22 Dekabr 2024, Bazar

Araz çayının axarı boyunca yol gedirdim: yan-yörəmdə yalçın qayalar, bu yerlərin yay vədəsində Günəş şüasından yanıb-yaxılmış cadar-cadar dağlar, quzeyində kırs bağlayan qar təpələri, güneyində sürü-sürü otlayan, bu qayadan o qayaya atılan, sıldırımları eyninə almayan dağ keçiləri, bir tərəfimdəsə şıltaq uşaq kimi atılıb düşən, bu sahildən o sahilə, o sahildən bu sahilə hay-küylə çırpınan Araz. Yolum Ordubadın bu istiqamətindəki sonuncu kəndi olan Kotamadır. Əlbəttə ki, sonuncu kənd deyil, ondan sonra Kilid gəlirdi, sonra Zərəni gəlirdi. İndi o kəndlərdə yaşayan yoxdur. Niyə yoxdur, səbəbini deyim: sovetlər dönəmində bu kənd­lərdə elektrik, qaz, telefon yox idi, insanlar Allah ümidinə buraxılmışdılar. Ona görə də ailələrin yavaş-yavaş daha rahat yerlərə köçü başlandı. Amma Vətən Vətəndir. İndinin özündə yaşlılar yenə dədə-baba yurdlarına baş çəkirlər, çobanlar sürülərini, naxırçılar naxırlarını bu həndəvərlərdə otarırlar, cavanlar bayram tonqallarını bu dağlarda qalayırlar; çünkü torpaq unudulmazdır, torpaq müqəddəsdir. Bilmirəm, kotamlı Zabit Həsənov hardan gəlib yadıma düşdü. Kotam kəndinin kolxoz sədri idi.

Lap yuxarıdan qərar gəlmişdi ki, Kotamın örüşlərinin bir qismini ayırıb versinlər ermənilərə. Yuxarıdan gələn qərarlara, göstərişlərə əməl etməməyə kimin hünəri vardı, danışıqsız-filansız imza atılmalı idi. Amma Zabit Həsənov bu qərara imza atmaqdan, qol çəkməkdən imtina elədi, hətta 3 gün öz kəndindən, ev-eşiyindən, ailəsindən qaçaq düşdü. Əvəzində nə oldu? Dedilər, o çəkməz, biz çəkərik, ermənilər də qol çəkdilər, bizim o vaxtkı məmurlar da qol çəkdilər. Zabit Həsən­ovun ürəyi buna tab eləmədi və dünyasını dəyişdi. Allah belə insanlarımıza rəhmət eləsin. Amin!
Kənddə “Kotam” sözünün mənasını kimdən soruşdumsa, başını buladı, yəni ki, bilmirəm. Amma kənd məktəbinin tədris işləri üzrə  direktor müavini Cabir İsmayılov bu yazının ərsəyə gəlməsində mənə çox yardımçı oldu, dedi ki, araşdırmışam, qədim türk toponimlərinə görə, dağlar arasında qərar tutan yaşayış bölgəsi deməkdir. Nə dərəcədə həqiqətdir, deyə bilmərəm, o var ki, Kotam elə zirvəsinə baxanda papaq düşürən dağların arasında qərar tutan və çox da böyük olmayan bir kənddir. Burada evlər dağ döşlərinə sığınıb və hamısı da çay daşından, dağ daşından tikilib. Nədən ki, Naxçıvan kəndlərinin xeyli hissəsində möhrədən, çiy kərpicdən hörülən evlər burda əl verməz, yazın, payızın leysan yağışları, qışın qar-boranı, çovğunu belə evləri tez bada verər. Kotam 2 yerə ayrılır: qədim Kotam, yeni Kotam. “Qədim Kotam” adlanan ərazi (buna köhnə Kotam da deyirlər) Araz çayından xeyli aralıda idi. 1956-cı ildən başlayaraq sakinlər aşağı enməyə, nisbətən geniş torpaqlarda ev-eşik salmağa başladılar. Ətrafdakı dağ-daşı, dərəni-düzü hesablasaq, Kotamın 2550 hektar ərazisi var. Oxucu elə düşünməsin ki, bu 2550 hektar ərazi yararlı torpaqlardır, xeyr, əksəriyyəti sıldırım qayalar, dağlar, yay vaxtı Günəşin qızmarından yanıb-yaxılan təpələr, bozumtul dağ döşləridir. Yazda, payızda leysan yağışlarından coşub-daşan Gənzə çayının Kotam kəndinə bir zərrə qədər də xeyir-bəhrəsi yoxdur. Amma elə düşünməyin ki, kotamlılar sudan korluq çəkirlər, əsla yox. Əvvəla kəndin yuxarı hissəsi dağların döşündən süzülüb gələn şərbət kimi bulaqlardan bəhrələnir, faydalanır. Dədə-baba torpağımız olan  Zəngəzur dağ silsiləmizin nə qədər əlçatmaz, quşqonmaz zirvələri Kotamı övlad kimi qoynuna alıb, bağrına basıb: Xorxat, Əlkar, Bəlgə, Dihin, Əcaha (bəlkə də, Əjdaha) və kotamlıların yüz illərdən, min illərdən üzübəri gələn ömür-günlərinə yazılan neçə-neçə belə dağları, zirvələri var.
Deyəsən, sözüm yarımçıq qaldı, yəni Kotamın ərazisi barəsindəki sözüm. Dedim ki, ərazi 2550 hektardır, bunun 2413 hektarı bələdiyyə torpaqlarıdır, 100 hektarı dövlət torpaqlarıdır, 19 hektarı xüsusi mülkiyyətdə olan torpaqlardır, 18 hektar da torpaq islahatı zamanı camaata verilən pay torpaqlarıdır. Və bu rəqəmlərin labirintində oxucu sual edə bilər ki, nə əcəb bələdiyyə özünə 2413 hektar götürüb, kənd adamına 18 hektar verilib? Əslinə qalsa, elə torpaqların hamısı kotamlılarındır, sadəcə olaraq, əkin-biçinə yararlı olanlar o qədərdir, qalanları, dediyim kimi, dağ-daşdır, az-çox da örüş sahəsidir. Bir halda ki, kənd adamının 250 başdan çox qaramalı, min başdan çox qoyun-quzusu, 800-900 arı ailəsi var, bu qədər var-dövləti 18 hektara necə sığıb-sığışdırmaq olar? Az qala bir məsələ də yadımdan çıxmışdı, Kotam kəndi 76 evdən, 125 təsərrüfatdan ibarətdir. 440 nəfər əhalisi var. İnsanlarının da əsas məşğuliyyəti əkinçilik, yəni bağçılıq, ondan sonra da heyvandarlıq, arıçılıqdır. Bəli, kəndin yuxarı hissəsi bulaq sularından istifadə edir, elə aşağı məhəllələr də həmçinin. Amma aşağı tərəfin həyət-bağçalarını suvarmaq üçün Araz çayı üzərində nasos stansiyası qurulub və bir sözlə, kotamlıların bir zərrə də olsun, nə əkin suyundan, nə də içməli sudan korluqları-filanları vardır. Belə olanda kotamlı təkcə mal-heyvan saxlamaqla, arıçılıqla məşğul olmur. Buranın özünəməxsus təbiəti var. Kotam dağlar arasına sığınan kənddir, yararlı torpağı da çox deyil, amma yararlı olanının qiyməti yoxdur. Məsələn, Ordubad bazarına gələn ordubadlı birinci Kotam əriyini, əncirini soruşacaq, ən çox da Kotam soğanını. Heç başqa meyvələri, tərəvəzləri də saydıqlarımdan geri qalmır. Hələ çöl-bayırında bitən şəfa bitkilərini bura qatmıram. Qurd dərəsi, Əsəri dərəsi, Uzun dərə, Dəmir dərəsi boyu gedəsən, çaşır, baldırğan, kəklikotu, yazağzı qazayağı, cacıq, Allah bilir, nələr-nələr səni məst edəcək. Kotamı qucaqlayan dağ-dərənin ətri, rayihəsi bir ayrı aləmdir. Elə buna görə də təbiətlə insanlar qol-boyundurlar, insanlar da təbiət kimi uzunömürlüdürlər. Məsələn, Şəhrud Qulam­ovun sinni 90-a yaxınlaşmaqdadır, Səkinə nənənin yaşı yüz biri keçib, bu yaşında da özünü idarə edir, nəvə-nəticələri ilə deyib-gülür. Budur, dağ kəndinin ab-havasının öz övladlarına bəxş elədiyi ömür payı, ömür sovqatı. Bir məsələni də xüsusi olaraq oxucunun nəzərinə çatdırmalıyam. Yaz fəsli Ordubada elə bil birinci olaraq Kotamdan gəlir. Ərik ağacları ilk dəfə burda çiçəkləyir, meyvə birinci burdan bazara çıxır. Bu məqamda, təxminən, 40 il bundan irəli bu kənd barədəki yazımın bir cümləsi yadıma düşdü: Yaz fəsli sanki Bakı-Naxçıvan qatarı ilə bizə gəlir və bu yaz qatarını ilk olaraq Kotam kəndi qarşılayır.
Ordubad şəhərinin aşağı hissəsində bir qəsəbə də yaranıb – Şəhriyar qəsəbəsi. Bura ilə işim yoxdur, əlbəttə ki, bura özgə bir yazının mövzusudur, amma ona görə qəsəbənin adını çəkdim, biləsiniz ki, Sadiq Əliyev həm Şəhriyar qəsəbəsinin, həm də Kotamın icra nümayəndəsidir.
O, Kotamı əlinin içi kimi tanıyır, kimin nə qədər qoyun-quzusu, arı ailəsi, mal-heyvanı var, hamısını sənə əzbər desin. Soruşanda ki, kənddə arıçılıqdan baş çıxaran kim var, dedi, Anar Həsənlinin adını yaz. 80 arı ailəsi var, Sabir Fərəcovun adını yaz, Nazim Həsənovu yaz, nə bilim, bir deyil, iki deyil, üç deyil. Bir halda ki, 76 evlik Kotamda azından 800-900 arı ailəsi var, deməli, kotamlıların hamısı arıçıdır, ona görə də Ordubad bazarında lap çox Kotam balını arıyıb-axtarırlar.
Yazımızın bir yerində dedik ki, bir köhnə (qədim) Kotam var, bir də təzə Kotam. Qədim Kotamın sakinləri oranı, bir növ, dədə-baba yurd yeri kimi saxlayırlar, örüş-otlaqların çoxu ordadır, təzə Kotam isə ayrı aləmdir. Hamının evində qazı, suyu, telefonu, elektrik enerjisi, xülasə, şəhərdə nə varsa, kənddə də onun kimi. Hər gün iki dəfə avtobus marşrutu işləyir, neçə-neçə evdə şəxsi avtomaşın var. Daha nə sayım, klubu var, kitabxanası var, feldşer-mama məntəqəsi var.
Kotamda çox səliqə-sahmanlı məktəb binası da var. 110 şagird yerlik məktəb binasının hər cür yüksək şəraiti, elektron lövhəli sinfi var. Məktəbdə, hələlik, 41 uşaq oxuyur.  Ötən dərs ilində məktəbi qurtaranlardan kim ali məktəbə qəbul üçün ərizə vermişdisə, demək olar ki, hamısı qəbul olunmuşdur. Tədris işləri üzrə direktor müavini Cabir İsmayılov kotamlıların dərsə, məktəbə, təhsilə olan həvəsindən ağızdolusu danışdı.
Xülasə, bu yazımda Kotamı nə göylərə qaldırmaq, nə dağlardan endirmək fikrindəyəm. Kotam dünyamızın min-min kəndlərindən biridir. Kənd özünün təmtərağı, mənəm-mənəm deyən aynabəndləri, çilçırağı, yolçunu yoldan edən bağ-bağçaları, nələri-nələri ilə ölçülüb biçilmir. Hər bir kənd özünün sakinləri, sahibləri, orda qərar tutub üzü minillərdən bəri məskən salıb yaşayan insanları ilə ölçülür, onların ədəb-ərkanları, dünyagörüşü, qonaqpərvərliyi, bir-birinə olan təmiz məhəbbəti ilə ölçülür. O qədər şan-şöhrətli kəndlər, şəhərlər var ki, saymaqla qurtarmaz, amma nə olsun, nə faydası, bir-birlərinin ölüsündən-dirisindən xəbər-ətərləri olmaz. Kotam isə mənim üçün bir kənd təsirini bağışlamadı. Kotam bir evdir – Arazın bu tayında göylərə meydan oxuyan dağların qoynuna sığınmış bütöv bir ev. Kotamlılar isə bu evin bəxtəvər ailə üzvləri.
Günəş hardan çıxır, harda batır, bunu qundaqdakı körpə uşaq da bilir, bu, əllaməlik deyil, amma yaz fəsli bizim tərəflərdə ilk dəfə Kotamda peyda olur. Ərik, şaftalı, gilənar, gilas, alça, armud ağacları ilk dəfə burda ağ, qırmızı, çəhrayı çiçəklərini açır. Kotam bu yerlərin yaz elçisidir. Əgər istəyirsinizsə, gedin, görün, Naxçıvanımızın daha bir füsunkar guşəsindən xəbərdar olun. Axı birinci özümüzü, öz yer-yurdumuzu tanımalıyıq: dünyanı tanımağa isə, Allah bilir, neçə ömür lazımdır?

Nurəddin BABAYEV
Azərbaycan Respublikasının əməkdar jurnalisti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR