Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası müxtəlif ölkələrin ictimaiyyətinin diqqətini ailələrin çoxsaylı problemlərinin həllinə yönəltmək məqsədilə 1993-cü ildə 15 mayın “Beynəlxalq Ailə Günü” kimi qeyd olunması barədə qərar qəbul etmişdir. Həmin tarixdən etibarən hər il may ayının 15-i “Beynəlxalq Ailə Günü” kimi qeyd olunur.
Muxtar respublikada aparılan uğurlu sosial siyasətin əsas məqsədlərindən biri də ailələrin rifah halını yaxşılaşdırmaqdır. Bunun üçün yeni iş yerləri açılmış, iqtisadi islahatlardan əldə edilən gəlirlər hesabına sosial proqramlar genişləndirilmiş, nəticə etibarilə, əhalinin sosial müdafiəsi daha da gücləndirilmişdir.
15 may – Beynəlxalq Ailə Günü ərəfəsində Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin birgə təşkilatçılığı ilə Ordubad rayonunun Üstüpü kəndində yaşayan çoxuşaqlı aztəminatlı Ələkbər Məmmədovun ailəsi ilə görüşün keçirilməsi ailənin sosial müdafiəsini gücləndirmək məqsədi daşıyırdı. Adıçəkilən qurumların əməkdaşları çoxuşaqlı ailənin yaşayış vəziyyəti ilə maraqlanmış, ailə üzvləri tibbi müayinədən keçirilərək onlara dərman preparatları və ərzaq payı verilmişdir.
Xüsusi qayğıya ehtiyacı olan ailənin üzvləri diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.
Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti