Babək rayonunda “Pensiya siyasəti, sosial sığorta qanunvericiliyi, sosial sığorta sistemində fərdi uçotun tətbiqi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Səlvər Hacıyev açıb.
Sonra Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun əməkdaşlarından Yaşar Məmmədovun, İsmayıl Həsənovun, Nurlan Mustafayevin, fondun Babək Rayon Şöbəsinin müdiri Natiq Hacıyevin çıxışları olub.
Çıxışlarda qeyd edilib ki, işəgötürən hər bir işçi ilə əmək müqaviləsi bağladığı zaman qanunvericiliklə müəyyən olunmuş qaydada onun icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması, o cümlədən onun əlavə sığorta olunub-olunmaması barədə müvafiq məlumatlar hökmən göstərilməlidir. Qanunvericiliyə əsasən, işçilərin sosial sığortası icbari dövlət sığortası, onların özləri tərəfindən könüllü sığortalanması və işəgötürən tərəfindən aparılan əlavə sığorta formalarında həyata keçirilir.
Çıxış edənlər məcburi dövlət sosial sığorta haqlarının mahiyyəti və əhəmiyyətindən, könüllü sosial sığortanın üstünlüklərindən, əmək pensiyaları və sığortaolunanların pensiya təminatı hüququndan, sığortaolunanların fərdi uçotunun təşkilindən də danışıblar.
Qeyd olunub ki, işəgötürənlərlə işçilər arasında tənzimlənən münasibətlərdən ən əsası məhz işləyən vətəndaşların gələcəkdə pensiya təminatı hüququnun yaradılması, eləcə də əmək qabiliyyətinin müvəqqəti itirilməsi, uşağın anadan olması, uşağa qulluq, sanatoriya-kurort müalicəsi zərurəti kimi sosial sığorta hadisələrindən yararlanmaları üçün onların “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq tələblərinə uyğun şəkildə məcburi dövlət sosial sığortasına cəlb olunmasını təmin etməkdir. Bütün işləyən vətəndaşlar məcburi dövlət sosial sığorta haqlarının vaxtlı-vaxtında və tam məbləğdə ödənilməsinə maraqlı olmalıdırlar.
Səbuhi HÜSEYNOV