22 Dekabr 2024, Bazar

Hər daşı, qayası ox nişanlı, hər zümrüd gözlü bulağının pıçıltısında həzin ana laylası çağlayan doğma Naxçıvan diyarımız, qədimdən-qədim Naxçıvan şəhəri bina olandan bəri heç vaxt, heç zaman indiki kimi abadlıq adlı sevincin vüsalına qovuşmayıb. Bunu inkar etməyə kimsənin dili gəlməz. Sadəcə, bu inkişafı və tərəqqini görənlər təəccüblənə bilərlər. Təəccüblənə bilərlər ki, son illər ərzində neçə-neçə keçilməz yollar keçib Nuh nəfəsli Əcəmi yurdu. Bu yerdə xəyal məni istər-istəməz bir qədər əvvəllərə, babamın söylədikləri o vaxtkı Naxçıvan şəhərinin uçub sökülən küçələrinə çəkib aparır.
Babam deyirdi ki, gecələrin lal-dinməz sükutunu pozan qatarların səhərəcən səngimək bilməyən hərəkət səsi elə bil bu gün də qulaqlarımda səslənir. Nələr daşımırdı polad relslər üzərində hərəkət edən bu yük karvanları. Naxçıvan şəhərindəki dəmiryol vağzalının həndəvərində inşaat materiallarından təpələr yaranmışdı. Və bəzən uzun müddət lövbər salaraq öz sahibini gözləyirdi.

Burada taxta-şalbandan, kubik daşından, sementdən, şüşədən tutmuş adi mismara qədər nə desəydin, tapılardı. Ancaq təəssüflər olsun ki, bunlardan istifadə etməyə imkan verilmirdi. İnşaat materialları almaq və ondan istifadə etmək əlçatmaz idi.
Sevindirici haldır ki, bu gün inşaat materiallarından istifadə tam sərbəstdir. Bunun nəticəsidir ki, bu gün köhnə binalar elə yenilənib ki, babam yaşasaydı, bu gördüklərinə nağıl kimi baxardı. Erməni qəsbkarlarının yaratdığı ağır blokada şəraitinə baxmayaraq, Naxçıvan inkişaf yollarında inamlı addımlar ataraq tərəqqi zirvəsindəki gül çələnginə, çiçək ətrinə bürünür. Üzümüzə yeni ülvi arzularla açılan hər nurlu sabah sevinc  müjdəli bir yeniliklə əlamətdar olur. Xüsusən də günü-gündən gözəlləşən Naxçıvan şəhərində.
Son 19 ilə yaxın müddətdə şəhərimiz, sözün həqiqi mənasında, yeniliklər dövrünü yaşayır. Bu illər ərzində şəhərimizin elə bir ünvanı olmayıb ki, orada yeni bir bina inşa olunmasın, yol çəkilməsin, parklar, istirahət mərkəzləri yaradılmasın, tarixi abidələr bərpa olunmasın. Danılası deyil ki, biz qələm sahibləri də yurdumuzu başdan-başa öz əhatəsinə alan qurucu­luq-abadlıq işlərindən mənəvi qida alıb gücümüzə sarıldıqca özümüzü özümüzdə tapırıq. Hər şey gözəl, könülaçan olduğundan biz də yenilik, gözəllik haqqında düşünürük. Hər dəfə düşündükcə də gözümüzdəki sevinc, qəlbimizdəki rahatlıq hissi bizi xoş sabahlara daha ümid və inamla bağlayır. Saysız-hesabsız tikililər, öz simasını dəyişən küçələr, rahatlığı, təmizliyi ilə seçilən istirahət guşələri, parklar, xiyabanlar torpağa insan əli ilə çəkilən əsrarəngiz naxışlar kimi göz oxşayır. Şəhərimizə gözəllik verən müasir abidələrdən biri də fəvvarələrdir. İndi şəhərimizin ən görməli yerlərində bir-birindən gözəl fəvvarələr quraşdırılıb. Blokadanın ilk illərində ağacları kəsilərək yanacaq kimi istifadə olunmuş parklarda indi yaşıllıqlar göz oxşayır, qəlbləri riqqətə gətirir.
Həqiqətən də, yeniliklər Naxçıvan şəhərinə əfsanəvi yaraşıq bəxş edib. Burada salınan gözəl görünüşlü binalar milli ornamenti ilə göz oxşayır. Binaların ətrafı da aparılan abadlıq-quruculuq işlərindən öz nəsibini alıb.
Şəhərimizdə diqqəti çəkən məqamlardan biri də təmizliyə və səliqə-sahmana xüsusi diqqət yetirilməsidir. Buraya gələn qonaqlar da etiraf edirlər ki, indiyə qədər olduqları ölkələrdə təmizliyə belə diqqət yetirilən şəhərlə çox az rastlaşıblar. Təbii ki, bu, muxtar respublika sakini kimi bizi sevindirir, gələcək işlərdə daha inamlı və qətiyyətli olmağa ruhlandırır.

Türkan HÜSEYNLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR