“2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın qəbul edilməsindən iki ildən artıq vaxt ötür. Muxtar respublikada əhalinin meyvə, tərəvəz və üzüm məhsulları ilə dolğun təmin olunması, həmin məhsulların xaricə ixrac edilməsi, nəticədə, kənd əhalisinin məşğulluğunun artırılması və maddi-rifah halının yüksəldilməsi dövlət proqramının əsas məqsədidir. Naxçıvan diyarı özünün hazırkı sürətli inkişaf dövründə ötən hər ili sosial-iqtisadi həyatda əldə olunan mühüm nailiyyətlərlə başa vurur. 2013-cü il də kənd təsərrüfatının inkişafında uğurlu illərdən biri olmuşdur. Bütövlükdə, 2013-cü ildə muxtar respublikada 337 milyon manatdan çox kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur. Ötən il 43 min tondan çox meyvə, 15 min tondan çox üzüm istehsal edilmişdir.
2014-cü ildə də meyvə bağlarında yüksək məhsuldarlığa nail olunması üçün vaxtında və lazımi aqrotexniki tədbirlərin həyata keçirilməsi mühüm şərtlərdən biridir. Naxçıvan Muxtar Respublikasının düzən, dağətəyi və dağlıq ərazilərində meyvə ağaclarının yaxşı böyüməsi, inkişafı, bol və keyfiyyətli məhsul verməsi üçün mövcud torpaq-iqlim şəraiti olduqca əlverişlidir. Yaxşı haldır ki, son vaxtlar muxtar respublikanın bütün bölgələrində yeni meyvə bağlarının salınmasına daha çox diqqət yetirilir. Bağlardan yüksək məhsulun götürülməsi yaz fəslində aqrotexniki tədbirlərin düzgün yerinə yetirilməsindən asılıdır. Ancaq onu da yadda saxlamaq lazımdır ki, yeni bağların salınmasında ərazinin torpaq-iqlim şəraiti mütləq nəzərə alınmalıdır. Dağlıq ərazilərdə daha çox yay və payızın əvvəlində yetişən müxtəlif alma, armud, cəviz sortları əkilməlidir. Dağətəyi və düzən ərazilərdə isə yayda, payızda yetişən tumlu və qoz meyvəli ağacların əkilməsi daha çox səmərəli olar. Düzən ərazilərdə daha çox çəyirdəkli meyvələrdən göycə, almaxara, albalı, gilas və sair əkilməlidir. Qeyd edək ki, şəraitə uyğun meyvə ağacları əkiləndə onlar xəstəlik və zərərvericilərə az yoluxurlar. Yeni meyvə bağlarının salınmasında çalışmaq lazımdır ki, yerli meyvə sortlarının tinglərindən daha çox istifadə olunsun. Muxtar respublika ərazisində tinglərin erkən yazda əkilməsi məqsədəuyğundur. Müxtəlif meyvələrin toxumlarından alınan tinglər torpaqdan elə çıxarılmalıdır ki, kökləri mümkün qədər az zədələnsin. Tinglər əkilərkən əsas kökün uc hissəsi bağ qayçısı ilə kəsilib atılmalıdır ki, əlavə və yan köklərin inkişafı güclənsin. Cəviz ağacı tinglərində isə əsas kökün kəsilib atılması əlavə və yan köklərin inkişafına səbəb olur. Erkən yazda əksər meyvə sortlarını qələm və yarma calaq vurmaqla artırmaq olar. Qələmlə çoxaldılmada birillik zoğlar 10-20 santimetr uzunluğunda kəsilərək əvvəlcədən hazırlanmış və üzəri örtülən yeşiklərə, yaxud istixanalara əkilərək kökləndirilir. Yarma calaq üsulu ilə çoxaldılmada tumlu meyvələrin calaqüstü çilikləri tumlu meyvələrdən alınmış calaqaltlarına, çəyirdəkli meyvələr isə çəyirdəkli meyvələrdən alınmış tinglərə peyvənd edilə bilər. Calaq işi şirə axını başlananadək aparılmalıdır.
Son vaxtlar payız və yaz fəsillərində kənar bölgələrdən muxtar respublikamıza çoxlu meyvə tingləri gətirilir. Bu tinglər isə karantin qaydalarına uyğun zərərsizləşdirilmədiyindən onların kökləri, gövdələri üzərində müxtəlif xəstəlik və zərərvericilərin yumurtaları, sürfələri onların əkildiyi ərazidə yayılır. Belə hal isə mənşəyi bilinməyən xəstəliklərin və ziyanvericilərin yaranmasına və yayılmasına səbəb olur. Fikrimizcə, kənar bölgələrdən gətirilən perspektivli meyvə sortlarından ancaq calaqüstü kimi istifadə edilməsi daha məqsədəuyğundur.
Meyvə ağaclarında quru budama tumurcuqlar cücərənədək edilməlidir. Tumlu və çəyirdəkli meyvələrdə quru badama iti bağ mişarı və ya qayçısı ilə aparılmalıdır. Ağaclarda əyilmış, sıxlıq yaradan, buğumaraları geniş, meyvəsiz tumurcuqları olan zoğlar budanmalıdır. Quru budama aparılarkən meyvə ağacları üzərində bar budaqlarını tanımaq lazımdır. Budaqlar üzərində tumurcuqlar barlı və barsız olmaqla, iki formada olurlar. Barlı tumurcuqlar barsız tumurcuqlardan fərqlənirlər. Barlı tumurcuqlar şişkin iri, girdə formada, ucu küt olur. Barsız tumurcuqlar isə budağa kip yapışır, uzunsov formada olurlar. Tumlu meyvələrdə ağaclar üzərində barlı tumurcuqlar həlqəvi, nizə, şiş və mürəkkəb budaqcıqlar üzərində formalaşırlar. Çəyirdəkli meyvələrdə isə bar tumurcuqları qısa və uzun budaqlar üzərində əmələ gəlir.
Meyvə ağaclarına çətir formalarının verilməsi çox mühüm aqrotexniki qaydalardan biridir. Meyvə ağaclarına, əsasən, şah budaqlı və şah budaqsız çətir formaları verilir. Budama apararkən diqqət yetirmək lazımdır ki, meyvə verən tumurcuqlar olan budaqlar saxlanılsın. Budama elə aparılmalıdır ki, ağacda şah budaq və onun ətrafındakı budaqlara asanlıqla Günəş şuaları düşə bilsin, havalanma yaxşı getsin. Şah budağı olmayan meyvə ağaclarında əsas budaqlar və onlar üzərindəki birinci dərəcəli budaqlara elə budama forması verilməlidir ki, yeni zoğlar inkişaf edərkən və yarpaqlar açılarkən havalanma normal olsun, Günəş şüası budaqlara düşə bilsin. Yoğunlaşmış budaqların kəsildiyi nahiyələrə məlhəm və ya boya sürtülməlidir. Ağaclarda çətir elə saxlanmalıdır ki, gövdənin və yeraltı kök sisteminin inkisafı ilə yerüstü çətirin inkişafı mütənasib olsun. Bağçılıqda quru və yaşıl budama işləri hər bir meyvə sortu üçün özünəməxsus qaydada aparılmalıdır. Alma sortlarında quru budama apararkən ağacın meyvə və boy budaqlarının yerləşməsinə və inkişafına diqqət yetirmək lazımdır. Çünki ağacda həlqəvi meyvə budaqları üstünlük təşkil edirsə, məhsuldarlıq fasiləli, nizə və şiv meyvə budaqları çox olarsa, məhsulvermə müntəzəm olacaqdır. Armud ağacının bar tumurcuqları budaqlarda mahmızların, şivlərin və mürəkkəb halqacıqların üzərində əmələ gəlir. Ən çox bar gözləri çoxillik budaqların üzərində olan mahmızlarda formalaşır. Ona görə də quru budama elə aparılmalıdır ki, yatmış gözlər cücərərək meyvə budaqları əmələ gətirsinlər. Alça və almaxara ağaclarında xırda budaqcıqlar tamamilə təmizlənməlidir, çətir elə saxlanılmalıdır ki, sıxlıq olmasın.
Meyvə bağlarında bol məhsulun əsası erkən yazdan başlayaraq mövsümi aqrotexniki işlərin düzgün və vaxtında aparılması ilə qoyulur. Şübhəsiz ki, bu il də muxtar respublika əhalisini meyvə məhsulları ilə təmin etmək üçün meyvə bağlarından yüksək məhsul əldə olunacaqdır.
Varis QULİYEV
AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun
əməkdaşı, aqrar elmləri doktoru