18 May 2024, Şənbə

“Oğlumun nağılları, yaxud bizim həqiqətlərimiz” silsiləsindən 6-cı nağıl

Ötən həftəsonu idi. Ailəlikcə ata ocağına – Kəngərli rayonunun Yurdçu kəndinə gedirdik. Şəhərdən yenicə çıxmışdıq. Avtomobilimiz Əliabad qəsəbəsini keçib üzüyuxarı gedəndə qızım yolun sol tərəfindəki yaşıllıqların arasındakı rəngbərəng gülləri göstərərək – ordakı güllüklərə baxın (öz aləmində ayrı-ayrı gülləri nəzərdə tuturdu), – deyə hamımızı əmrinə tabe etdirdi. Qızımın özünəməxsus sevincinə şərik olandan sonra öz-özümə uca səslə, – bir vaxtlar buralar küllük idi, indi bunları görüb heyrətlənirsən, lap nağıl kimi gəlir adama, – dedim.
Oğlum nağıl sözünü eşitcək mənə tərəf çevrilib uzun-uzun mənalı-mənalı üzümə baxdı. O müddətdə artıq hər şeyi qərarlaşdırmışdıq. Bu gecə oğluma danışacağım nağıl bu barədə olacaqdı. Mənzil başına çatana kimi nağılın süjetini qurmuş, adını da düşünmüşdüm: “Küllüklər və güllüklər”.

Kəndə çatandan sonra oğlum həyətimizdəki müxtəlif meyvə ağaclarının altında, sərin havada doyunca oynayıb yorulmuşdu.
Gecə düşüb yatmaq zamanı gələndə nağıla çevrilən daha bir uşaqlıq həqiqətlərimi nağıl eləməyə başladım.

*    *    *

Bir vaxt vardı, heç nə yoxdu.
Balaca kənddəki sənin kimi balaca bir uşağın dostlarına çevrilən böyük ağaclar vardı. Axşamçağı kölgəsində oynadığın o ağacların heç biri yox idi. Onların yerində daha böyük ərik, alma, gilənar, armud və digər ağaclar Günəşə boylanırdı. Bir gün elə bir zəmanə gəldi ki, həmin balaca oğlan qışda üşüməsin, soyuqdan donmasın deyə, valideynləri o böyük ağacları kəsib qış uzunu yandırmışdılar. Hər ağac kəsiləndə də o balaca oğlan göz yaşlarını silə-silə seyr eləmişdi bu acı mənzərəni.
Hətta o vaxt nəinki onlar, qonum-qonşu, bütün kənd, hətta qonşu kəndin, bütün o mahalın insanları həyətdəki ağaclarını kəsib yandırmışdılar. Tərslikdən o illərdə qış da sərt gəlmişdi, şaxtalı günlərin sayı daha çox idi. Belə olan halda insanlar məcbur qalaraq nəinki öz həyətyanı sahələrindəki ağacları kəsmişdilər, hətta kənd yollarının kənarlarında salınmış bağları yerlə-yeksan eləmişdilər, magistral yolların kənarındakı meyvə və meşə ağacları soyuqdan donmaq istəməyən insanların əllərindəki baltaların, mişarların önündə ayaq üstə durmağı bacarmamışdılar.
O zamanlar Naxçıvan şəhərinin küçələrində, yol kənarlarında, ayrı-ayrı parklarında ağaclar göz yumulmadan, heç nəyə əhəmiyyət verilmədən kəsilirdi.
Ən pisi də o idi ki, heç kim həyətinin, kəndinin, rayonunun, lap elə doğmaca şəhərinin, yaşadığı küçənin qayğısına qalmırdı, təmizliyinə fikir vermirdi. İnsanlardakı ruh düşkünlüyü, gələcəyə olan inamın itməsi hər sahədə olduğu kimi, təmizlik sahəsində də özünü göstərirdi. Natəmizlik baş alıb gedir, səliqə-sahmandan əsər-əlamət görünmürdü. Bir növ, hər tərəf küllükxanaya çevrilmişdi.
Naxçıvan şəhərinin çıxacağındakı yol kənarları, şəhərin mərkəzindəki pərakəndə bazar və dükanların çevrələri, kənd yerlərində məhəllə araları küllük yerlərinə dönmüşdü.
Bu yerdə oğlumun dərin fikrə getdiyini gördüm. Növbəti sualla qarşılaşacağımı düşündüm. Ya­nılmamışdım. Danışdığım o natəmizlik səhnələrini gözlərinin önündə canlandıran oğlum, – bəs indi o küllüklər necə oldu ki, heç yerdə onlara rast gəlmək olmur? Əgər o ağaclar kəsilmişdisə indi niyə yenə hər tərəfdə, yol kənarlarında yamyaşıl ağaclar var, bağlar güllükdür? – deyə soruşdu.
Balaca oğluma, – böyüyəndə hamısını özün oxuyacaqsan, biləcəksən, daha yaxşı anlayacaqsan, – deyib sualın cavabından yayınmaq istədim.
Üzümə dikilən cavab gözləyən baxışları qarşısında davam elədim:
– O zamanlar, dediyim kimi, yoxsulluq, kasıblıq, nəzarətsizlik, qanunsuzluq hökm sürdüyü üçün hər kəs qurub-yaratmaqdan daha çox söküb-dağıtmağa məcbur idi. Amma zaman keçdikcə xalqını, millətini, torpağını, Vətənini sevən insanlar bu qarmaqarışıq zamandan, təlatümlü dövrdən xalqı da, torpağı da, Vətəni də çıxara bildilər.
İnsanların gələcəyə ümidi artdı, yaxşı yaşayışa həvəsi yarandı. Söküb-dağıtmağın yerini,Vətənini sevən ağıllı insanlar sayəsində qurub-yaratmaq əvəz elədi. Yol kənarlarında ağaclar əkilməyə başlandı, parklarda, istirahət guşələrində güllüklər salındı. Pərakəndə bazar-dükanlar müasir ticarət mərkəzləri ilə əvəzləndi. Natəmizlik yerini səliqə-sahmana təhvil verdi.

*    *    *

Oğlumun yuxuladığını görüb yazı masamın arxasına qayıtdım.
Səhərisi gün Günəş salxım söyüdün budaqları arasından şəfəqlərini yayanda həyətdəki ağacların altında oynayan oğlumun ağaclarla qeyri-adi təmasını gördüm. Sanki oğlum onlarla söhbət edirdi.
Fikrimdə yanılmamışdım. Axşamçağı şəhərə dönəndə, – dədə, artıq babamgilin həyətindəki ağacları kəsməyəcəyik, düzdü, – deməsi qarşısında, – Əlbəttə, – cavabını verdim. Oğlumun bu sualı kimi, daha sonra dedikləri də düşündürücü idi:
– Səhər o ağacların altında oynayarkən axşam sənin danışdıqlarını bir daha düşündüm. Nə yaxşı ki mən o vaxtın uşaqlarından olmamışam. Nə yaxşı ki indi o vaxtkı kimi bir zaman deyil. Bunu babamgilin ağaclarına da dedim. Dedim ki, sizi kəsməyəcəyik.
Nə yaxşı ki o zamankı küllüklər indi güllüklərə çevrilib.
Oğlumun son sözlərindən sonra maşının pəncərəsindən yol kənarlarındakı ağacları seyr edə-edə lap uzaqlara, uşaqlıq illərimə qayıtdım. Görəsən, oğlum danışdıqlarımın bizim uşaqlıq həqiqətlərimiz olduğunu anlayırmı? Görəsən, o, necə bir xoşbəxt zəmanədə yaşadığının fərqindədirmi?

Elxan YURDOĞLU

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR