22 Dekabr 2024, Bazar

1950-ci il iyunun 1-də Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası tərəfindən keçirilən Qadınların Beynəlxalq Konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər irəli sürülərək qəbul edilmişdir. Həmin tarixdən etibarən dünyanın əksər ölkələrində 1 iyun “Uşaqları Beynəlxalq Müdafiə Günü” kimi qeyd olunur.
Tarix boyu Azərbaycanda uşaqlara xüsusi qayğı olmuşdur. Xalqımızın ən nəcib, ən gözəl xüsusiyyətlərindən biri də odur ki, insanlar həyatlarının mənasını gənc nəslin istər fiziki, istərsə də mənəvi cəhətdən sağlam böyüməsində, şəxsiyyət kimi formalaşmasında görürlər.
Ölkəmizdə uşaqlara qayğının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilməsi ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimiz ölkəmizə rəhbərliyinin bütün dövrlərində uşaqların təhsilinə, dünyagörüşlərinin zənginləşdirilməsinə və sağlamlıqlarının qorunmasına xüsusi diqqət göstərmişdir.

Dahi şəxsiyyətin rəhbərliyi ilə ölkəmizdə dövlət uşaq siyasətinin əsası qoyulmuş, 1998-ci ildə “Uşaq hüquqları haqqında” və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunları qəbul edilmişdir. Həmçinin ölkəmiz Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyasına qoşulmuş, “Uşaq hüquqları haqqında” Bəyannaməsini qəbul etmişdir.
“Uşaqlar cəmiyyətimizin sabahıdır. Onların qayğısız böyüməsi, yüksək standartlara cavab verən təlim-tərbiyə və tibbi xidmətlərlə təmin edilməsi, əlverişli sosial mühitdə fiziki və mənəvi baxımdan sağlam yetişməsi, habelə öz istedadlarını nümayiş etdirmələri üçün zəruri şəraitin yaradılması bizim əsas məqsədlərimizdəndir”, – deyən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda uşaq problemlərinin həllinə yönəlmiş çoxsaylı dövlət proqramları qəbul edilmiş, vahid dövlət uşaq siyasətinin formalaşması istiqamətində uğurlu addımlar atılmış, uşaq hüquqlarının etibarlı təminat mexanizmləri yaradılmışdır.
Bu gün muxtar respublikada uşaqların sağlamlığının qorunmasına, təhsilinə, təlim-tərbiyəsinə xüsusi diqqət və qayğı göstərilir. Muxtar respublika əhalisinin 35,9 faizini, yəni 156 min 297 nəfərini uşaqlar təşkil edir. Bunlardan 1991 nəfəri sağlamlıq imkanları məhdud, 126-sı valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş, 208-i övladlığa götürülmüş, 56-sı ölkədaxili və ölkədənkənar yarışların qalib və mükafatçısı olan 18 yaşınadək uşaqlardır. Son 18 ildə muxtar respublikada 200-ə yaxın ümumtəhsil məktəbi, 18 məktəbəqədər təhsil müəssisəsi, 25 uşaq musiqi məktəbi, 18 məktəbdənkənar təhsil müəssisəsi, 40 idman obyekti tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir. Ümumtəhsil məktəblərində təhsilin keyfiyyətinin artırılması məqsədilə 551 elektron lövhə quraşdırılmış, hər 14 şagird 1 kompüter dəsti ilə təmin olunmuşdur.
Muxtar respublikada uşaqların sağlamlığının qorunması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində ana və uşaqlara tibbi xidmətin keyfiyyəti və əhatəliliyi artırılmışdır. 2013-cü ildə muxtar respublikada on minə yaxın uşaq doğulmuşdur. Ana ölümü olmamış, körpə ölümü isə xeyli azaldılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 24 may tarixli Fərmanı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”na uyğun olaraq, uşaq müəssisələrində uşaqların qanunvericiliklə müəyyən edilmiş hüquq və mənafelərinin qorunması, uşaq hüquqlarının təmin edilməsi üçün əlverişli mühitin yaradılması və uşaq hüquqlarının pozulması hallarının aradan qaldırılması məqsədilə ardıcıl tədbirlər görülmüş, uşaqların elektron məlumat bankının yaradılmasına başlanılmışdır.
Uşaqların peşə məktəblərinə cəlbi, istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafı, asudə vaxtlarının düzgün təşkili, eləcə də cəmiyyətin ictimai-mədəni həyatındakı iştirakını təmin etmək məqsədilə də ardıcıl tədbirlər həyata keçirilir. Muxtar respublikada fəaliyyət göstərən M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı, Naxçıvan Dövlət Uşaq Teatrı, Uşaq Filarmoniyası kimi mədəniyyət ocaqları, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi, Naxçıvan Muxtar Respublikası Estetik Tərbiyə Mərkəzi, şahmat məktəbləri və onlarla digər məktəbdənkənar tərbiyə müəssisələri bu baxımdan mühüm əhəmiyyətə malikdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” 2012-ci il 31 yanvar tarixli Fərmanına uyğun olaraq, “Gənc istedadların “Qızıl kitabı”nın yaradılması və onlara xüsusi təqaüdlərin verilməsi isə istedadlı uşaqlara göstərilən qayğının daha bir ifadəsidir.
Uşaqların vətənpərvərlik ruhunda formalaşmasında folklor nümunələri, kiçikhəcmli şeir və hekayələr böyük əhəmiyyət daşıyır. Bu məqsədlə ötən dövr ərzində Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin xətti ilə “Uşaqlar və Günəş” almanaxı, “Təmsillər”, “Şeir və hekayələr”, “Poema və pyeslər” adlı uşaq kitabları hazırlanaraq nəfis tərtibatda çap edilmişdir.
Muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların hərtərəfli inkişafı və cəmiyyətə inteqrasiyası da diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi bu baxımdan mühüm əhəmiyyət daşıyır. Dövlət proqramının qəbul olunmasında əsas məqsəd muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların digər uşaqlarla bərabər təhsil hüquqlarını təmin etmək, cəmiyyətə inteqrasiyasına nail olmaq, sosial reabilitasiyasını gücləndirməkdən ibarətdir. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi pro­qramın icrası ilə əlaqədar aidiyyəti təşkilatlarla birgə muxtar respublikanın 171 tam orta məktəbində, 18 məktəbəqədər və 37 məktəbdənkənar müəssisəsində, 25 uşaq musiqi məktəbində, 8 şahmat məktəbində, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində və Naxçıvan Dövlət Texniki Kollecində monitorinqlər keçirmişdir. Proqramın qarşıya qoyduğu vəzifələrin icrasına uyğun olaraq, 2014-cü ilin ötən dövrü ərzində sağlamlıq imkanları məhdud olan uşaqlardan 24-ü məktəbəqədər, 22-si məktəbdənkənar, 2-si isə tam orta məktəblərə cəlb olunmuşdur. Sağlamlıq imkanları məhdud uşaqların istedadlarının aşkara çıxarılması məqsədilə tədbirlərin keçirilməsi də komitə tərəfindən diqqət mərkəzində saxlanılmış, doxsana yaxın bu qəbildən olan uşaqların iştirak etdiyi “Naxçıvanım mənim” mövzusunda Naxçıvan şəhər məktəbəqədər təhsil müəssisələri arasında müsabiqə, eləcə də rəsm, əl işi, musiqi müsabiqələri, şahmat yarışı keçirilmişdir.
Uşaqların milli dəyərlər əsasında düzgün tərbiyə olunması, sağlam mühitdə yetişməsi zəruri məsələlərdən biridir. Bu istiqamətdə Naxçıvan Muxtar Respublikasında məqsədyönlü işlər görülür. Belə ki, uşaqlara milli dəyərlərin aşılanması, onların zərərli vərdişlərdən uzaqlaşdırılması, hüquqlarının qorunması və onlara vəzifələrinin düzgün öyrədilməsi məqsədilə muxtar respublikanın ümumtəhsil məktəblərində seminarlar keçirilir, kütləvi informasiya vasitələrində maarifləndirici çıxışlar edilir.

Naxçıvan Muxtar Respublikasında uşaqların hüquqlarının qorunması, təhsili, sağlamlığı, sosial müdafiəsi, istirahəti, yaradıcılıq potensialının aşkarlanması istiqamətində həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcəkdir. Çünki uşaqlar xalqımızın gələcəyidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Əgər xalqımızın, dövlətimizin gələcəyini düşünürüksə, bu gələcəyin təminatçısı olan uşaq və gənclərin sağlam mühitdə yetişməsi qayğısına qalmalı, onların təlim-tərbiyəsi ilə ciddi məşğul olmalıyıq”.

Naxçıvan Muxtar Respublikası 
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR