22 Dekabr 2024, Bazar

“Mineral suların təbii muzeyi” adlandırılan Naxçıvanda 200-dən artıq mineral və müalicəvi su mənbəyi vardır ki, bunlardan da bir çoxu tərkibinə görə nadir sulardan hesab olunur. Böyük debitə malik olan yeraltı sərvətlərdən biri də Darıdağ arsenli mineral suyudur. Culfa şəhərindən 8-9 kilometr şimal-şərqdə, Darıdağın sıldırım yamacları arasında, dəniz səviyyəsindən 800-900 metr hündürlükdə yerləşən Şorsu dərəsində “Şəfa bulağı” adlanan əraziyə yaxınlaşdıqda quruculuq ərməğanlarının təbiət mənzərələri ilə həmahənglik təşkil etdiyi ecazkar bir mənzərə ilə qarşılaşırsan. Naxçıvan-Ordubad magistralından müalicəxanayadək olan avtomobil yolu asfalt-beton örtük salınmaqla yenidən qurulmuş, burada yeni bina tikilmiş, müalicə olunanların istirahəti üçün hərtərəfli şərait yaradılmışdır.
Darıdağ Arsenli Su Müalicəxanasının direktoru Zəfər Məmmədov deyir ki, 32 kəşfiyyat quyusundan və 5 bulaqdan ibarət olan arsenli su bir çox xəstəliklərin dərmanıdır. Darıdağ arsenli suyunun araşdırılması hələ 1830-cu ildə Q.Boskoboynikov, 1868-ci ildə Arxilov və Sulkidze tərəfindən aparılmış, 1928-ci ildə isə Lanqvaqren bu suyun geoloji kəşfi ilə yanaşı, kimyəvi tərkibini də öyrənmişdir.

Sonralar da Darıdağ suyunun kimyəvi, fiziki, balneoloji, müalicəvi və başqa xüsusiyyətləri Azərbaycan Elmi-Tədqiqat və Fiziki-Təbii Amillərlə Müalicə İnstitutunun, Azərbaycan Dövlət Tibb Universitetinin, Azərbaycan Milli Elmlər Akademiyasının Təbii Amillərlə Müalicə Bölməsinin əməkdaşlarından akademik M.Qaşqay, A.Qarayev, professor Ə.Əsgərov, M.Əfəndiyev, Ş.Həsənov və başqaları tərəfindən ətraflı öyrənilmişdir. Son dövrlərdə isə professor Ə.Musayev öz təcrübələrində aşkar etmişdir ki, Darıdağ arsenli isti suyunda müalicə olunan xəstələrin bir seans müddətinin 10-12 dəqiqədən artıq olması ürək qan damarlarının genişlənməsinə səbəb olar. Darıdağ suyu karbonqazlı, mərgümüşlü, yüksək minerallaş­dırılmış xlorlu-hidrokarbonatlı-natriumludur; Kudova (Polşa), Dürkgeym (Almaniya), Sineqorsk (Saxalin) sularının analoqudur. Lakin suyun tərkibindəki mineral duzların mütənasibliyinə görə Darıdağ suyu onlardan üstündür.
İnsan orqanizmində elə bir toxuma, üzv və sistem yoxdur ki, bu su ona müalicəvi təsir göstərməklə iş qabiliyyətinin bərpasına səbəb olmasın. Darıdağ suyu qanyaradıcı və qan dövranı üzvlərinin fəaliyyətinə müsbət təsir edərək periferik qanın morfoloji tərkibini yaxşılaşdırır – leykositlərin faqositoz qabiliyyətini artırır, qanazlığını aradan qaldırır. Həmçinin daxili ifrazat sistemini fəallaşdırır, vegetativ sinir fəaliyyətini gücləndirməklə mədə, qaraciyər, böyrək və ürək əzələsində mübadiləni sürətləndirərək onların funksional vəziyyətini normallaşdırır. Bu xüsusiyyətlərinə görə Darıdağ suyu mədə, öd kisəsi, qaraciyər və vegetativ sinir sistemi ilə əlaqəli başqa xəstəliklərin müalicəsində də geniş tətbiq edilir. Darıdağ suyunun maddələr mübadiləsinə təsirini öyrənən bir çox alimlər onun mübadilə pozğunluğundan yaranan artiritlərə müalicəvi təsirini sübuta yetirmişlər. Suyun təsirindən yaraların çirkdən tez təmizlənməsini, çətin sağalan yaraların qısa müddətə, həm də çapıqsız sağalmasını həkimlər onun antiseptik, faqositar və bakteriosit qabiliyyəti ilə əlaqələndirirlər. Müəyyən edilmişdir ki, mərgümüşün litium, brom, maqnezium, radioaktiv elementlər və başqa əhəmiyyətli maddələrlə müştərək təsiri maddələr mübadiləsinin bərpasına, periferik sinir sisteminin fəallaşmasına müsbət təsir göstərir.
Darıdağ suyundan hələ qədim zamanlardan kustar şəkildə sümük-oynaq, əzələ sistemi xəstəliklərində, o cümlədən “duzlaşma” adlanan patologiyalar və onun müxtəlif fəsadlarında geniş istifadə edildiyini bildirən müəssisə direktoru onu da qeyd etdi ki, 1978-ci ildən fəaliyyətə başlayan Darıdağ Arsenli Su Müalicəxanası 2005-ci ildə müasir tələblərə uyğun yenidən qurularaq istifadəyə verilmişdir. Həkim, müayinə otaqları və qapalı hovuzlardan ibarət olan müalicəxanada xəstələrin müayinəsi, müalicəsi və istirahəti üçün hərtərəfli şərait yaradılmışdır. Həkim və müayinə otaqları yeni mebel dəstləri ilə təchiz edilmiş, hovuzlarda döşəməyə mərmər plitələr düzülmüş, havalandırma və işıqlandırma sistemləri quraşdırılmışdır. Müalicəxanada sanitar-gigiyenik qaydalara ciddi əməl olunur, hovuzların vaxtında təmizlənməsi diqqət mərkəzində saxlanılır. 1080 metr dərinlikdən çıxan 5 nömrəli bulaqdan arsenli su borular vasitəsilə qadın və kişilər üçün ayrı-ayrı qapalı hovuzlara nəql edilir. Bulağın gözündə suyun hərarəti 52 dərəcə, vannalarda isə 37-41 dərəcə olur. Burada arsenli su vannası qəbul etməklə revmatik, dəri, əzələ, sinir və dayaq hərəkət sistemləri xəstəliklərinin ambulator müalicəsi aparılır. Müalicə müddəti gündə 10-12 dəqiqə olmaqla, 12-14 gündür. Darıdağ suyunun müvafiq qaydalara uyğun şəraitdə qablaşdırılmış və qurudulmuş formaları öz kimyəvi sabitliyini (tərkibini) saxladığı üçün mənbədənkənar müalicə müəssisələrində, hətta ev şəraitində də istifadəsinin mümkünlüyü onun dəyərini daha da artırır.
Bu tibb ocağında müalicə olunan insanlarla da həmsöhbət olduq. Bakı şəhər sakini Nazim Qəhrəmanov aşağı ətraflarda şiş, dəridə ləkə, ağız boşluğunda diş ətinin qanaxmasından əziyyət çəkdiyini və ikinci ildir ki, bu müalicəxananın xidmətlərindən istifadə etdiyini, müalicənin yaxşı nəticə verdiyini bildirdi. Sumqayıt şəhər sakini Nərminə Bayramova isə dedi ki, oynaq ağrıları ilə əlaqədar birinci dəfədir, buraya gəlirəm. Üçüncü gündür, vanna qəbul edirəm. İlkin nəticələrə görə, səhhətimdə olan problemlərin tezliklə aradan qalxacağına inanıram. Söhbətimizə qoşulan digər müalicə olunanlar da yaradılan şəraitə, göstərilən qayğıya görə minnətdarlıqlarını bildirdilər. Onu da qeyd edək ki, müalicəxananın xidmətlərindən təkcə ölkə vətəndaşları deyil, Türkiyə, İran, Rusiya, Ukrayna və Qazaxıstan respublikalarından gələn xəstələr də istifadə edirlər. Təbii ki, müalicəxanaya müraciət edənlərin sayı ildən-ilə artır. Bu məqsədlə müalicəxanada cari təmir işləri aparılmış, tibb ocağının ətrafına müxtəlif meyvə tingləri əkilmiş, buraya müraciət edənlərin daha yaxşı müalicəsi və istirahəti üçün hər cür şərait yaradılmışdır.

Kərəm HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR