Muxtar respublikada əmək bazarının tənzimlənməsi və əhalinin səmərəli məşğulluğunun təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına müvafiq olaraq, əmək bazarının tələblərinə uyğun təşkil olunan peşə kursları, ictimai işlər, habelə müəssisələrdə olan vakansiyalar barədə məlumatların işaxtaranlara çatdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri tərəfindən internet saytı hazırlanıb.
Dünən www.isaxtar.nmr.az internet saytının təqdimat mərasimi keçirilib.
İnternet saytının istifadəyə verilməsindən sonra işaxtaran vətəndaşlar məşğulluq xidməti orqanlarına müraciət etmədən sayta daxil olmaqla vakansiyalar barədə məlumat əldə edə biləcəklər. Eyni zamanda təşkilati-hüquqi formasından asılı olmayaraq, muxtar respublikada fəaliyyət göstərən müəssisə və təşkilatlar, həmçinin fiziki şəxslər işçi axtarışı üçün internet saytında elanlar yerləşdirə biləcəklər.
Qeyd edək ki, bu tədbir işaxtaran vətəndaşların səmərəli məşğulluq təminatı üçün əlverişli şərait yaratmaqla bərabər, onların sosial müdafiəsinin gücləndirilməsinə də xidmət edəcəkdir.
Səbuhi HƏSƏNOV