22 Dekabr 2024, Bazar

Bu gün muxtar respublikamızda elə bir yaşayış məntəqəsi tapmaq mümkün deyil ki, orada quruculuq ərməğanları olmasın. Yeni məktəb binası, kənd mərkəzi tikilməsin, körpü və ya yol salınmasın, meliorasiya tədbirləri həyata keçirilməsin. Bir sözlə, muxtar respublikanın bugünkü qaynar həyatı ilə tanış olmaq üçün hansısa uzaq və ya yaxın ünvana üz tutmaq fərq etməz. Bütün bunlar isə bir ali məqsədə söykənir: insanların gün-güzəranı yaxşılaşsın, maddi rifah halı, qurub-yaratmaq əzmi yüksəlsin, doğma yurda bağlılıq hissləri güclənsin.  

Muxtar respublikamızda aparılan quruculuq işləri yurdumuzun füsunkar guşələrindən biri olan Şahbuz rayonunu da öz ağuşuna alıb. Öz gözəlliyi ilə ilin bütün fəsillərində gözoxşayan bu rayonda son illər onlarla binalar, sosial obyektlər tikilib, küçə və meydanlar yenidən qurulub, park və xiyabanlar salınıb, yol kənarlarında neçə-neçə abidə-bulaq kompleksləri istifadəyə verilib.

Belə tədbirlər hesabına həm rayon mərkəzi, həm də bölgənin kənd yaşayış məntəqələri simasını tamamilə dəyişib. Bu yazıda bəhs edəcəyimiz Mahmudoba kəndi də müasirliyə qovuşan həmin yaşayış məntəqələrindən biridir. Yaşayış məntəqəsinin bu günündən danışmazdan əvvəl oxucuların nəzərinə çatdırmaq istərdik ki,

Mahmudoba qədim tarixə malikdir

Filologiya elmləri doktoru Adil Bağırovun kəndin adı və tarixi ilə bağlı araşdırmalarında oxuyuruq ki, 1590-cı ilə aid mənbədə Dərəşahbuz nahiyəsində bu kənd adına rast gəlinmir. Görünür, həmin dövrdə kəndin adı başqa imiş və yaxud kənd Naxçıvan nahiyəsinə daxil imiş. 1727-ci ilə aid mənbədən Dərəşahbuz nahiyəsindəki Mahmudabad kəndində heç kimin yaşamadığı, başqa yerdən gələnlərin bu kəndin torpaqlarından istifadə etdikləri və bu hesaba ildə üç min ağça vergi verdikləri məlum olur. XIX əsrdə isə kənddə kərgərlilərin Salayçı tayfasına məxsus ailələrin yaşaması və torpaq sahələrinə Nadir xan Sultanın sahiblik, hakimlik etdiyi qeyd olunur. 1590-cı ildə Naxçıvan nahiyəsinə daxil olan bu kənd salayçılara məxsus olub. Ancaq onlar yay vaxtı bu kənddə yaşamış və sonralar kəndi daimi yaşayış məntəqəsinə çevirmişlər. Belə variantı da məqbul saymaq olar ki, 1590-cı illərdə Naxçıvan nahiyəsində olan Mahmudabad kənd sakinləri əkinçiliyi və maldarlığı inkişaf etdirmək məqsədilə Dərəşahbuz nahiyəsinə köçmüş və öz kənd adlarını da burda yaşatmışlar. “Mahmudabad” şəklində işlənən bu adın tərkibindəki “abad” komponenti sonra “oba” komponenti ilə əvəzlənib. Və canlı danışıq dilində “oba” sözünün “ava” variantı da (Mahmudava) işlənib. Bu ad hər üç variantda “Mahmuda məxsus oba, Mahmud tərəfindən salınmış kənd” mənasında işlənir.

Quruculuq tədbirləri kəndin simasını tamamilə dəyişib

206 təsərrüfatda 868 nəfərin yaşadığı Mahmudoba kəndində 2006-cı ildə yeni məktəb binası, tibb məntəqəsi, kənd mərkəzi istifadəyə verilib.
Kəndin gələcək perspektivləri də nəzərə alınaraq tikilmiş yeni məktəb binası 144 şagird yerlikdir. Burada oxuyan 39 şagirdin təlim-tərbiyəsi ilə 25 müəllim məşğul olur. Məktəbin müəllimi Xanlar Səfərəliyev deyir ki, bu kənddə doğulub boya-başa çatıb. Mahmud­obanın son 40 ilə yaxın bir dövrü onun gözləri önündə keçib. Sovet dönəmində burada heç bir sosial obyektin inşa olunmadığını bildirən X.Səfərəliyev Mahmudobada son illərdə geniş qurucu­luq işlərinin aparıldığından qürurla danışır, ikimərtəbəli məktəb binasının tikintisini təhsilə göstərilən dövlət qayğısının ifadəsi olduğunu deyir.
Qeyd edək ki, orijinal memarlıq üslubu ilə tikilən bina kəndin hər yerindən görünür. Mahmudobaya xüsusi gözəllik bəxş edən binada geniş foyelər, işıqlı sinif otaqları, zəngin fənn kabinələri var. Digər məktəblərdə olduğu kimi, burada da kitabxana yaradılıb, kitabxanaya Azərbaycan dilində latın qrafikası ilə çap edilmiş dərsliklər, bədii ədəbiyyat, ensiklopedik nəşr və lüğətlər verilib. Həmin vəsaitlərdən səmərəli istifadə olunması diqqət mərkəzində saxlanılır. Burada maraqlı tədbirlər keçirilir, sərgilər, kitab müzakirələri təşkil olunur. “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı”na uyğun olaraq, məktəbdə kompüter sinfi yaradılıb. Hazırda şagirdlər 4 ədəd kompüterdən və 2 elektron lövhədən istifadə edirlər.
Məktəb binasında istifadəyə verilən idman zalında yaradılan şərait də ürək­açandır. Bu isə şagirdlərin fiziki hazır­lığının inkişaf etdirilməsinə, idman dərslərinin yüksək səviyyədə təşkilinə imkan verib.
Təhsil ocağında yaradılmış kabinələr əyani vasitələrlə təmin olunub. Şagirdlərin nəzəri biliklərini praktik biliklərlə zənginləşdirmələrində mühüm əhəmiyyət daşıyan fənn kabinələrindən səmərəli istifadə edilir.
Məktəbin direktoru Möhsün Sadiq­ov deyir ki, yaradılan şərait kollektivin məsuliyyət hissini daha da artırıb. Bu səbəbdəndir ki, son illər qazanılan uğurlar da artmaqdadır. Keçən tədris ilində məktəbi bitirən 7 məzundan altısının ali məktəblərə, bir şagirdin Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunmasını kollektivin əməli fəaliyyətinin nəticəsi olduğunu dilə gətirən direktor bunun son hədd olmadığını, gələcəkdə daha yüksək nəticələr əldə edəcəklərinə əminliyini bildirir.
Məlumat üçün onu da bildirək ki, kompleks quruculuq tədbirləri çərçivəsində məktəbin binasında tibb məntəqəsi də istifadəyə verilib. Məntəqə ilkin tibbi yardımlar üçün lazımi dərman preparatları və peyvənd materialları, avadanlıqlarla təmin edilib. Səhiyyə ocağında çalışanlar onlara tapşırılan vəzifənin məsuliyyətini yaxşı dərk edirlər. Tibb işçiləri əhali arasında tibbi maarifləndirməyə geniş yer verir, kənd sakinlərinin sağlamlığının qorunmasında əllərindən gələni əsirgəmirlər.
Ötən dövrdə Mahmudobada kənd mərkəzi üçün də bina inşa olunub. Burada icra nümayəndəliyi, kənd bələdiyyəsi, klub, kitabxana, baytarlıq və polis sahə məntəqələrinin, rabitə evinin normal fəaliyyəti üçün müasir iş şəraiti yaradılıb.
Kənddə aparılan digər quruculuq tədbirləri də mahmudobalılar tərəfindən onlara göstərilən qayğı kimi dəyərləndirilir. Bu tədbirlər sırasında rayon mərkəzindən kəndə gedən yolun yenidən qurulması xüsusi qeyd edilməlidir. Həmin yolu qış aylarında qət etmək çoxlu çətinliklər törədirdi. Buna görə də yol yatağında əsaslı yenidənqurma işləri aparılıb, yola asfalt örtük salınıb.
Kənd adamlarının 3 artezian quyusundan istifadəsi təmin olunub. Əhalinin öhdəsində olan əkin sahələrinin suvarılması qayğısına da qalınıb, 2003-cü ildə Naxçıvançay üzərində tikilən nasos stansiyasında təmir işləri aparılıb. Bu da mahmudobalıların həmin sahələr­dən səmərəli istifadə etmələrinə şərait yaradıb.

Aqrar bölmə inkişaf etdirilir, kənd adamlarının rifah halı yaxşılaşdırılır

Kənd icra nümayəndəsi Xaliq Hüseynov mahmudobalıların ötən illərdə təsərrüfatda qazandıqları uğurlardan ətraflı danışaraq bildirdi ki, kənd adamları, əsasən, əkinçilik, heyvandarlıq, arıçılıqla məşğul olurlar. Dedi ki, ötən təsərrüfat ilinin nəticələrini heç bir kənd adamı son hədd hesab etmir. Bunun başlıca səbəbi kənd təsərrüfatının, xüsusilə də əkinçiliyin intensiv inkişafı üçün yaradılan münbit şəraitdir. Onu da qeyd edək ki, əkinçiliyin müxtəlif sahələri ilə məşğul olan torpaq mülkiyyətçiləri hər il dövlət yardımlarından istifadə edirlər. Dağ kəndinin sakinləri strateji məhsul sayılan taxıl istehsalına daha çox üstünlük verirlər. Elə bu səbəbdəndir ki, cari ilin məhsulunun əsası ötən payızda qoyulub, 70 hektar sahədə taxıl əkilib. Sahələrə verilən gübrə, suvarma işlərinin vaxtında başa çatdırılması hesabına yaxşı cücərti alınıb. Bu da cari ilin bol məhsulundan soraq verir. Onu da qeyd edək ki, bu dağ kəndində yazlıq taxıl əkini də özünü doğruldur. Bu səbəbdən də daha 20 hektar sahədə yazlıq əkin keçirilib.
Kəndin iqtisadiyyatında mühüm yer tutan sahələrdən biri heyvandarlıqdır. Bu sahədə son illər uğurlu nəticələr qazanılıb və bunun başlıca səbəbi hərtərəfli dövlət qayğısıdır. Bu gün kənddə 1000 başdan artıq iribuynuzlu, 5000 başa yaxın xırdabuynuzlu heyvan saxlanılır. Kənd baytarlıq məntəqəsinin mütəxəssisləri müxtəlif profilaktik tədbirlərin aparılmasına ciddi önəm verirlər. Kənd sakini Cəlal Yusifov 500-ə yaxın xırdabuynuzlu heyvan saxlayır, yaxşı da qazanc əldə edir. Kənd məktəbində müəllim işləyən, heyvandarlıq və arıçılıqla məşğul olan Əli Quliyev deyir ki, kəndin coğrafi mövqeyi, iqlim şəraiti burada daha çox heyvan saxlanılmasına, daxili bazarın təzə ət və süd məhsullarına olan tələbatının ödənilməsinə imkan verir. Dövlətimiz də bu sahənin inkişafını diqqət mərkəzində saxlayır. Yerlərdə baytarlıq xidmətinin səviyyəsini yüksəltmək üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Müntəzəm olaraq kreditlər ayrılması da ildən-ilə heyvanların baş sayının artırılmasına şərait yaradır. Bu gün hər bir vətəndaş heç bir problemlə üzləşmədən dövlətin belə maliyyə dəstəyindən yararlana bilər.
Mahmudoba rayonun həm də arıçılıqla məşğul olunan kəndlərindəndir. Qeyd edək ki, kənddə bu gün 450 arı ailəsi saxlanılır. Bu sahədə zəngin təcrübə qazanmış Cəmil Vəliyev 100 arı ailəsinin sahibidir. Ümumiyyətlə, demək lazımdır ki, kənddə hansı peşədə və sənətdə çalışmasından asılı olmayaraq, hər bir mahmudobalı sadaladığımız təsərrüfat sahələrinin inkişafına çalışır. Çünki bu sahələrin inkişafı onların yaxşı yaşamaları, özlərinə gün-güzəran qurmaları deməkdir.
Mahmudobanın yurd qədri bilən torpaq adamları ilə söhbətdə elə onların özləri də bildirdilər ki, kənd adamı təsərrüfatın bütün sahələrini bilməlidir. Sağ olsun dövlətimizi. Kənd adamlarına hərtərəfli şərait yaradıb. Bir o qalır ki, yapışdığın işi sona çatdıra biləsən, rastlaşdığın çətinliklərdən çəkinməyəsən. Çünki torpaq qayğı sevir. Onun nazını çəkənin zəhmətini isə birə-beş qat artıqlaması ilə ödəyir.

Son olaraq

Kənddə gördüklərim qəlbimi fərəh hissləri ilə doldurdu. Çünki kəndin bir neçə il əvvəlki görkəmindən əsər-əlamət qalmayıb. Gözəlliyi ilə insanı ovsununa alan bu qədim yurd yeri müasir yaşayış məntəqəsinə çevrilib.
Hər yeri yaşıl dona bürünmüş Mahmudobadan aldığım birgünlük təəssürat belə oldu. Bundan əvvəlki yaşayış məntəqələrində yaşadığım hisslər bir daha təzələndi, doğma Naxçıvanımızın belə sürətli inkişafı fonunda kənd yaşayış məntəqələrinə xüsusi qayğı göstərilməsi məndə xoş duyğular yaratdı. Belə bir məmləkətdə yaşamağın sevincini bir daha yaşadım. Yadıma Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bu sözləri düşdü: “Müstəqillik, inkişaf, sabitlik, dövlətin və xalqın birliyi böyük nemətlərdir. Bunları qorumaq üçün isə yaxşı işləməli, yaxşı çalışmalı, nailiyyətlərimizin üzərinə günü-gündən yeni nailiyyətlər gətirməliyik ki, qurulanlar, yaradılanlar möhkəmlənsin, qarşıda duran planlarımız isə həyata keçsin. Bunun üçün isə ölkəmizdə hər bir şərait vardır”.

Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR