22 Dekabr 2024, Bazar

Bu anlayışlarla, demək olar ki, hər gün hamımız qarşılaşırıq. Müxtəlif küçələrin, məhəllələrin, xiyabanların və prospektlərin adı dillər əzbəridir.
Rəsmi və quru tərifdə küçə yol infrastrukturunun bir hissəsi olub, bir qayda olaraq, kənarında xüsusi sıra sayına malik binalar olan yoldur. Daha çox postsovet ölkələri üçün xarakterik olan prospekt anlayışı böyük şəhərlərdə ən böyük, uzun, geniş və daha çox mərkəzi xarakter daşıyan küçələri ifadə edir. Xiyaban isə daha çox hər iki tərəfdən parklar və bağlarla əhatələnmiş yolu ifadə edir. Bir sıra Şərq ölkələrində böyük küçələri elə xiyaban adlandırırlar. Daha çox milli xarakter daşıyan məhəllə isə özündə bir və ya bir neçə küçəni birləşdirə bilər.
Dünyada bu anlayışların hər biri ilə bağlı maraqlı faktlar var. Məsələn, Yaponiyada yolların adları olmur, San-Fransiskoda isə bir küçə hərlənərək, nəhayətində, özü-özü ilə qovuşur. Dünyada ən uzun küçə Rusiyanın Volqoqrad şəhərindədir. Bu küçənin uzunluğu 50 kilometrdir. Dünyadakı ən dar küçə də məhz şimal qonşumuzun ərazisindədir. Xasavyurtdakı bu küçənin eni cəmi 1 metrdir. Dünyanın ən qısa küçəsi Şotlandiyadadır. “Ebenizer” adlanan küçənin uzunluğu cəmi 2 metrdir. Braziliyada yerləşən dünyanın ən enli küçəsinin eni isə 250 metrdir.

Dünyanın ən qədim şəhərlərindən biri olan Naxçıvanın məhəllə, prospekt, xiyaban və küçələri də özünəməxsusluğu ilə seçilir. Qeyd etmək lazımdır ki, bütün orta əsrlər boyunca Şərq dünyası şəhərlərinin əksəriyyətində olduğu kimi, Naxçıvan üçün də, əsasən, “məhəllə” anlayışı xarakterik olmuşdur. Bəzi məlumatlarda XX əsrin əvvəllərində Naxçıvan şəhərində 10 məhəllənin adı çəkilir. Bunlar “Zaviyə”, “Şahab”, “Pirqəmiş”, “Əlixan”, “Sarvanlar”, “Gomayıl”, “Xoşulu”, “Atabəylər”, “Qurdlar”, “Qala” məhəllələri idi. Naxçıvan Şəhər İcra Hakimiyyətindən aldığımız məlumat siyahısında isə bu gün Naxçıvan şəhərində 1 prospekt, 32 məhəllə və 72 küçə olduğu göstərilir.
Naxçıvan şəhərinin prospekt, məhəllə və küçələri ilə bağlı yeni rubrika altında yazılara başlamaqda məqsədimiz onların tarixi barədə məlumat vermək, adlarını daşıdıqları şəxsiyyətləri insanlarımıza tanıtmaqdır. Düşünürük ki, şəhərimizdəki küçələrdə, prospekt və məhəllələrin hər birində onlar haqqında məlumat xarakterli lövhələrin olması hər daşı, hər küçəsi tarix olan Naxçıvanımızın həm tarixinin təbliği, həm də insanlarımızın müxtəlif şəxsiyyətlərlə bağlı məlumatlandırılması baxımından əhəmiyyətli ola bilər. Çünki adına küçə olan elə şəxslər var ki, cəmiyyətdə o insanlar haqqında hələ də yetərli informasiya yoxdur. Yaxud elə küçələrimiz var ki, əhali arasında onlar hələ də köhnə adları ilə tanınır. Elə məhəllələrimiz var ki, onların adları yoxdur, elə naxçıvanlı şəxsiyyətlər var ki, onların adına küçə və məhəllə yoxdur. Bu şəxsiyyətlər içərisində diplomatlar da var, yazıçılar da var, əmək qəhrəmanları da var, şairlər də...
İlk yazımızda isə əlimizdə olan siyahıya əsasən, Naxçıvan şəhərində olan prospekt, küçə və məhəllələrin maraqlı xüsusiyyətlərini müəyyənləşdirməyə çalışdıq. Məsələn, Naxçıvan şəhərində yerləşən 26 məhəllənin adı yoxdur, nömrəsi var. Küçələrimizlə bağlı digər bir maraqlı fakt şəhərimizdə “1 May”, Engels, Məşədi Əzizbəyov adlı küçələrin hələ də olması, Məhəmməd ağa Şahtaxtlı, Məhəmməd xan Təkinski, Əli Səbri Qasımov, Balabəy Əlibəy­ov, Rza Təhmasib kimi şəxslərin adına isə küçələrin və ya məhəllələrin olmamasıdır.
Prospektlər, küçələr və məhəllələrdə adlarını əbədiləşdirdiyimiz ümummilli lider Heydər Əliyev, Mustafa Kamal Atatürk, Nizami Gəncəvi, Əcəmi Naxçıvani, Həsən Əliyev, Əziz Əliyev, Nəsirəddin Tusi, Mirzə Ələkbər Sabir, Məmməd Araz, Abbas Zamanov, Behbud ağa Şahtaxtinski, Məhəmməd Füzuli, Cəmşid Naxçıvanski, Yusif Məmmədəliyev, Bəhruz Kəngərli, Şeyx Məhəmməd Xiyabani, Babək, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Kalbalı xan, Həzi Aslanov kimi şəxsiyyətlərlə bağlı cəmiyyətdə geniş məlumat var. Lakin adları artıq əbədiləşdirilmiş elə şəxsiyyətlər, Vətən qarşısında xidmətləri olan elə insanlar var ki, insanlarımız onlar haqqında o qədər də məlumatlı deyillər. Biz də bu rubrikada təqdim edəcəyimiz növbəti yazılarımızda müxtəlif küçə və məhəllələrimizin tarixi, yerləşdiyi ərazi, adlarını daşıdıqları şəxslər haqqında geniş söz açmağa çalışacağıq.
Yolumuz işıqlı və uğurlu olsun! İnkişaf edən, gündən-günə gözəlləşən, böyüyən, küçələrinin və məhəllələrinin sayı artan Naxçıvanımızın prospektləri, küçələri kimi...

 Elnur KƏLBİZADƏ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR