Culfa rayonunda Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun və Culfa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Pensiya siyasəti, sosial sığorta qanunvericiliyi, sosial sığorta sistemində fərdi uçotun tətbiqi” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbiri Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini Nazim İmaməliyev açmışdır.
Sonra Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun şöbə müdirləri Yaşar Məmmədov, İsmayıl Həsənov, baş məsləhətçi Ağa Həsənov çıxış edərək sosial sığorta qanunvericiliyi, məcburi dövlət sosial sığorta haqlarının onlayn ödəmə sistemi vasitəsilə ödənilməsi, sosial sığorta sistemində fərdi uçotun tətbiqi ilə bağlı əmək pensiyaları haqqında qanunvericiliyin tətbiqi, pensiyaların təyinatı və ödənişinin müasir üsullarla həyata keçirilməsi barədə tədbir iştirakçılarına məlumat vermişlər.
Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən 22 adda elektron xidmət göstərilməsi məqsədilə fondun www.dsmf.nakhchivan.az saytında müvafiq bölmələr yaradılmışdır. Belə elektron xidmətlərindən biri də məcburi dövlət sosial sığorta haqlarının onlayn ödənilməsi xidmətidir. Bu sayta daxil olmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və torpaq mülkiyyətçiləri plastik kartlar vasitəsilə məcburi dövlət sosial sığorta haqlarını tam şəkildə ödəyə bilərlər.
Sonra Culfa rayonunda sığorta-pensiya sistemi ilə əlaqədar görülən işlər haqqında Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Culfa Rayon Şöbəsinin müdiri Vüsal Məmmədzadə tədbir iştirakçılarına məlumat vermişdir.
Sonda yeni əmək fəaliyyətinə başlayan bir qrup vətəndaşa onların fərdi uçot sistemində qeydiyyata alındığını və onlar üçün fərdi şəxsi hesab açıldığını təsdiq edən sosial sığorta şəhadətnaməsi verilmişdir.
Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti