22 Dekabr 2024, Bazar

Muxtar respublikada əmək bazarının tənzimlənməsi və əhalinin səmərəli məşğulluğunun təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üz­rə Dövlət Proqramı” təsdiq  edilmişdir.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən aldığımız məlumata görə, cari ilin I rübü ərzində dövlət proqramında qarşıya qoyulan vəzifələrin icrası istiqamətində bir sıra işlər görülmüşdür. Belə ki, tələb və təklifin müəyyənləşdirilməsi məqsədilə muxtar respublikanın əmək bazarının real vəziyyəti təhlil edilmiş, muxtar respublikada həyata keçirilən məqsədyönlü iqtisadi islahatlar, eləcə də yaradılan yeni iş yerləri hesabına əmək bazarı və məşğulluq xidməti orqanlarında son iki il ərzində işsizlik statusunun verilməsi halları qeydə alınma­mışdır. Əmək bazarında təklif olunan işçi qüvvəsi ilə mövcud iş yerlərinin sayı arasında tarazlıq sabitdir.

Müəssisələrdən boş iş yerlərinin toplanmasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyində qeydiyyatdan keçmiş fiziki və hüquqi şəxslər haqqında hər ay təqdim edilən məlumata əsasən, müəssisələrdə olan boş iş yerləri haqqında məlumatlar    toplanılır.
Müvafiq dövr ərzində müxtəlif peşə istiqaməti üzrə kadrlara olan tələbatın müəyyənləşdirilməsi məqsədilə 174 müəssisədə sorğular keçirilmişdir.
Məşğulluq xidməti orqanlarında qeydiyyatda olan vakant iş yerlərinə 602 işaxtaran şəxsin göndərilməsi təmin edilmişdir.
İşaxtaran vətəndaşların müvəqqəti məşğulluğunu təmin etmək məqsədilə 13 nəfər sosial əhəmiyyətli (əl ilə xalça toxunuşu) haqqı ödənilən ictimai işlərə cəlb olunmuş və evlərdə xalça toxunması işi həyata keçirilir.
Muxtar respublikada aktiv məşğulluq tədbiri kimi əmək yarmarkalarının keçirilməsi davam etdirilir.
Cari ilin yanvar-mart aylarında kiçik və orta sahibkarlığın inkişafı, həmçinin yeni iş yerlərinin yaradılması məqsədilə sahibkarlara dövlət maliyyə dəstəyi davam etdirilmişdir. Belə ki, müxtəlif çeşidli ərzaq məhsullarının istehsalı, tərəvəz məhsullarının yetişdirilməsi və heyvandarlıq təsərrüfatının genişləndirilməsi layihələrinə görə, 13 fiziki şəxsə, ümumilikdə, 6 milyon 856 min manat, o cümlədən Sahibkarlığa Kömək Fondunun vəsaiti hesabına 115 min manat güzəştli şərtlərlə kredit verilmişdir.
Sahibkarların maarifləndirilməsi, onlara iqtisadi və hüquqi informasiyaların verilməsi məqsədilə yaradılmış operativ nəzarət sistemi vasitəsilə məsləhət xidməti göstərilmişdir.
Hazırda Naxçıvan Regional Peşə Tədris Mərkəzində əmək bazarının tələbləri nəzərə alınaraq rəqabətqabiliyyətli ixtisaslar – traktorçu-maşınçı, dərzi, xalçaçı peşələri üzrə kurslar davam etdirilir.
Xidmət sahələrində işləyən işçilər üçün peşələrə uyğun standartların tətbiqi, xidmət sahələri üzrə peşəkar kadrların hazırlanması istiqamətində də bir sıra işlər görülmüşdür. Muxtar respublikamızda fəaliyyət göstərən təhsil müəssisələrinin və şadlıq saraylarının xidməti işçiləri üçün “İctimai-iaşə obyektlərinin fəaliyyətlərinə dair tələblər” hazırlanmış, eyni zamanda onlar üçün vahid geyim formaları müəyyənləşdirilmiş, Naxçıvan Regi­onal Peşə Tədris Mərkəzində 8 nəfərdən ibarət ofisiant və 11 nəfərdən ibarət aşpaz peşələri üzrə kurslar təşkil edilmişdir.
Nazirlikdən onu da bildirmişlər ki, rüb ərzində Naxçıvan şəhərində fəaliyyət göstərən 20 pərakəndə satış mağazasının 20 işçisinə, 9 ictimai-iaşə obyektində fəaliyyət göstərən 20 nəfər işçi heyətinə kurslar tədris olunmuşdur.
Əmək bazarının tələblərinə uyğun olaraq, gənclərin milli və xalq tətbiqi sənət növlərinə marağının artırılması məqsədilə “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin tabeliyində fəaliyyət göstərən xalq yaradıcılıq emalatxanasında ağac üzərində oyma, rəssamlıq, xalçaçılıq, dekorativ-tətbiqi sənət növləri üzrə sahə fəaliyyət göstərir.
Naxçıvan Biznes Mərkəzində muxtar respublikanın aidiyyəti dövlət orqanları nümayəndələrinin və sahibkarlıq subyektlərinin iştirakı ilə “Əmək bazarında əcnəbi işçiyə olan tələbatın müəyyənləşdirilməsi” mövzusunda tədbir keçirilmişdir.
Muxtar respublikanın ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin peşə seçiminə köməklik məqsədilə, ümumilikdə, 101 ümumtəhsil məktəbinin yuxarı sinif şagirdlərinə peşəyönümü məşğələlər keçilmişdir. Məşğələlərdə muxtar respublikanın əmək bazarının tələbinə uyğun peşə və ixtisaslar barədə məlumatlar verilmiş və sorğular keçirilmişdir. Bu istiqamətdə tədbirlər tədris ili müddəti ərzində davam etdiriləcəkdir.
Dövlət və özəl müəssisələrdə sosial müdafiəyə ehtiyacı olanların və işə düzəlməkdə çətinlik çəkənlərin işlə təmin olunması üçün 163 kvota yerinin ayrılması təmin edilmişdir. Rüb ərzində sosial müdafiəyə ehtiyacı olan 22 şəxsin kvota yerlərinə göndərilməsi, sağlamlıq imkanları məhdud 2 nəfərin peşə kurslarına cəlb edilməsi təmin edilmiş, həmçinin Penitensiar Xidmətin cəzaçəkmə müəssisəsində misgər peşəsi üzrə kurs təşkil edilmişdir.
İşçilərin əmək hüquqlarının təmin edilməsi istiqamətində də işlər görülmüşdür. Belə ki, qeyri-formal məşğulluğun qarşısının alınmasına, işə götürülən şəxslərlə əmək müqaviləsinin bağlanmasına, onlara verilən əməkhaqlarının reallığı əks etdirməsinə nəzarət artırılmış, işəgötürənlər tərəfindən işçilər üçün müvafiq əmək şəraitinin yaradılmasının, istehsal müəssisələrində işçilərin əməyin mühafizəsi qaydalarına riayət etmələrinin vəziyyəti ilə əlaqədar muxtar respublika üzrə 20 obyektə baxış keçirilmiş, ümumilikdə, 21 halda istehsalatda çalışan işçilər fərdi və kollektiv mühafizə vasitələri ilə təmin edilmişlər.
Naxçıvan Muxtar Respublikası ərazisində tikinti işlərini həyata keçirən 13 özəl və dövlət tikinti müəssisələrinin əməyin mühafizəsi mütəxəssislərinin peşəkarlığını artırmaq məqsədilə Naxçıvan Regional Peşə Tədris Mərkəzində “Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət olunması” mövzusunda ixtisasartırma kursu təşkil olunmuş, həmçinin 133 müəssisədə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqavilələrinin bağlanması təmin edilmişdir.
Əmək bazarının tələblərinə uyğun təşkil olunan peşə kursları, ictimai işlər, habelə vakansiyalar barədə məlumatların işaxtaranlara çatdırılması məqsədilə internet saytı hazırlanır.
Dövlət proqramında qarşıya qoyulan vəzifələrin icrası davam etdirilir.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR