Bu il 214 hektar sahədə yeni yaşıllıqlar salınıb
Xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyənləşdirilən inkişaf strategiyasının ardıcıl şəkildə həyata keçirilməsi muxtar respublikamızda davamlı inkişafa zəmin yaratmışdır. Bu strategiyaya uyğun həyata keçirilən tədbirlər nəticəsində digər sahələrdə olduğu kimi, ekologiya sahəsində də davamlı inkişafa nail olunmuşdur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, “Muxtariyyət ili” olan 2014-cü ilin ilk 4 ayında Naxçıvan Muxtar Respublikası ərazisində mövcud ekoloji vəziyyətin (ekoloji tarazlığın) qorunması, ətraf mühitin mühafizəsi, əlverişli ekoloji mühitin yaradılması məqsədilə lazımi tədbirlər həyata keçirilmişdir. Belə ki, təbii sərvətlərdən istifadəyə, çirkləndirici maddələrin ətraf mühitə atılması və axıdılmasına görə, ekoloji ödənişlərin təyin edilməsi və icrasına nəzarətin həyata keçirilməsi diqqətdə saxlanılmış, muxtar respublikanın daxili sularında (çaylar, göllər, bulaqlar və sair) 14 monitorinq-yoxlama aparılmış, 24 su nümunəsi götürülərək fiziki-kimyəvi xassələrini öyrənmək məqsədilə 108 laboratoriya analiz-təhlillər aparılmışdır.
Ekologiya sahəsində Azərbaycan Respublikasının mövcud qanunlarına, bu sahədə qəbul edilmiş sərəncam və qərarlara, digər normativ-hüquqi sənədlərə uyğun olaraq, muxtar respublika ərazisində ətraf mühitin mühafizəsi, ekoloji qanunazidd halların qarşısının alınması məqsədilə aidiyyəti orqanlarla birlikdə 27 yoxlama-reyd həyata keçirilmiş, qanunazidd hallar aşkar edilməmişdir.
“2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq, dağlıq və orta dağlıq ərazilərdə meyvəçiliyin inkişaf etdirilməsi, həmin ərazilərin iqlim və torpaq xüsusiyyətlərinə uyğunlaşdırılmış ağacların, tinglərin yetişdirilməsi və yeni meyvə bağlarının salınması istiqamətində nəzərdə tutulan tədbirlər qeyd olunan dövrdə qoruq, milli park və yasaqlıq ərazilərində uğurla icra edilmişdir. Bu məqsədlə Şahbuz Dövlət Təbiət Qoruğuna bufer ərazidə 4 hektar, Akademik Həsən Əliyev adına Ordubad Milli Parkı ərazisində 1,5 hektar, “Arpaçay” Dövlət Təbiət Yasaqlığı ərazisində 1 hektar, Ordubad Dövlət Yasaqlığı və “Arazboyu” Dövlət Təbiət Yasaqlığı ərazilərində 1,5 hektar sahədə meyvə bağları salınmışdır.
2014-cü ilin yaz-əkin mövsümündə muxtar respublika ərazisində, ümumilikdə, 214 hektar sahədə yaşıllaşdırma tədbirləri həyata keçirilmiş, 228 min ədəd ağac və bəzək kolları əkilmişdir. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanmış plan-proqrama uyğun olaraq, Uzunoba Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi ətrafında, Əshabi-Kəhf ziyarətgahına, Ağbulaq kəndinə gedən yolun kənarlarında, Heydər Əliyev Su Anbarı ətrafında və xüsusi mühafizə statuslu təbiət ərazilərində 51 hektar sahədə meşəsalma, toxumla meşəbərpa tədbirləri həyata keçirilmiş, yeni meyvə bağları salınmış, 27 min 800 ədəd ting (meşə tingi 2 min 450 ədəd, meyvə tingi 25 min 350 ədəd) əkin dövriyyəsinə daxil edilmişdir. Bununla yanaşı, aparılan yaşıllaşdırma tədbirlərində tingə (meşə və meyvə tinglərinə, həmişəyaşıl ağaclara) olan tələbat nazirliyin tabeli idarələri tərəfindən tam təmin edilmiş, 35 mindən çox ting aidiyyəti təşkilatlara paylanmışdır.
Hazırda muxtar respublika ərazisində mövcud olan əlverişli iqlim şəraiti nəzərə alınaraq ayrı-ayrı ərazilərdə yaşıllaşdırma tədbirləri davam etdirilir.
Xəbərlər şöbəsi