BMT Baş Assambleyasının 1993-cü ildə qəbul etdiyi qərara əsasən, 1994-cü ildən başlayaraq 15 may günü hər il dünyada “Beynəlxalq Ailə Günü” kimi qeyd olunur. Bu münasibətlə Yeni Azərbaycan Partiyası (YAP) Naxçıvan Şəhər Təşkilatının Qadınlar Şurası tərəfindən “Milli ailə modeli: Naxçıvanda tarixi ənənə və ağsaqqallıq institutu” mövzusunda dəyirmi masa təşkil edilmişdir.
Dəyirmi masanı giriş sözü ilə açan YAP Naxçıvan Şəhər Təşkilatı Qadınlar Şurasının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Yazgül Rzayeva qeyd etmişdir ki, Azərbaycan xalqı özünün milli-mənəvi dəyərləri əsasında formalaşdırdığı ailə modelini əsrlərin sınağından keçirərək bu gün də müasir cəmiyyətin əsas özəyi kimi qoruyub saxlaya bilmişdir. Ölkəmizdə ailəyə daim müqəddəs ocaq kimi yanaşılmış, ailə sahibi olmaq, övlad böyüdüb tərbiyə etmək ən mühüm insanlıq vəzifələri sayılmışdır. Bu mənada xalqımıza məxsus ən gözəl xüsusiyyətlərdən biri olan böyüyə, ağsaqqala hörmətlə yanaşmaq ənənəsi bütün ailələrimizdə bu gün də qorunub saxlanılan mühüm milli-mənəvi dəyərlərimizdəndir.
Dəyirmi masada iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin, Vəkillər Kollegiyasının, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının, Naxçıvan Şəhər Statistika İdarəsinin nümayəndələri, YAP Naxçıvan Şəhər Təşkilatı Şurasının, Qadınlar Şurasının üzvləri, fəal ictimaiyyət nümayəndələri olan qadınlar mövzu ətrafında maraqlı fikirlər səsləndirmişlər. Qeyd edilmişdir ki, müasir inkişaf mərhələsində xalqımıza məxsus olan ailə dəyərləri qorunub saxlanılmalı, ailənin müqəddəsliyi hifz edilməlidir. Bu gün Naxçıvan Muxtar Respublikasında dövlət səviyyəsində ailələrin mənafeyinin qorunması, gənc ailələrin sosial problemlərinin həlli, uzunömürlü ailələrə daim qayğı ilə yanaşılması artıq ənənə halını almışdır. Bu qayğı həm də yeni nəslin milli ailə modelinin yüksək mənəvi keyfiyyətlər aşılayan nümunəsində tərbiyə edilməsi perspektivini nəzərdə tutur.
Dəyirmi masaya YAP Naxçıvan Şəhər Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Elman Cəfərli yekun vurmuşdur.
Xəbərlər şöbəsi