Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən məcburi dövlət sosial sığortası sahəsində maarifləndirici tədbirlərin keçirilməsi davam etdirilir. Növbəti maarifləndirici tədbir fondun Sədərək Rayon Şöbəsi tərəfindən keçirilmişdir. Tədbiri Sədərək Rayon İcra Hakimiyyətinin Ümumi şöbəsinin müdiri Samil Kazımov açaraq tədbirin əhəmiyyətindən danışmışdır.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin əməkdaşlarından Yaqubəli Vəliyev, Araz Musazadə, Elman Musayev və Elçin Əhmədov məcburi dövlət sosial sığortasının mahiyyəti və üstünlükləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinin əhəmiyyəti, sığortaolunanların fərdi uçot sistemi, əmək pensiyaları və sığortaolunanların pensiya təminatı hüququ ilə bağlı məsələlər barədə torpaq mülkiyyətçilərinə geniş məlumat vermişlər.
Qeyd olunmuşdur ki, vətəndaşlara təyin olunan pensiyanın miqdarı sığorta stajından və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının miqdarından asılıdır. Ona görə də hər bir vətəndaş yaşlı dövrünün maddi təminatının məsuliyyətini əmək fəaliyyəti göstərdiyi vaxtdan düşünməli, harada çalışmasından asılı olmayaraq, işləməyə başlayarkən, ilk növbədə, əmək müqaviləsi bağlanmasını təmin etməli, aldığı əməkhaqqının tam məbləğdə əməkhaqqı cədvəlində göstərilməsinə çalışmalı, işlədiyi dövrlər üçün işəgötürən tərəfindən məcburi dövlət sosial sığorta haqlarının tam miqdarda ödənilməsinə şəxsən maraqlı olmalıdır.
Vurğulanmışdır ki, əmək fəaliyyəti dövründə işləyən vətəndaşların sosial sığorta haqlarından yayınması onları gələcəkdə əmək pensiyası hüququndan və digər sosial sığorta hadisələri zamanı sosial sığorta ödəmələrindən məhrum etmiş olacaq.
Tədbirin sonunda torpaq mülkiyyətçilərini maraqlandıran suallar cavablandırılmışdır.
Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti