Pinəçilik Azərbaycanda qədim sənət növlərindən biridir. Əksər halda bu peşənin davamçıları ya pinəçilərin övladları, ya da qohumları olublar. Vaxtilə bu peşə sahiblərinin Naxçıvan şəhərinin az qala hər küçəsində bir dükanı var idi. Həmin dövrlərdə şəhərin pinəçiləri adla tanınardılar. Ancaq son illər Naxçıvan şəhərində, eləcə də kəndlərdə yaxşı pinəçi tapmaq müşkülə çevrilib. Biz də qərara gəldik ki, Naxçıvan şəhərində ayaqqabı təmiri dükanı tapıb bu sahədəki durğunluğun səbəbini ustaların öz dilindən eşidək. Belə ustalardan biri pinəçi İlqar usta öz müştərilərini Ş.İ.Xətai küçəsindəki kiçik bir köşkdə qarşılayır. İçəridə pinəçi dükanına xas mənzərə hökm sürür. Yorğun, zəhmətkeş çəkməçi ayaqqabıları təmir etməklə məşğuldur. Onunla söhbət zamanı müşahidə etdik ki, İlqar usta həm də maraqlı həmsöhbətdir:
– Deyirlər ki, pinəçilik peşəsi unudulur. Bəs sizin fikriniz necədir?
– 30 ildir, ayaqqabı təmiri ustasıyam, ayaqqabı tikirəm. Rəhmətlik atam da pinəçi idi, Naxçıvan şəhərində adla tanınardı. Mən də bu peşəni atamın yanında öyrənmişəm. O vaxtlar yaxşı qazanc olduğu üçün atam məni həvəslə öyrədirdi və deyirdi ki, ömürlük peşədir. Ancaq indi heç kim uşağının çəkməçi olmasını istəmir. Sovet dövründə öyrənməyə gələn gənclər çox olurdu. Ancaq onlar da sonradan bu peşəni işlətmədilər. İndi heç kim ayaqqabı düzəltdirmir. Çünki ayaqqabını düzəltdirməkdənsə, insanlar gedib təzə ayaqqabı alırlar. Bu da əhalinin yüksək həyat tərzindən, rifah halının yaxşılaşdığından, gəlirlərinin çoxaldığından xəbər verir. Ona görə də pinəçilərə ehtiyac qalmayıb.
– Əsl pinəçinin qollarının həmişə ağrıması qənaəti doğrudurmu?
– Bu peşə səbir və zəhmət tələb edir. Ona görə də pinəçilərin həmişə qolları ağrıyır. Bu, bizim peşə xəstəliyimizdir. Kənardan baxanlara asan gələ bilər. Ancaq pinəçi olmaq asan iş deyil. Onu da deyim ki, köhnə pinəçilər öz işlərinə məsuliyyətlə yanaşırdılar. İndikilər isə keyfiyyətsiz materiallardan ayaqqabıya daban vururlar. 10 gündən sonra isə ayaqqabı yenidən sıradan çıxır. Türkiyədən gətirilən ayaqqabı altının qiyməti 8-10 manatdır. Dabanlar 4-5, digər materiallar isə 3-5 manatadır. Əlavə təmir pulu da üstünə gələndə bu qiymət müştəriyə sərf eləmir.
– İndi hər yer ucuz ayaqqabılarla doludur. Ayaqqabı tikmək üçün sifariş alırsınızmı?
– Ayağında qüsuru olanlar, kiçik və ya böyük ölçülü ayaqqabı geyinənlər, satışda ağ və ya qırmızı ayaqqabı tapa bilməyənlərdən sifariş qəbul edirəm. İşlərimdən narazı qalan olmayıb. Bu peşədə uzun illər işləyən bir adam kimi demək istəyirəm ki, ayaqqabı alanda onun keyfiyyətinə fikir vermək lazımdır. Elə adam var ki, qiyməti ucuz olduğuna görə ayaqqabını alır, bir neçə gündən sonra dağılıb gedir. Onu da demək olmaz ki, bahalı ayaqqabıların hamısı keyfiyyətli olur. Əsas odur ki, ayaqqabının hazırlandığı materiala fikir verəsən. Bəzən elə ayaqqabılar gətirirlər ki, dəridən hazırlanmışa oxşayır. Ancaq sonra baxıb görürsən ki, həmin ayaqqabı plastik, dəriyə oxşayan sintetik materiallardan tikilib. Əgər ayaqqabı hava buraxmırsa, ayağı tərlədirsə, bu zaman göbələk xəstəliyi yaranır. Ona görə də ayaqqabı alanda sintetik materiallardan qaçmaq, təbii dəridən tikilmişlərə üstünlük vermək lazımdır.
Söhbətimizin sonunda usta ayaqqabını 2 gün dalbadal geyinməyin də ziyan olduğunu söylədi: “Bu həm ayaqqabıya, həm də ayaqlara ziyandır. Çünki eyni ayaqqabını 2 gün dalbadal geydikdə ayaq tərləyir, ayaqqabı özü nəmlənərək keyfiyyətini itirir. Ayaqda meydana gələn tər isə ayaqqabının tərkibindəki kimyəvi maddələrlə qarışır və tez bir zamanda onun çürüməsinə səbəb olur. Ayaqqabını düzgün seçmədikdə ayaqda ağrılar, yorğunluqlar da baş qaldırır. Buna görə çalışın, tərləmənin qarşısını alan ayaqqabılar alın”.
Sona MİRZƏYEVA