Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı”na uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə mayın 30-da Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində daun sindromlu uşaqların valideynləri ilə maarifləndirici görüş keçirilib.
Tədbirdə Naxçıvan Əlillərin Bərpa Mərkəzinin həkim-nevropatoloq psixoterapevti Rəfayil Orucov daun sindromlu uşaqların ailə üzvləri ilə psixoloji-mənəvi söhbət aparıb. Qeyd olunub ki, daun sindromlu uşaqlar mülayim davranışı çox sevirlər.
Valideynin daun sindromlu uşağa daha çox qayğı göstərməsi, mütəmadi olaraq onunla ünsiyyətdə olması bu kateqoriyadan olan uşağın inkişafına, özünəinam hissinin artmasına, onların sosial reabilitasiyasına əhəmiyyətli dərəcədə təsir göstərir. Bu kateqoriyadan olan uşaqlar müvafiq tibb müəssisəsinə müalicəyə cəlb edilməlidirlər. Onlar cəmiyyətə qaynayıb-qarışdıqda müxtəlif vərdişlər öyrənir, danışıq qabiliyyəti inkişaf edir.
Vurğulanıb ki, əqli və fiziki cəhətdən inkişaf edən daun sindromlu uşaqlara peşəyönümü tövsiyə və məlumatların verilməsi onların özlərini anlamasına, müvafiq iş imkanlarını dərk etməsinə, bacarıqlarının inkişafına zəmin yaradır.
Sonda valideynləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, tədbirin təşkil edilməsində əsas məqsəd valideynlərə bu kateqoriyadan olan uşaqlarla evdə davranışa, onların təlim-tərbiyəsinin təşkilinə və ünsiyyətqurma bacarıqlarının inkişaf etdirilməsinə dair məsləhət xidmətinin göstərilməsidir.
Bu qəbildən olan tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.
Xəbərlər şöbəsi