Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası muxtar respublikanın 90 illik yubiley tədbirləri çərçivəsində “Təbiətə məktəbli töhfəsi” adlı aksiyaya start verib.
Ətraf mühitə məktəbli oxucular tərəfindən qayğı göstərilməsi, onları təbiətə məhəbbət ruhunda tərbiyə etmək məqsədilə bu il fevral ayının 15-də start verilən aksiya çərçivəsində uşaqlar ən azı 20 kvadratmetr ərazini zəhərləmək gücündə olan elektrik batareyalarını toplamaqla məşğul olublar. Bu günə qədər uşaqlar 1000-ə yaxın təbiətə zərərli olan batareya toplayıblar. Aksiyada Naxçıvan şəhər və Şərur rayon məktəbliləri fəallıq göstərirlər. Aksiya zamanı uşaqlara məlumat verilərək bildirilib ki, batareyalar istifadə zamanı heç bir problem yaratmır, lakin bu cərəyan mənbəyi tükənəndə lazımsız olur və tullantı kimi atılır. Məhz bu zaman o, təhlükəli olur. Müxtəlif batareyalarda müxtəlif ağır metallar olur ki, onlar da hətta kiçik miqdarda belə, insan sağlamlığına ziyan vurur. Bunlar sink, manqan, kadmium, nikel, civə və başqalarıdır. Batareyalar atılandan sonra korroziyaya uğrayır, tərkibindəki ağır metallar torpağa və qrunt sularına keçir. Qrunt sularında olan bu metallar çay, göl və ya artezian sularına düşə bilər ki, həmin sulardan da içməli su kimi istifadə olunur.
Qeyd edək ki, bu aksiya aprel ayının sonunadək davam edəcək və məktəblilər tərəfindən toplanan batareyalar Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə məhv ediləcək. Aksiyada fəal iştirak edən şəhər və rayon kitabxanalarının balaca oxucuları hədiyyələr, diplomlar və fəxri fərmanlarla mükafatlandırılacaqlar.
Xəbərlər şöbəsi