22 Dekabr 2024, Bazar

Həyatda elə olur ki, yolunda gedən işlər bir anda dolaşığa düşür, arzusunda olduğumuzu əldə etmək üçün ummadığımız maneələrlə qarşılaşırıq. Bir çox insanlar həmin maneələrə başlıca səbəb kimi bədnəzəri əsas gətirirlər. Deyirlər ki, “mənə göz dəydi”, “nəzərə gəldim”, “üzərimdə nəfəs var” və sair. Bu fikirlərdə olan insanlar astroloqlara, bioenergetik həkimlərə və el həkimi kimi tanınan “nəzərçi”lərə üz tuturlar.

Artıq bir neçə ildir ki, parapsixoloqlar açıqlamalar verərək deyirlər ki, gözdəymədə müəyyən qədər həqiqət var. Bu, gözlərdə kəsici şüanın az və ya çox olması ilə bağlıdır. Belə gözlər insanın aurasına qəzəblə, həsədlə, hətta qibtə ilə tuşlananda həmin auranı kəsə, zədələyə bilir. Əgər gözün şüası ürəyin üstündəki cərəyan burulğanına düşsə, ürək xəstələnir, mədənin üstündəki cərəyan burulğanına düşsə, mədə ağrıları başlayır.

Belə nöqtələr isə orqanizmdə 24 yerdədir ki, onlar daim hərəkətdədir. Amma onların aradan götürülməsi üçün metodlar da az deyil. Nəzər, bir növ, elektrik cərəyanı kimi daxil olduğu insanın bədəninə yayılaraq özünü müxtəlif formalarda büruzə verir. Bəzi insanlar üzərlərində müxtəlif muncuqlar, təsvirlər, dualar gəzdirərək nəzərin təsirini yox edə biləcəklərini düşünürlər, hətta buna inanırlar. Bir qisim insanlarsa bunun yanlış fikir olduğunu düşünürlər.
Ən əvvəl qeyd edək ki, yer üzündə “nəzərçi”, “kəmgöz” insan yoxdur. Sadəcə, bir hadisədən, insandan, onun müsbət keyfiyyətindən, əşyadan bu və ya digər dərəcədə təsirlənən insan vardır. Və bu təsiretmə hər kəsdə müxtəlif formada təzahür edir: kimisi gördüyünə həsəd aparır, kimisi paxıllıq edir, kimisi isə gördüklərinə görə sevinc, qürur duyğuları yaşayır. Sonuncudan başqa, digər iki təzahür forması insanda  güclü mənfi enerji yaradır. Bu enerji onun daxilində qalarsa, həmin şəxs ya xəstə olur, ya da onun özünə zərər dəyir. Gözlər ilə ötürülən bu enerji insanlara, əşyalara düşərsə, onlara zərər verir. Nəzərin meydana gəlməsində gözlər yalnız bir vasitədir. Əsl təsir ruha və ya nəfsə aiddir. İnsanın xaricə açılan pəncərəsi göz olduğu üçün mənfi enerji də məhz göz vasitəsilə kənara atılır. Nəzərdəymənin təsiri müxtəlif dərəcələrdə ola bilər. Biz bunu alfa, betta, qamma şüalarıyla açıqlaya bilərik. Bunların hər birinin təsiri fərqli olduğu üçün verdiyi zərər də müxtəlifdir. Qibtə edilməklə atılan nəzər alfa şüasına bənzəyir. Bu nəzərin təsiri çox olmur və dəydiyi insana böyük zərər vurmadan tez keçir. Orta şiddətli nəzər dəyməsi betta kimi qiymətləndirilir. Bu nəzər həsəd və reallaşan ani istəksiz bir baxışın nəticəsində meydana gəlir. Bu nəzər növü digərinə görə daha təsirli və zərərlidir. İnsana, heyvana və obyektlərə təsir edərkən zərər verir. Ölümə belə, səbəb ola bilər. Belə insanlar mütləq bioenergetik həkimlər tərəfindən müalicə edilməlidir.
Çox zaman insanlar nəzərdəymənin qarşısını almaq üçün mavi gözmuncuqlarından istifadə edirlər. Uşaqlar daha çox nəzərə gəldikləri üçün ilahi dua və qoruyuculardan xəbəri olmayan insanlar uşaqların üzərinə mavi nəzər muncuğu və dualar taxaraq onları qorumağa “çalışırlar”. Bəziləri isə hesab edir ki, mavi muncuqdan, yəni gözmuncuğundan istifadə etmək cahillikdir. Göz hər cür – yaxşı və ya pis, düşüncələrin ilk çıxış nöqtəsi olaraq qəbul edilir. Buna görə baxışlardan, pis gözlərdən qorunmaq məqsədilə nəzəri özünə cəlb etmək xüsusiyyəti olduğuna inanılan mavi rəngli daşlar uzun illərdən bəri istifadə olunur. Baxışlardan qorunmaq üçün gözün ortasına pisliyi özünə çəkdiyi düşünülən mavi daş yerləşdirilir. Deyilənlərə görə, gözmuncuğu nəzərdən, pisliklərdən, bəladan qoruyur və uğur gətirir.
Bəs dinimiz bu məsələ ilə bağlı bizdən nəyi tələb edir? Qeyd edək ki, müqəddəs kitabımız “Qurani-Kərim”də büt və bənzəri şeylərə tapınmaq, onları aracı etmək qəti şəkildə qadağan edilib. Bir rəngli şüşə parçası, bir budaq parçası, ya da uğurlu olduğunu düşündüyünüz bir əşya, əslində, günümüzün bütləridir. Hədislərdən birində deyilir ki, nəzər muncuğunu taxmaq qətiliklə haramdır. Bir gün Hz.Məhəmməd Peyğəmbərin yanına on nəfərlik bir heyət biət üçün gəlir. Məhəmməd Peyğəmbər doqquzunun biətini qəbul edir, onuncuya gəldikdə əlini onun əlindən çəkir. Səbəbi soruşulduğu zaman onun əlində nəzərlik (gözmuncuğu) gördüyünü bildirir. O şəxs nəzərliyi qırıb parçalayır, bundan sonra Peyğəmbər onun biətini qəbul edir. Uca Rəbbimiz “Qurani-Kərim”də belə buyurur: “Əgər Allah sənə bir zərər vurmaq istəsə, bunun qarşısını Ondan başqa heç kəs ala bilməz. Əgər sənə bir xeyir toxundursa, (heç kəs Ona mane ola bilməz). Şühbəsiz, O, hər şeyə qadirdir” .
Sonda belə bir nəticəyə gəlmək olar ki, çoxlarımızın evində, uşaqlarımızın üzərində olan gözmuncuğunu dinimiz birmənalı şəkildə rədd edir. Sizcə, adi bir şüşə və ya ağac parçası bizi mənfi enerjilərdən qurtara bilərmi?

Sona MİRZƏYEVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR