçirilməsi məqsədilə proqram hazırlanıb.
Proqrama uyğun olaraq, istirahət günlərində uşaqların iştirakı ilə “Çərpələng” yarışı keçiriləcək, fiziki imkanları məhdud ifaçılardan ibarət “İnam” musiqi qrupu uşaqlar qarşısında konsert proqramı ilə çıxış edəcək. Tədbirlər planında tennis, dama yarışlarının və karaoke müsabiqəsinin keçirilməsi və təbiət gəzintisinin təşkili də nəzərdə tutulub.
Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti