Ordubad rayonundakı Sabirkənddə “Ailələrdə sağlam həyat tərzinin aşılanması, reproduktiv sağlamlıq, erkən və qanqohumluğu nikahlarının fəsadları” mövzusunda tədbir keçirilib. Tədbiri Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Fərqanə Hüseynli açaraq belə tədbirlərin əhəmiyyətindən danışıb.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova “Ailədə qadının sağlam həyat tərzi aşılamasında əsas rolu” mövzusunda çıxış edərək bildirib ki, cəmiyyətin inkişafında ailənin üzərinə mühüm vəzifələr düşür. Ailə öz mahiyyətini və funksiyasını o zaman bütövlükdə yerinə yetirmiş olur ki, hər bir ailə üzvü üzərinə düşən vəzifələri lazımınca yerinə yetirsin. Bu mənada qadın böyük rola malikdir. Ailə dəyərlərini qoruyub saxlayan, nəsildən nəslə ötürən qadındır. O, övladının maddi ehtiyaclarını təmin etməklə yanaşı, onu aydın düşüncəyə, saf əqidəyə və ədəb-ərkana yiyələndirməli, bu yolla onun gələcəyini qurmalıdır. Bu, cəmiyyətin gələcəyini qurmaq deməkdir.
Vurğulanıb ki, milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi qoruyub saxlamaq və onların icrasına nəzarət etmək, televiziya və internet kimi kütləvi informasiya vasitələrindən istifadəni çərçivəyə salmaq kimi vəzifələr də ananın öhdəsindədir. Əgər ana uşağın təhsilinə ciddi yanaşmasa, sözsüz ki, cəmiyyətə savadsız bir insan təhvil verəcəkdir. Bir sözlə, ana uşağın gələcək taleyi üçün böyük məsuliyyət daşıyır. Ona görə də yeni nəslin gələcəkdə quracağı ailənin bütövlüyünü qoruyub saxlamaq üçün ana övladlarına milli-mənəvi dəyərlərin öyrədilməsini, onların sağlam yaradıcı əməyə alışmalarını, zərərli vərdişlərdən çəkinmələrini, təhsil-tərbiyə məsələlərini, ümumiyyətlə, sağlam həyat tərzi seçmələrini daim diqqət mərkəzində saxlamalıdır.
“Qadın hüquqları” mövzusunda Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının sədri Tural Hüseynov çıxış edərək bildirib ki, qadınların əmək və məişət şəraitinin əsaslı surətdə yaxşılaşdırılması üçün onlara lazımi imkan yaradılması kimi mühüm sosial vəzifələrin yerinə yetirilməsinin hüquqi əsasları mövcuddur. Nikah qeydə alınarkən zəruri surətdə riayət olunmalı şərtlər, qadınların hüquqları Azərbaycan Respublikasının Ailə Məcəlləsində göstərilib. Belə şərtlərin qoyulmasında əsas məqsədlərdən biri möhkəm ailənin yaranmasına kömək etməkdən, nikahın bağlanmasına düşünülməmiş münasibətlərin qarşısını mümkün qədər almaqdan ibarətdir. Qadın və kişi ailə münasibətlərində bərabər şəxsi və əmlak hüququna malikdirlər. Bu, ailə qanunvericiliyinin mühüm prinsipial müddəasıdır. Nikaha daxil olarkən ailə qanunvericiliyi ilə müəyyən edilmiş nikah müqaviləsinin bağlanması da vacib hesab olunmalıdır. Bu saziş nikah dövründə və nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edir, qadınların əlverişsiz şəraitə düşməsinin qarşısını alır.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin həkim-ginekoloqu, tibb üzrə fəlsəfə doktoru Gültəkin Əliyeva “Keser əməliyyatı və onun ana və uşağa mənfi təsiri” mövzusunda çıxış edərək qadınların sağlamlıqlarının qorunması yolları, reproduktiv sağlamlıq barədə slayd vasitəsilə tədbir iştirakçılarına məlumat verib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, onlara müvafiq mövzularda maarifləndirici broşürlər paylanılıb.
Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti