Aparılan təhlillər zamanı müəyyən olunmuşdur ki, istehsalat və yaşayış sahələrində yanğın hadisələrinin böyük əksəriyyəti elektrik xətlərinin və qurğularının istismarı, məişət elektrik cihazlarından istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması səbəbindən baş verir.
Artıqyüklənmə, qısaqapanma, izolyasiyanın pozulması, naqillərin müvafiq texniki qaydalara uyğun çəkilməməsi, montaj işlərindəki səhvlər və sair yanğın təhlükəsizliyinə zidd hallar kimi yanğınların baş verməsinə şərait yaradır. Elektrik qurğularının istismarı, elektrik avadanlıqları və cihazlarının istifadəsi zamanı yanğın təhlükəsindən uzaq olmaq üçün bir sıra qaydalara əməl olunması vacibdir.
Elektrik qurğularının istismarı zamanı elektrik aparatlarını və cihazlarını onu hazırlayan müəssisənin tövsiyələrinə (təlimatlarına) uyğun olmayan şəraitdə və ya yanğına səbəb ola bilən nasazlığı olduqda istifadə etmək, eləcə də izolyasiyası zədələnmiş və ya sıradan çıxmış naqilləri və kabelləri istismar etmək, həmçinin nasaz elektrik qurğularından istifadə etmək, elektrik lampasını və işıqlandırıcısını kağıza, parçaya və digər yanar materiallara bükmək, eləcə də ondan mühafizə örtüyü (plafonu) çıxarıldıqda istifadə etmək qadağandır.
Standartlara uyğun olmayan elektrik qızdırıcı cihazlarından istifadə olunması, elektrik naqillərinin anbar otaqlarından, yanğın təhlükəli və yanğın- partlayış təhlükəli zonalardan birbaşa çəkilməsi, elektrik qızdırıcı cihazlarının, televizorların, radioqəbuledicilərin və sair qurğuların şəbəkəyə qoşulu halda nəzarətsiz qoyulması yolverilməzdir.
Elektrik qurğularının, elektrik avadanlıqları və cihazlarının istifadəsi zamanı yanğınların, əsasən, qısaqapanmalardan baş verdiyini xüsusilə vurğulamaq lazımdır.
Qısaqapanmalar izolyasiyası olmayan və ya zədələnmiş halda olan iki müxtəlifyüklü elektrik naqilinin bir-biri ilə birləşdiyi zaman baş verir. Qısaqapanmalar zamanı naqillər bir anda o dərəcədə qızırlar ki, metal damarlar əriyir, bol qığılcım və istilik əmələ gəlir. Əgər qısaqapanma baş verən yerdə yanacaq materialları və ya yana bilən konstruksiyalar olsa, onlar dərhal alışırlar. Elə buna görə də naqillərin izolyasiyasının sazlığına daim nəzarət edilməlidir. Bununla yanaşı, elektrik şəbəkəsini müxtəlif cihazları qoşmaqla artıq yükləmək olmaz. Elektrik şəbəkəsində həddən artıq yüklənmə olduqda naqillərdə ayrılan istiliyin miqdarı artır. Ayrılan istiliyin əksəriyyəti ətrafdakı havaya yayıla bilmədiyi üçün o, naqillərin izolyasiyasını qızdıraraq alışdırır. Bu isə yanğınlara səbəb olur.
Elektrik naqillərinin üzərinə divar kağızı yapışdırmaq da təhlükəlidir. Elektrik naqillərinin telefon və radio naqillərinə, radio və televiziya antenalarına, dam örtüklərinə toxunmasına yol vermək olmaz. Telefon və radio naqillərindən cərəyankeçirici kimi istifadə etmək qadağandır.
Qızdırıcı elektrik cihazlarının istismarı zamanı yanğın təhlükəsizliyi ilə bağlı bir sıra tədbirlərin görülməsi zəruridir. Birinci növbədə, qızdırıcı cihazlar yalnız kifayət qədər qalınlıqda olan və yanmayan altlıq üzərinə qoyulmalıdır. Otaqdan və evdən gedərkən qızdırıcı elektrik cihazları elektrik xəttindən ayrılmalıdır.
Yadda saxlamaq lazımdır ki, suqızdırıcı cihazlar nəzarətsiz qaldıqda yanğın törədə bilər. Cərəyana qoşulmuş elektrik çaynikinə və samovarına uzun müddət nəzarət etmədikdə su qaynayıb buxarlanır ki, bu zaman çaynikin və ya samovarın dibində hərarət 300-500 dərəcəyə çatır, bu isə yanğın baş verməsi üçün kifayətdir.
Bunun üçün əhali bir daha diqqətli olmalı, təhlükəsizlik məsələlərində fəal iştirak etməli və belə hallarla üzləşdikdə dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə və ya Dövlət Yanğın Təhlükəsizliyi şöbələrinin “101” xidmətinə məlumat verilməlidir.
Sadalanan faktlarla bağlı baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması üçün elektrik cihazlarından, qurğularından və avadanlıqlarından istifadə edərkən yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmalıdır.
Evdən çıxarkən məişət elektrik cihazlarını, qurğularını və avadanlıqlarını yanılı vəziyyətdə nəzarətsiz qoymayın, onları söndürməyi unutmayın.
Mirtaleh SEYİDOV
Naxçıvan Muxtar Respublikası
Fövqəladə Hallar Nazirliyinin əməkdaşı, daxili xidmət kapitanı