Naxçıvan Muxtar Respublikasında həyata keçirilən kompleks quruculuq tədbirlərinin mühüm istiqamətlərindən biri də regionda ekoloji problemlərin həllinin, ətraf mühitin qorunmasının, təbiətin zənginləşdirilməsinin diqqət mərkəzində saxlanılmasıdır. Son 18 ildə diyarımızda yaşıllıq sahələrinin həcminin dəfələrlə artması, yurdumuzun yaşıllıqlar məskəninə çevrilməsi məhz belə tədbirlərin nəticəsidir. Bu sahədə görülən işlərin kəmiyyət və keyfiyyətinin yüksəldilməsi, mövcud problemlərin həlli istiqamətində görülən tədbirlər davamlı xarakter almış, yeni əkilən ağacların suvarılmasında damcı üsulunun tətbiqi genişləndirilmiş, xeyli meyvə bağları, yaşıllıq zolaqları salınmışdır.
Cari ildə də bu tədbirlər mütəşəkkilliklə davam etdirilir, meyvə bağlarına, yaşıllıq zolaqlarına, gülkarlıq sahələrinə aqrotexniki qulluq göstərilir.
Mayın 31-də keçirilən iməciliklər də yüksək səviyyədə təşkil olunmuşdu.
Naxçıvan şəhərinin sakinləri Naxçıvan-Batabat və Naxçıvan-Sədərək magistral yollarının kənarındakı və şəhərin müxtəlif ərazilərindəki yaşıllıqlara aqrotexniki qulluq göstərmiş, yaşıllıqlar suvarılmış və alaq otlarından təmizlənmişdir.
Muxtar respublikanın ən böyük bölgələrindən biri olan Şərur rayonunun sakinləri Naxçıvan-Sədərək magistral yolunun Cəlilkənd, Düdəngə və Zeyvə kəndlərindən keçən hissəsində, Şərur şəhərinin park və xiyabanlarında yaşıllıqlara aqrotexniki qulluq göstərmiş, yaşıllıqlar suvarılmış və alaq otlarından təmizlənmişdir.
İməcilik günü Babək rayonunun ərazisində də qələbəlik müşahidə edilmişdir. Rayon sakinləri muxtar respublikanın ekologiyasına öz töhfələrini verməyə çalışmış, Naxçıvan-Ordubad magistral yolunun kənarlarında, Qoşadizə kəndindəki 5 hektarlıq meyvə bağında, Babək qəsəbəsi mərkəzindəki park və xiyabanlarda yaşıllıqlara aqrotexniki qulluq göstərmiş, yaşıllıq sahələri alaq otlarından təmizlənərək suvarılmışdır.
Bağlar diyarı Ordubad rayonunda da iməciliklər mütəşəkkilliklə keçirilmiş, Naxçıvan-Ordubad magistral yolunun kənarlarında, Qazi massivində, mərkəzi xəstəxananın və elektrik şəbəkəsinin, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin və məktəblərin həyətlərində, Ordubad şəhərinin park və xiyabanlarında yaşıllıqlara aqrotexniki qulluq göstərilmişdir.
Culfalılar Naxçıvan-Ordubad magistral yolunun kənarında, Culfa şəhərinin park və xiyabanlarında, ümumtəhsil müəssisələrinin həyətlərində, kənd və xidmət mərkəzlərinin ətrafında olan yaşıllıqlarda çalışmışlar.
Kəngərli rayonunun sakinləri Naxçıvan-Sədərək magistral yolunun Xok və Yeni Kərki kəndlərindən keçən hissəsində yaşıllıqlara aqrotexniki qulluq göstərmiş, ağaclar suvarılmışdır.
Şahbuz rayonunda Naxçıvan-Batabat magistral yolunun kənarlarındakı bağlara aqrotexniki qulluq göstərilmiş, su arxları çıxarılaraq ağaclar suvarılmış, Şahbuz şəhərinin park və xiyabanlarında 300 ədəd gül kolu, 100 ədəd həmişəyaşıl ağac əkilmişdir.
Sədərəklilər Heydərabad qəsəbəsindəki 1,8 hektarlıq bağda, Sədərək kəndində 2 nömrəli tam orta məktəbin, mərkəzi xəstəxananın həyətlərində və Qaraağac kəndində yol kənarlarındakı yaşıllıqlara aqrotexniki qulluq göstərmişlər.
Həmin gün muxtar respublikamızın bütün bölgələrində ahıl vətəndaşların həyətlərində təmizlik, abadlıq işləri aparılmışdır.
Xəbərlər şöbəsi