22 Dekabr 2024, Bazar

Dünyanın müxtəlif ölkələrində göbələklərdən istifadə xalqların adət və ənənələri ilə bağlı olmuşdur. Son 30-40 ildə yeməli göbələklərin öyrənilməsi və süni yolla artırılmasına maraq artmışdır. Yeməli göbələklərin tərkibində zülallar, karbohidratlar, yağlarla yanaşı, müxtəlif vitaminlər, mikroelementlər, bioloji aktiv maddələrin olduğu aşkar edilmişdir.

Yüz minə yaxın növü olan göbələklərə qızmar tropik ölkələrdən, səhralardan tutmuş uzaq şimal qütbünə qədər hər yerdə rast gəlmək olar. Göbələklər fizioloji funksiyası, xarici görünüşü və ölçüsünə görə müxtəlifdirlər. Ayrı-ayrı göbələk qrupları arasındakı kəskin müxtəlifliyə baxmayaraq, onlarda oxşar əlamətlər çoxdur. Əsas əlamətlərdən biri budur ki, göbələklər heterotrofdurlar, yəni onlarda xlorofil olmadığı üçün yaşıl bitkilər kimi üzvi maddə hazırlaya bilmirlər. Ona görə də onlar üzvi maddələri yaşadıqları mühitdən parazit və ya saprofit yolla alırlar.
Aparılan tədqiqatların nəticələri göstərir ki, Naxçıvan diyarında göbələklərin yayılma arealı və istifadəsi XI əsrə təsadüf edir.

Göbələklə bağlı muxtar respublika ərazisində müşahidələr apardıq. Aydın oldu ki, burada geniş yayılan onlarla dadlı və qida əhəmiyyətli göbələk növləri vardır. Onların əksəriyyəti yerli əhali tərəfindən istifadə olunmaqdadır.
Maraqlı bir faktı qeyd edək ki, göbələklər bitki və heyvan qalıqlarını parçalayıb minerallaşdırmaqla təbiətdə mühüm sanitar vəzifə yerinə yetirirlər.
Hörmətli oxucular, bu yazıda məqsədimiz göbələyin muxtar respublikamızda geniş yayılan yeməli, zəhərli növləri və onların bioloji xüsusiyyətləri ilə sizi yaxından tanış etməkdir.
Göbələklərin yeməli və zəhərli növləri əsrlər boyu nəsillərin təcrübəsindən, sınağından çıxmaqla müəyyən olunmuşdur. Göbələyin muxtar respublika ərazisində bir sıra yeməli növləri mövcuddur.

Göbələyin zəhərli növlərinin xüsusi əlaməti varmı?

Zəhərli növlərin yeməlilərə nisbətən çox-çox az olmasına baxmayaraq, onlara hər yerdə rast gəlmək olar. Bu səbəbdən bəzən təcrübəsiz göbələk həvəskarlarının qazanında zəhərlilər də bişirilir.
Müxtəlif yerlərdə bəzən belə fikir yürüdülür ki, guya zəhərli növləri yeməlilərdən ayırmağın xüsusi üsulları vardır. Məsələn, göbələk kəsildikdə rəngi göyərirsə, guya, bu növ mütləq zəhərlidir. Belə bir fərziyyə də yürüdülür ki, zəhərli göbələklər yeməli növlərdən fərqli olaraq qurd salmır, südü çürüdür, həm də belə göbələklərlə bir qazanda bişən baş soğan və sarımsağın, habelə bu qazana salınmış gümüş qaşığın rəngi qaralır və sair. Deyilənlərin təhlükəli cəhəti budur ki, onlara əməl edilməsi ağır zəhərlənmələrin baş verməsi ilə nəticələnə bilər. Göbələk olan qazanda gümüş qaşıqların qaralması burada kükürdlü amin turşularının təsiri nəticəsində olur. Belə turşular həm zəhərli, həm də yeməli göbələklərdə ola bilər.
Buna görə ən etibarlı üsul tanış olmayan göbələkləri yığmamaqdır.

Göbələklə zəhərlənmə

İnsan orqanizminə təsir xarakterinə görə zəhərli göbələkləri 3 qrupa bölürlər.
I qrupa, əsasən, mədə-bağırsaq pozğunluğu əmələ gətirən göbələklər daxil edilir. Respublikamızda rast gəlinən belə növlərə sarıdərili şampiyon, yalançı kötükçələr, itipulcuqlu lepiota, amanita və alakövrəklərin bəziləri aiddir. Belə göbələklər yeyildikdən 1-2 saat sonra zəhərlənmə əlamətləri özünü göstərir. Bu zaman ürəkbulanması, qarın nahiyəsində ağrılar, tərləmə, qusma, ishal, bəzən ürək getməsi halları baş verir.
II qrupa yeyildikdə əsəb sisteminə təsir edən göbələklər daxildir. Buraya qırmızı və panterli amanita, ağımtıl və ağarmış klitosibe, teltelli və psilosibe cinslərinin bir neçə növü daxildir. Bu növlərdə olan zəhərli maddələr qan təzyiqini oynaq vəziyyətə gətirir, halsızlıq və qusma halları baş verir.
III qrupa zəhəri bilavasitə qana təsir edən göbələklər daxildir ki, bu cür növlərlə zəhərlənmə çox vaxt ölümlə nəticələnir. Dünyada çox geniş yayılmış solğun amanita və bu cinsin daha iki növü belə göbələklərdəndir.
Ekspedisiyalar zamanı aydınlaşdırdıq ki, Naxçıvan Muxtar Respublikasının inzibati ərazisində zəhərli göbələklərə çox az təsadüf olunur. Bəlkə də, buna görədir ki, ölkə bazarında Naxçıvan göbələyinin özünəməxsus yeri vardır.

Bunları bilmək faydalıdır

Yadda saxlamaq lazımdır ki, bütün, hətta ilk baxışda yüngül görünən göbələk zəhərlənmələrində mütləq həkim çağırılmalıdır. Göbələk zəhəri çox vaxt qan dövranında və ürək fəaliyyətində həyat üçün təhlükəli olan ciddi pozğunluqlar əmələ gətirə bildiyindən xəstə özünü heç bir gərginliyə salmamalı, hətta xəstəxanaya belə, özü getməməli, nəqliyyatla aparılmalıdır. Həkim gələnə qədər xəstəyə mütləq ilk yardım göstərilməlidir. Zəhərlənmiş adamın sağlamlığı, hətta həyatı çox vaxt vaxtında edilən ilk tibbi yardımdan asılı olur. Ən əvvəl mədə və bağırsağın zəhərli maddələrdən təmizlənməsi üçün bütün vasitələrdən istifadə edilməlidir. Mədəni yumaqdan ötrü xəstəyə 4-5 stəkan qaynadılmış ilıq su, sodalı su (1 stəkana 1 çay qaşığı qədər çay sodası tökülür), yaxud kalium permanqanatın zəif, azca cəhrayılaşan məhlulu içirdilməlidir.
Zəhərlənmə zamanı xəstə qəti olaraq spirtli içki içməməlidir; damarları genişləndirən spirtli içki göbələk zəhərinin sorulmasını daha da tezləşdirir. Xəstənin vəziyyətini yüngülləşdirməkdən ötrü qarın nahiyəsinə, ayaqlarına isti əşyalar (kərpic, qaynar su tökülmüş butulka və sair) qoymaq lazımdır. Bütün bunlara baxmayaraq, zəhərlənən insan mütləq xəstəxanada həkim nəzarətində müalicə olunmalıdır.
Göbələklərdən düzgün istifadə etmək üçün onları yaxşı tanımaq önəmlidir.

Əsgər HƏSƏNOV
Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR