22 Dekabr 2024, Bazar

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qərarı ilə 1992-ci ildən etibarən hər il mayın 5-i dünyada “Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü” kimi qeyd olunur. Bu günün qeyd olunmasında məqsəd beynəlxalq ictimaiyyətin diqqətini əlilliyi olan insanların hüquqlarının müdafiəsinə yönəltmək, onların cəmiyyətə inteqrasiyasını gücləndirməkdən ibarətdir.

Azərbaycan Respublikasının Konstitusiyasında vətəndaş hüquq və azadlıqları, o cümlədən sosial təminat hüququ dövlətin ali məqsədi kimi təsbit edilmişdir. Konstitusiyanın 38-ci maddəsində hər kəsin qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını və əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malik olduğu təsbit olunmuşdur.

Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə əlillərin hüquqlarının müdafiəsi istiqamətində ardıcıl tədbirlər görülmüş, bu sahədə dövlət siyasətinin həyata keçirilməsi üçün zəngin qanunvericilik bazası yaradılmışdır. Ulu öndərin müəyyənləşdirdiyi siyasi xətt bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illər ölkəmizdə əlillər, o cümlədən sağlamlıq imkanları məhdud uşaqlar üçün bərabər imkanların yaradılması, onların sosial müdafiəsinin gücləndirilməsi, habelə cəmiyyətə fəal inteqrasiyasının təmin edilməsi məqsədilə bir sıra normativ-hüquqi aktlar qəbul edilmişdir. “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu bu kateqoriyadan olan insanların reabilitasiyasına, ictimai həyatın bütün sahələrində fərdi qabiliyyətlərinə və maraqlarına müvafiq fəaliyyət göstərmələri üçün hüquqi təminat yaradır.
Bu gün ölkəmizdə əlillərin pensiya, təqaüd və müavinətlərinin məbləğinin artırılması, həmçinin yeni təqaüd və müavinətlərin təsis edilməsi sosial siyasətin əsas istiqamətidir. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 mart tarixli “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqa­üdü”nün artırılması, “Əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstə­liyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi barədə fərmanları bu baxımdan mühüm əhəmiyyət kəsb edir.
Naxçıvan Muxtar Respublikasında da əlillərin və sağlamlıq imkanları məhdud uşaqların hüquqlarının təmin edilməsi, onların sosial müdafiəsi və cəmiyyətə fəal inte­qrasiyası istiqamətində davamlı tədbirlər həyata keçirilir. Müvafiq kateqoriyadan olan məhdud fiziki imkanlı şəxslərin mənzil və fərdi yaşayış evi ilə təmin olunması, sağlamlıq imkanları məhdud şəxslərin müxtəlif texniki-bərpa vasitələri və protez-ortopedik məmulatlarla təmin edilməsi, onların sağlamlıqlarının bərpası istiqamətində tədbirlərin görülməsi daim diqqət mərkəzindədir. Bu gün tənha yaşayan, başqasının köməyinə ehtiyacı olan məhdud fiziki imkanlı şəxslərə evdə sosial məişət xidmətinin göstərilməsi, habelə onların məşğulluğunun və asudə vaxtlarının səmərəli təşkili istiqamətində intensiv tədbirlərin həyata keçirilməsi bu kateqoriyadan olan şəxslərin həyat səviyyəsini yüksəltmiş, onların sosial reabilitasiyası üçün geniş imkanlar yaratmışdır.
Məhdud fiziki imkanlı şəxslərə göstərilən sosial xidmətin əsas istiqamətlərindən biri onların tibbi reabilitasiyalarının təşkilidir. Naxçıvan Muxtar Respublikasında bu məsələ daim diqqət mərkəzində saxlanılır. 2013-cü il ərzində Naxçıvan Əlillərin Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud 227 nəfərin, Naxçıvan Uşaq Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud 253 uşağın, məhdud fiziki imkanlı 9 nəfərin, sağlamlıq imkanları məhdud 16 uşağın Ukrayna Respublikasının reabilitasiya müəssisələrində müalicələri təşkil edilmiş, 105 nəfərə isə respublikamızın sanatoriyalarında müalicələri üçün göndərişlər verilmişdir. Həmçinin məhdud fiziki imkanlı 45 nəfərin, o cümlədən sağlamlıq imkanları məhdud 35 uşağın Ağbulaq İstirahət Mərkəzində istirahətləri də təşkil olunmuşdur. Bununla yanaşı, sağlamlıq imkanları məhdud şəxslərin həyat fəaliyyətini yaxşılaşdırmaq məqsədilə 345 nəfərə müxtəlif texniki reabilitasiya vasitələri, 187 nəfərə protez-ortopedik, o cümlədən 73 nəfərə səyyar protez-ortopedik xidməti göstərilmiş, 54 nəfərin sosial məişət şəraitinin yaxşılaşdırılmasına, 28 nəfərin isə respublika daxilində müalicəsi ilə bağlı maddi köməklik göstərilmişdir. Müvafiq kateqoriyadan olan əlillərin yaşayış səviyyəsinin yaxşılaşdırılması da bu sahədə həyata keçirilən tədbirlərin prioritet istiqamətini təşkil edir. Müstəqilliyimizin bərpasından ötən dövr ərzində muxtar respublikada 188 müharibə əlili və şəhid ailəsi mənzil və fərdi yaşayış evi ilə təmin olunmuş, 349 müharibə əlilinə minik avtomobili verilmişdir.
Məhdud fiziki imkanlı şəxslərin sosial reabilitasiyası üzrə həyata keçirilən davamlı tədbirlər onların cəmiyyətə inteqrasiyalarına əsaslı zəmin yaratmışdır. Bu mənada Naxçıvan Regional İnformasiya Mərkəzində eşitmə və danışma məhdudiyyəti olanlar üçün daktilo əlifbası üzrə dərslər, görmə qabiliyyəti olmayanlar üçün brayl əlifbasının tədrisi üzrə kurslar təşkil olunmuş, görmə və eşitmə qabiliyyəti məhdud şəxslər üçün audio və elektron kitabxana xidməti istifadəyə verilmişdir. Həmçinin mərkəzdə daun sindromlu, ünsiyyət qurmaqda çətinlik çəkən, həmçinin zehni inkişafında və nitqində qüsurlar olan uşaqların reabilitasiyası məqsədilə kinekt oyunları otağı və defektoloji bölmə yaradılmışdır.
Hər il muxtar respublikada sağlamlıq imkanları məhdud şəxslər arasında xüsusi istedada malik olanların fərdi qabiliyyət və bacarıqlarını inkişaf etdirmək məqsədilə bədii yaradıcılıq müsabiqələri, rəsm və əl işlərindən ibarət sərgilər təşkil edilir, bədən tərbiyəsi və idmanla məşğul olmalarına şərait yaradılır. Ötən il sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqların iştirakı ilə “Naxçıvan tarixi abidələr diyarıdır” rəsm müsabiqəsinin, “Yurdumuzu tanıyırıq” bilik yarışının keçirilməsi, məhdud fiziki imkanlı rəssamların muxtar respublikamızın təbiətini tərənnüm edən rəsmlərinin Naxçıvan şəhərində keçirilən “Yay etüdləri“ sərgisində nümayiş etdirilməsi bu qəbildən olan tədbirlərdir.
Son illər muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası üzrə həyata keçirilən tədbirlər onların müasir tələblər səviyyəsində təhsil almasına və cəmiyyətin fəal üzvünə çevrilməsinə əlverişli şərait yaratmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı” da bu baxımdan mühüm əhəmiyyət daşıyır.
Muxtar respublikanın davamlı sosial-iqtisadi inkişafı məhdud fiziki imkanlı şəxslərin də sosial müdafiəsinin gücləndirilməsinə və onların həyat səviyyələrinin yüksəldilməsinə səbəb olmuşdur. Bu da əlillərin hüquqlarının daha da etibarlı qorunmasında başlıca şərtdir.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR