Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsinin gücləndirilməsi, həmçinin təhsil hüquqlarının təmin olunması daim diqqət mərkəzindədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı” bu kateqoriyadan olan uşaqlara göstərilən diqqət və qayğının ifadəsidir.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən aldığımız məlumata görə, cari ilin I rübü ərzində dövlət proqramında qarşıya qoyulan vəzifələrin icrası istiqamətində bir sıra işlər görülmüş, muxtar respublikada yaşayan məktəbəqədər yaşlı sağlamlıq imkanları məhdud 302 uşaq barəsində məlumat bazası yaradılmışdır.
Bu kateqoriyadan olan 46 uşaq məktəbəqədər təhsil müəssisələrində qeydiyyatdadır. Rüb ərzində əqli və fiziki potensialları nəzərə alınaraq sağlamlıq imkanları məhdud 17 uşaq məktəbəqədər təhsil müəssisələrinə, o cümlədən müvafiq kateqoriyadan olan 4 uşaq Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzinə cəlb edilmişdir. Muxtar respublikanın məktəbəqədər təhsil müəssisələrində keçirilən tədbirlərdə həmin müəssisələrdə təhsil alan sağlamlıq imkanları məhdud uşaqların da iştirakı təmin edilir.
Əqli və fiziki imkanları ümumtəhsil müəssisələrində təhsil almağa imkan verən və hərəkət qabiliyyətinin məhdudluğu səbəbindən təhsil ala bilməyən sağlamlıq imkanları məhdud uşaqlar barəsində də məlumat bazası yaradılmışdır. Bu qəbildən olan uşaqların sayı 19 nəfər təşkil edir ki, onların da distant tədrisə cəlb edilməsi nəzərdə tutulmuşdur. Distant tədrisə cəlb edilən uşaqlar məktəbli ləvazimatları ilə təmin olunacaqlar. Proqrama uyğun olaraq, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Tədris Mərkəzinin təşkili üçün zəruri avadanlıqların hazırlanması istiqamətində işlər davam etdirilir.
2013-2014-cü tədris ilinin əvvəlindən ümumtəhsil müəssisələrinə cəlb edilə bilməyən eşitmə qabiliyyəti məhdud 12 uşaq distant dərslərə cəlb olunmuşdur. Hazırda dərslərin keçilməsi davam etdirilir.
Zehni inkişafında, nitqində qüsurları olan uşaqların reabilitasiyası məqsədilə Defektoloji bölmə tərəfindən təlim-məşğələlər keçilir. Məşğələlərə bu kateqoriyadan olan 15 uşaq cəlb olunmuşdur.
Muxtar respublikanın ümumtəhsil müəssisələrində sağlamlıq imkanları məhdud uşaqların inklüziv təhsilə cəlbinə, məktəb mühitinə tədricən uyğunlaşması məqsədilə onların tədrisdə qismən iştirakına şərait yaradılmışdır. Rayon (şəhər) məşğulluq mərkəzləri tərəfindən muxtar respublikanın bütün ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin, o cümlədən sağlamlıq imkanları məhdud şagirdlərin peşə seçiminə köməklik məqsədilə onlara əmək bazarının tələbinə uyğun peşə və ixtisaslar barədə məlumatlar verilir, həmçinin bununla bağlı sorğular keçiriləcəkdir.
Nazirlikdən onu da bildiriblər ki, rüb ərzində sağlamlıq imkanları məhdud uşaqların məktəbdənkənar müəssisələrə cəlb edilməsi istiqamətində də tədbirlər həyata keçirilmişdir. Bacarıq və maraqları nəzərə alınaraq bu kateqoriyadan olan 43 uşaq məktəbdənkənar müəssisələrin dərnəklərinə, 12 uşaq müxtəlif idman qruplarına cəlb olunmuşdur.
Hazırda Naxçıvan Regional İnformasiya Mərkəzində 2013-cü ilin sentyabr ayından məktəb təhsili olmayan görmə qabiliyyəti məhdud şəxslər üçün brayl əlifbasının tədrisi üzrə təşkil edilmiş kurs davam etdirilir. Müasir informasiya texnologiyalarından istifadə sahəsində biliklərini artırmaq məqsədilə sağlamlıq imkanları məhdud 77 uşaq mərkəzdə təşkil olunan məşğələlərə cəlb edilmişdir.
Hazırda muxtar respublikanın musiqi məktəblərində sağlamlıq imkanları məhdud 42 uşaq musiqi təhsili alır.
Məktəbəqədər, ümumtəhsil və məktəbdənkənar müəssisələrə cəlb olunmuş sağlamlıq imkanları məhdud uşaqlarla bağlı yaranan çətinliklərin aradan qaldırılması və bu sahədə görülən işlərə nəzarət etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi və Təhsil nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələrindən ibarət komissiya yaradılmışdır. Komissiya Naxçıvan şəhərində, Şərur, Kəngərli və Sədərək rayonlarındakı sağlamlıq imkanları məhdud uşaqların cəlb olunduğu məktəbəqədər, ümumtəhsil və məktəbdənkənar müəssisələr olmaqla, ümumilikdə, 162 müəssisədə uşaqların tədrisdə iştirakının, peşə maraqlarının aşkar edilməsinin, ümumtəhsil müəssisələrində psixoloqlar tərəfindən sağlamlıq imkanları məhdud uşaqlara fərdi proqram əsasında həyata keçirilən tədbirlərin nəticələrinə dair monitorinqlər, eyni zamanda sağlamlıq imkanları məhdud uşaqlara qarşı tolerant mühitin yaradılması məqsədilə valideyn, şagird və müəllimlərlə görüşlər keçirmişdir. Həmçinin Naxçıvan Müəllimlər İnstitutu tərəfindən məktəb psixoloqlarının biliklərinin artırılması məqsədilə Şərur, Culfa və Ordubad rayonlarının ümumtəhsil müəssisələrində “Psixologiyanın aktual məsələləri və müasir kurikulumların tətbiqi” mövzusunda elmi-praktik konfranslar keçirilmiş və “Xüsusi qayğıya ehtiyacı olan şagird haqqında məlumat” kitabçası hazırlanmış, müvafiq rayonların təhsil şöbələrinə verilmişdir.
Dövlət proqramının icrası uğurla davam etdirilir.
Xəbərlər şöbəsi