22 Dekabr 2024, Bazar

Suyun yaradılışın vacib ünsürlərindən biri olduğunu bu gün kiməsə sübut etməyə ehtiyac yoxdur. Harada su varsa, orada həyat var. Bu təbii nemət insanların ehtiyaclarını ödəyən meyarlar içərisində ön sırada gəlir. Hələ uzaq keçmişdən insanoğlu harada bir su mənbəyi – bulaq, çeşmə, kəhrizlə qarşılaşıbsa, orada yurd-yuva salmışdır. Muxtar respublikamızda mövcud olan kəndlərin yerləşmə prinsiplərində ən başlıca səbəb su mənbələrinin yaxınlıqda olmasıdır. Zaman keçdikcə insanoğlunun suya ehtiyacı daha da artmış, ondan bir çox məqsədlər üçün istifadə olunmasına zərurət yaranmışdır. İndi sudan yalnız  əkin sahələrini suvarmaq, içmək və ya təmizlik məqsədilə istifadə edilməsini düşünmək sadəlövhlük olardı. Müasir həyatda insanlar ondan həm də elektrik enerjisi almaq, müxtəlif dərman preparatları hazırlamaq və sair məqsədlər üçün istifadə edirlər. Buna görə də təbii su ehtiyatlarının bərpası, ondan səmərəli istifadə edilməsi dövrün ən aktual məsələlərindən birinə çevrilmişdir.

Hamımıza yaxşı məlumdur ki, sakini olduğumuz Naxçıvan Muxtar Respublikası quru-kontinental iqlimə malikdir. Müxtəlif dövrlərdə olduğu kimi, müasir dövrdə də bəzən illik yağıntının az olması burada mövcud olan su mənbələrindən səmərəli və qənaətlə istifadə olunmasına zərurət yaradır. Nəzərə alaq ki, bu mənbələr illər keçdikcə təbii və texniki çirklənmələrə də məruz qalır. Ancaq etiraf etmək lazımdır ki, uzun illər bu sahədə müsbət nəticələrə nail olunmamış, su təminatı ilə bağlı məsələlər öz həllini tapmamışdır. Doğrudur, hələ keçmiş zamanlardan kəhrizlər qazdırmaq, yaşayış məntəqələrinə su xətti çəkdirmək bu qədim diyarın xeyirxah insanlarının savab əməllərindən sayılsa da, geniş həcmdə bu ehtiyacı ödəmək mümkün olmamışdır. Bu gün muxtar respublikamızda əhalinin həm içməli, həm də təsərrüfat suyuna olan tələbatının ödənilməsində mühüm layihələr həyata keçirilir. Bu sahədə görülən işlərin maraqlı tərəfi isə bundan ibarətdir ki, həyata keçirilən tədbirlərə kompleks yanaşma tətbiq edilir.
Qeyd edək ki, qədim Naxçıvan diyarı tarixi abidələri ilə yanaşı, həm də kəhrizləri ilə tanınmışdır. Tarixin müxtəlif dövrlərində bu diyarda yaşamış xeyriyyəçi insanlar tərəfindən kəhriz quyuları qazdırılmış və həmin kəhrizlər əhalinin içməli suya olan tələbatını qismən ödəmişdir. Qədim kəhrizlərə muxtar respublikanın bütün bölgələrində rast gəlmək mümkündür. Ancaq zaman keçdikcə bu kəhrizlər müxtəlif səbəblər üzündən baxımsız vəziyyətə düşmüşdür. Məhz belə bir vəziyyətdə muxtar respublikada kəhrizləri bərpa etməyə yönəlmiş layihələr, həm də bu layihələrə tətbiq edilən elmi yanaşma bu sahədə müsbət nəticələrin əldə edilməsinə səbəb olmuş, neçə-neçə kəhriz yenidən insanların içməli suya olan ehtiyacını ödəməyə davam etmişdir. Digər maraqlı, həm də qürurverici işlərdən biri odur ki, ölkəmizdə ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasında Kəhrizlər İdarəsi yaradılmış və Azərbaycan miqyasında ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasındakı kəhrizlərin coğrafi yayılması xəritəsi işlənmişdir. Mövcud peyk geodeziyası əsasında GPS sistemindən istifadə edilməklə tərtib edilən elektron xəritə vasitəsilə kəhriz sistemlərinin üçölçülü koordinatlarının alınması həyata keçirilmişdir. Ötən il adıçəkilən idarə tərəfindən 15 kəhrizdə təmir-bərpa işləri aparılmış, təmir işləri cari ildə də davam  etdirilir. Muxtar respublikada su təsərrüfatı sahəsində görülən işlər kəhrizlərlə məhdudlaşmır. Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin 2013-cü ildə həyata keçirdiyi tədbirlərə nəzər salsaq, görərik ki, ötən il 179,7 kilometr beton və torpaq kanallar, 110,5 kilometr kollektorlar, 493,5 kilometr ara arxları təmir edilərək işlək vəziyyətə salınmışdır. 6,3 kilometr kaptaj və drenaj tikilmiş, 930 metr kaptaj təmir olunmuşdur. 46,1 kilometr uzunluğunda içməli su xətti, 24,1 kilometr yeni təzyiqli boru xətti çəkilmişdir. Bütün bunlarla yanaşı, bu gün Naxçıvan Muxtar Respublikasında yeni hidrotexniki qurğuların tikilməsi və mövcud qurğularda yenidənqurma işlərinin aparılması da diqqət mərkəzində saxlanılır. Məsələn, ötən əsrin 60-cı illərindən istismar olunan Uzunoba Su Anbarının yenidən qurulmasına başlanılmışdır.
Muxtar respublikada aparılan meliorativ tədbirlərlə yanaşı, mövcud  su resurslarından istifadə olunaraq əhalinin ekoloji cəhətdən təmiz və dayanıqlı içməli su ilə təmin edilməsi istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. Hazırda Naxçıvan şəhərində və rayon mərkəzlərində istehlakçıların tələbatına uyğun içməli su və kanalizasiya sistemləri qurulur, bu sahədə müasir infrastruktur yaradılır. Bu istiqamətdə həyata keçirilən tədbirlərin nəticəsidir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regiona növbəti səfəri zamanı Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi istifadəyə verilmişdir. Ötən əsrin 60-70-ci illərində qurulmuş Naxçıvan şəhərinin içməli su sistemi, təbii ki, uzun müddət istismar olunduğundan əhalinin keyfiyyətli içməli suya olan tələbatını ödəmirdi. Buna görə də muxtar respublikanın paytaxtı Naxçıvan şəhərində və rayon mərkəzlərində içməli su və kanalizasiya sistemlərinin yenidən qurulmasına başlanılmışdır. Artıq Naxçıvan şəhərində və rayon mərkəzlərində tikinti işlərinin əsas hissəsi başa çatdırılmışdır. Yeni istifadəyə verilmiş kompleks Naxçıvan şəhərində 90 minə yaxın əhalini və sənaye obyektlərini gələcək perspektiv nəzərə alınmaqla fasiləsiz olaraq ekoloji cəhətdən təmiz su ilə təmin etmək imkanı yaradır. Naxçıvan şəhərinin içməli su sisteminin yenidən qurulması tədbirləri çərçivəsində inşa edilmiş kompleksdə ən müasir avadanlıqlar quraşdırılmışdır. Təmizləmə prosesində xammal kimi ozon və duzdan istifadə olunması isə suyun insan sağlamlığı üçün yararlılığına tam zəmanət verir. Tikintisinə 2012-ci ildə başlanılan kompleksə sutəmizləyici qurğu, inzibati bina və su anbarları daxildir. Laboratoriyada quraşdırılan müasir avadanlıq suyun tərkibinə gündəlik nəzarət etməyə imkan verir. Kompleksdə yeni tətbiq olunan nanosüzgəcli qurğu, ənənəvi qum süzgəclərindən fərqli olaraq, sudakı bütün zərərli mikrobları tutaraq saxlayır. Bununla da, su təbii mineral tərkibi saxlanılmaqla təmizlənir. Nanosüzgəcdən keçən su içməyə tam yararlı olur və emal zamanı onun xlordan istifadə etməklə zərərsizləşdirilməsinə ehtiyac qalmır. Suyun sərfinə, təzyiqinə, elektrik keçiriciliyinə və bulanıqlılığına idarəetmə mərkəzində quraşdırılan kompüterlə nəzarət olunur və iş prosesi avtomatik idarə edilir. Eyni zamanda yeni tikilmiş və ümumi tutumu 25 min kubmetr olan 3 su anbarının inşası zamanı hündürlük fərqinin nəzərə alınması şəhərin su təchizatının özüaxımlı rejimdə təmin olunmasına imkan verir. Qeyd edək ki, Naxçıvan şəhərində su və kanalizasiya sistemlərinin yenidən qurulması tədbirlərinin cari ildə başa çatdırılması nəzərdə tutulmuşdur.
Bəli, dövlətimiz tərəfindən həyata keçirilən bütün bu tədbirlərin ana xəttində vətəndaş amili dayanır. Əhalinin rahat, təhlükəsiz, sağlam yaşayışını təmin etmək üçün atılan addımlar həm də təbii sərvətlərdən düzgün istifadə imkanlarını artırır. Muxtar respublikada son illər enerji təhlükəsizliyinin təmin edilməsi baxımından su elektrik stansiyalarının mövcud imkanlarından maksimum yararlanmaq, tarixin heç bir dövründə əkin sahələri kimi istifadə olunmayan ərazilərə su xətlərinin çəkilməsi, tarix və mədəniyyətimizi su kimi aydın təqdim edən kəhrizlərimizə doğma münasibət bizi həm də aydın sabahlara doğru aparır. Axı su həm də aydınlıqdır.

Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR