Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyində Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi ilə birgə daşınmaz əmlakın və daşınmaz əmlakın istismarı zamanı mülki məsuliyyətin icbari sığortası sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilmişdir.
Müşavirədə Dövlət Baş Sığorta Ağentliyinin Baş direktoru Hikmət Əsgərov çıxış etmişdir. Qeyd olunmuşdur ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, ölkəmizdə daşınmaz əmlakın və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasına nəzarət işləri Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinə həvalə olunmuşdur. Bu məqsədlə Naxçıvan Muxtar Respublikasında bu kateqoriyadan olan icbari sığorta müqavilələrinin bağlanılması üzrə verilmiş tapşırıqların yerinə yetirilməsi istiqamətində Dövlət Baş Sığorta Agentliyi Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi ilə birgə nəzarət tədbirlərinin artırılması, maarifləndirici görüşlər keçirilməsi istiqamətində öz səylərini artırmalıdır.
Bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikasında 2013-cü ildə icbari sığortalar üzrə görülmüş tədbirlər nəticəsində sahibkarlara məxsus daşınmaz əmlakın icbari sığortası üzrə 849 müqavilə, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 391 müqavilə bağlanılmışdır. Ümumilikdə, hər iki sığorta növü üzrə sahibkarlarla 1240 müqavilə bağlanılmışdır. Cari ildə də bu istiqamətdə görülən işlərin nəticəsi olaraq sığorta müqavilələrinin bağlanılması davam etdirilməkdədir. Lakin bunlara baxmayaraq, göstərilən icbari sığorta növləri üzrə bəzi sahibkarların vaxtında sığorta müqavilələri bağlamaqdan yayınmaları hələ də müşahidə edilməkdədir. Belə hallara yol verilməməsi və sığorta müqavilələrinin vaxtında bağlanılaraq sahibkarların öz üzərlərinə düşən vəzifələri yerinə yetirməsini təmin etmək üçün hər iki dövlət qurumu bu işə diqqəti daha da artırmalı, izahat və maarifləndirmə işləri genişləndirilməlidir.
Müşavirədə çıxış edən Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Ehtiram Məmmədov qanuna uyğun olaraq, Fövqəladə Hallar Nazirliyi tərəfindən hər iki icbari sığortalar üzrə müqavilələrin bağlanılmasına nəzarətin gücləndirilməsinin zəruriliyini qeyd etmiş, bu sahədə nazirliyin üzərinə düşən vəzifələrdən danışmışdır.
Müşavirədə şəhər, rayon Dövlət Sığorta agentliklərinin direktorları və Dövlət Yanğın Təhlükəsizliyi şöbələrinin rəisləri çıxış etmişlər.
Əli CABBAROV