22 Dekabr 2024, Bazar

Mayın 15-də Beynəlxalq Ailə Günü münasibətilə Naxçıvan şəhərindəki “Təbriz” mehmanxanasında tədbir keçirilib. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə muxtar respublikanın müxtəlif təbəqələrindən olan nümunəvi ailələr iştirak ediblər.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov, əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış ediblər. Çıxışlarda bildirilib ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 1993-cü ildə hər il mayın 15-nin “Beynəlxalq Ailə Günü” kimi qeyd olunması barədə qərar qəbul edib. Məhz həmin tarixdən etibarən hər il may ayının 15-i bütün dünyada “Beynəlxalq Ailə Günü” kimi qeyd olunur.

Vurğulanıb ki, ailə dəyərləri hər zaman xalqımızın milli düşüncəsində ən yüksək yer tutub. Buna görə də uzaq keçmişdən ölkəmizdə ailənin qurulmasına mühüm hadisə kimi yanaşılıb, onun təməlinin möhkəm olmasına çalışılıb. Ötən əsrin 70-ci illərindən başlayaraq xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən ailə dəyərlərinin də daxil olduğu milli dəyərlərimizin qorunub-yaşadılması diqqət mərkəzində saxlanılıb. Müstəqilliyimizin bərpasından sonra isə ölkəmizdə ailə problemlərinin həlli istiqamətində mühüm tədbirlər həyata keçirilib, müvafiq qanunvericilik bazası yaradılıb.
Qeyd olunub ki, bu gün muxtar respublikamızda dövlət ailə siyasəti uğurla həyata keçirilir. Hazırda muxtar respublikada 92 min 631 ailə yaşayır və bütün kateqoriyadan olan ailələr hərtərəfli diqqət və qayğı ilə əhatə olunublar. Ailələrin sosial rifahının yaxşılaşdırılması üçün müxtəlif meyarlar üzrə müavinətlər, ünvanlı sosial yardımlar təyin olunur. Gənc ailələrin mənzilə olan ehtiyaclarını təmin etmək üçün yeni yaşayış binaları tikilir. Bundan əlavə, muxtar respublikada yaşayan uzunömürlü ailələrin yubileyləri qeyd edilir, onlara müxtəlif hədiyyələr verilir.
Tədbirdə iştirak edən ailələrin nümayəndələrinin ürək sözləri dinlənilib, onlara hədiyyələr paylanılıb.
Sonra Beynəlxalq Ailə Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu tərəfindən orta ixtisas və ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən “İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda yazı və rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb. Yazı müsabiqəsi üzrə Naxçıvan Özəl Universitetinin tələbəsi Şahnaz Seyidova III, həmin universitetin digər tələbəsi Nərmin Mərdanlı II, Naxçıvan Müəllimlər İnstitutunun tələbəsi İnci Əsgərzadə I yerə; eyniadlı rəsm müsabiqəsi üzrə Naxçıvan Dövlət Texniki Kollecinin tələbəsi Könül Mərdanova III, Naxçıvan Dövlət Universitetinin tələbələrindən Turanə Hüseynova II, Fatma Məmmədli isə I yerə layiq görülüblər. Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıb.
Tədbirdə Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin “Şəlalə” instrumental ansamblının, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının mahnı və rəqs qrupunun, nümunəvi musiqiçi ailələrinin və Naxçıvan şəhərindəki 3 nömrəli uşaq bağçası fidanlarının ifa və çıxışları alqışlarla qarşılanıb.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR