Bu amillər Cəhri kəndini qəsəbətimsallı görkəmə gətirib
Söhbətə giriş və ya kənddə ilk kompleks quruculuq tədbirləri
Muxtar respublikaya xarici ölkələrdən gələn qonaqların birindən qəzetimiz üçün müsahibə alarkən soruşdum:
– Naxçıvanın bugünkü inkişaf və tərəqqisini necə görürsünüz?
Maraqlı və dolğun bir cavab verdi:
– Diyarınızın inkişaf və tərəqqisi reallıqdır. Bu reallığın təməlində isə yüksək səviyyədə təmin edilmiş sabitlik, ciddi nizam-intizam dayanır.
Yuxarıdakı epizodu təsadüfən yada salmadım. O vaxt mən qonağa bir amili də xatırlatmışdım: insana, onun layiq olduğu səviyyədə yaşamasına və yurd yerlərinə göstərilən qayğı...
Babək rayonunun Cəhri kəndi, onun sakinləri də belə qayğıdan bəhrələniblər. Son illərdə burada iki dəfə kompleks quruculuq tədbirləri həyata keçirilib. Bu yaşayış məntəqəsini yaxından tanıyanlar bilirlər ki, Cəhri təkcə muxtar respublikanın deyil, ölkəmizin ən böyük yaşayış məntəqələrindən biridir.
Sovet dönəmində burada bir məktəb, bir sahə xəstəxanası tikilib. Heç bir əsaslı təmir aparılmadığından həmin obyektlərdə normal fəaliyyət göstərmək mümkün deyildi. Ancaq son 18 ildə Cəhridə görülən işlərin həcmi o qədər böyükdür ki, qısa müddətdə bu qədər işin görülməsinə təəccüblənməyə bilmirsən. Bütün bunlar isə Cəhri kəndinə qəsəbə yaraşığı verib.
Haşiyə çıxaraq qeyd etmək istəyirəm ki, Cəhridə həyata keçirilmiş quruculuq tədbirləri ilə bağlı hazırladığım bu yazıda statistik rəqəmlərə deyil, kənd camaatının ürək sözlərinə üstünlük verməyi lazım bildim. Ona görə də kənd adamları ilə, ziyalılarla görüşdüm.
2 nömrəli Cəhri kənd tam orta məktəbinin müəllimi İntiqam Məmmədov deyir ki, 2007-ci ilin noyabr ayında Cəhri kəndində müasirtipli məktəb istifadəyə verildi. 504 şagird yerlik, ikimərtəbəli məktəb binası rayon mərkəzlərində, hətta Naxçıvan şəhərində tikilən məktəblərdən heç də geri qalmır. Məktəbdə müasir tələblərə cavab verən sinif otaqları, fənn kabinələri, laboratoriyalar vardır. Qapalı və açıq idman qurğuları fiziki hazırlıq dərslərinin lazımi səviyyədə keçilməsinə şərait yaradıb. Məktəbin həyətində yaşıl örtüklü futbol meydançası şagirdlərin ixtiyarına verilib. Təhsil ocağında internetə qoşulmuş kompüter dəstlərindən istifadə olunur. Müəllim və şagirdlərin mütaliəsi üçün kənd məktəbindəki kitabxanada hər cür imkanlar var. Kitabxana latın qrafikası ilə Azərbaycan dilində çap olunmuş yeni dərsliklərlə, lüğət və ensiklopedik nəşrlərlə, bədii ədəbiyyatlarla zənginləşdirilib. Bütün bunlar isə məktəbdə təhsilin səviyyəsinin yüksəldilməsinə şərait yaradıb. Pedaqoji kollektiv çalışır ki, belə qayğıya əməli işlə cavab versin, qazanılan uğurlar davamlı xarakter alsın.
Cəhri Kənd Uşaq Musiqi Məktəbi ümumtəhsil məktəbinin lap yaxınlığında yerləşir. Üz tuturuq bu məktəbə. Dərslər ikinci növbədə keçildiyindən, hələlik, burada sakitlik hökm sürür. Müəllimlər dərslərə hazırlaşırlar. Bundan istifadə edib məktəbin direktoru Cəmaləddin Hüseynovla həmsöhbət oluruq.
Direktorla söhbətdən: – Son illər kənd yaşayış məntəqələrimizdə yeniyetmə və gənclərin musiqi təhsili almaları üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Yerlərdə musiqi məktəbləri üçün binaların tikilib istifadəyə verilməsi məhz bu məqsədə xidmət edir. Cəhri Kənd Uşaq Musiqi Məktəbi muxtar respublikamızda yaxşı uğurları olan məktəblərdən biridir. Kollektivimiz üçün yeni binanın inşa olunması məsuliyyətimizi daha da artırıb.
Direktorun sözlərinə görə, ikimərtəbəli müasirtipli musiqi məktəbində 2 xalq çalğı alətləri ansamblı, 3 orkestr, 4 sazçalanlar ansamblı, xor fəaliyyət göstərir. Tar, kamança, qarmon, nağara, fortepiano, saz, xanəndəlik, truba, skripka siniflərində 350 şagird musiqinin ilkin sirlərini öyrənir.
Bir azdan çal-çağır səsləri eşidiləcək bu binada təhsil alan yüzlərlə uşaq musiqisevər muxtar respublika və ölkə səviyyəli tədbirlərə qatılıb, fəxri fərmanlara, diplomlara layiq görülüb, doğma diyarımızda mədəniyyətin inkişafına göstərilən qayğını əməli işi ilə sübut edib. Deməli, yaradılan şərait öz bəhrəsini verib və çəkilən zəhmət hədər getməyib.
Cəhri kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Çingiz Tahirovla kənd mərkəzində görüşürük. Deyir ki, son illər kənd mərkəzləri üçün inşa olunan yeni binalar muxtar respublikada həyata keçirilən quruculuq tədbirlərinin tərkib hissəsinə çevrilib. Belə ünvanlar yaşayış məntəqələrinin vahid mərkəzdən idarə olunmasında mühüm əhəmiyyət daşıyır. Cəhridə də yeni kənd mərkəzinin istifadəyə verilməsi bu istiqamətdə görülən işlərin davamıdır. Kənd mərkəzinə xüsusi yaraşıq verən, müasir memarlıq üslubunda tikilmiş ikimərtəbəli binada icra nümayəndəliyi, bələdiyyə, mədəniyyət evi, kitabxana, baytarlıq məntəqəsi, rabitə evi, polis sahə müvəkkili üçün otaqlar ayrılıb, həmin təşkilatların normal fəaliyyətinə hər cür şərait yaradılıb. Binanın həyətində geniş abadlıq işləri aparılıb, kəndin mərkəzi meydanı tamamilə yenidən qurulub, yeni istirahət parkı salınıb. Ərazidə Sovet İttifaqı Qəhrəmanı Qəzənfər Əkbərovun büstü ucaldılıb.
İcra nümayəndəsi bildirir ki, 2007-ci ildə aparılan quruculuq tədbirləri çərçivəsində Naxçıvan-Şahbuz avtomobil yolundan Cəhri və Payız kəndlərini birləşdirən 13 kilometrlik abadlaşdırılmış yolu da nəzərə alsaq, görülən işlərin həyatımızın müxtəlif sahələrini əhatə etdiyini görərik. Cəhri və Payız kəndlərinin sakinləri rahat və hamar yolla qısa vaxt ərzində Naxçıvan şəhərinə və rayon mərkəzinə gedib-gələ bilirlər.
Kəndin simasının əsaslı surətdə dəyişdirilməsi, gözəlliyə qovuşdurulması üçün müasir arxitektura üslubundan istifadə olunub. Nəticə isə göz qabağındadır. Yeri gəlmişkən onu da qeyd edim ki, cəhrililər onlar üçün qurulub-yaradılanları qoruyub saxlamağı bacarırlar.
Cari ilin quruculuq ərməğanları
Cəhrililər 2014-cü ili – “Muxtariyyət ili”ni özləri üçün ikiqat bayram ili hesab edirlər. Bu il kənddə bir neçə obyektin açılışı olub. Yəni 2007-ci ildə həyata vəsiqə alan yeni ünvanların sayı bir qədər də artırılıb.
El ağsaqqalı Nəriman Novruzov:
– Bu kənddə doğulmuşam. Burada boya-başa çatmışam. Dediyim odur ki, Cəhrinin dünənini yaxşı xatırlayır, bu günü ilə qürur duyuram. 2014-cü ildə Cəhrini daha da gözəlliyə qovuşduranlara dərin minnətdarlığımı bildirirəm. Vallah, kiçik iş deyil qısa vaxtda bu boyda iş görmək. Bunu ancaq qəlbi yurda bağlı olan, özünü mənsub olduğu xalqın sabahına cavabdeh sayan qurub-yaratmaq əzmli rəhbər edə bilər.
Bu il fevral ayının 19-da keçirilən açılış mərasimləri zamanı kənd sakinləri ilə görüşündə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Cəhri muxtar respublikanın böyük kənd yaşayış məntəqələrindən biridir. Ötən dövrdə kəndin inkişafına hərtərəfli diqqət göstərilmiş, kənddə içməli və suvarma su təminatı yaxşılaşdırılmış, mənzillər daimi elektrik enerjisi və təbii qazla təmin edilmiş, yeni sosial obyektlər tikilmişdir. Bu gün kənddə müasir tələblərə cavab verən 2 məktəb binası, musiqi məktəbi, xidmət mərkəzi və sahə xəstəxanası fəaliyyət göstərir. Həmçinin kənddə rabitə xidmətinin keyfiyyəti yüksəldilmiş, yeni nəsil texnologiyalara əsaslanan avtomat telefon stansiyaları qurulmuşdur. Yaradılanlar kəndlə şəhər arasındakı fərqin aradan qaldırılmasına, sakinlərin sosial problemlərinin həllinə və yeni iş yerlərinin açılmasına səbəb olmuşdur. Eyni zamanda görülən bu işlər ölkəmizin inkişafının bir kəndin timsalında göstəricisidir”.
Budur, bu ilin fevral ayında istifadəyə verilmiş 1 nömrəli tam orta məktəbin həyətindəyik. Məktəbin direktoru Volodya Novruzovla söhbət edirik. Müəllimlər də ikibir, üçbir ətrafımıza yığışırlar. Bildirirlər ki, müasir məktəb binasının istifadəyə verilməsi müəllim və şagird kollektivinə ən böyük hədiyyədir. Məktəbdə təhsilin səmərəliliyini artırmaq üçün yeni imkanlar yaradılıb. Onlar yaradılan yüksək təhsil şəraitindən düzgün istifadə edərək bundan sonra da vətənpərvər və bilikli gənclər yetişdirəcəklərini bildirdilər. Təhsil ocağının coğrafiya müəllimi, coğrafiya üzrə fəlsəfə doktoru Əli Həsənov bu məktəbin qədim tarixə malik olduğundan danışır. Deyir ki, 1885-ci ildə Cəhridə məktəb yaradılıb. Bu məktəbə ətraf yaşayış məntəqələrindən də şagirdlər cəlb edilib. 1904-1905-ci tədris ilində tədris ocağı rus-tatar məktəbinə çevrilib. Məktəb 1920-ci ilə kimi fəaliyyət göstərib. Tədris ocağı 1959-cu ildən orta məktəb kimi fəaliyyət göstərir. Bu illərdə məktəb böyük uğurlara imza atıb. Fəlsəfə və elmlər doktorları Səfəralı Babayev, Nəriman Orucəliyev, Hacı Qadir Qədirzadə, Fəxrəddin Səfərli, Məhəmmədəli Novruzov və onlarla belələri ilk təhsillərini bu məktəbdə alıblar.
Yeni məktəb binasının açılışında Ali Məclis Sədrinin “Ölkəmizdə təhsil quruculuğu sahəsində həyata keçirilən tədbirlər muxtar respublikada da davam etdirilir. Yeni məktəb binaları tikilir, təhsil ocaqları lazımi tədris avadanlıqları və informasiya texnologiyaları ilə təmin edilir, dərslər müasir təhsil metodları əsasında tədris olunur. Cəhri kənd 1 nömrəli tam orta məktəbinə də bu qayğıdan pay düşmüşdür. Yaradılan şərait dərslərin keyfiyyətlə tədrisinə və daha yaxşı mənimsənilməsinə imkan verəcəkdir. Müəllimlər bilməlidirilər ki, onlar ölkəmizin gələcəyini hazırlayırlar. Ona görə də hər bir gənc təhsilli böyüdülməklə yanaşı, həm də əsl vətəndaş kimi yetişdirilməlidir” tövsiyəsi əməli fəaliyyət proqramı kimi qəbul olunub. Məktəbin əvvəlki illərdə qazandığı nailiyyətlər də deməyə əsas verir ki, köklü maarifçilik ənənələri daha böyük uğurlar qazanılmasında əhəmiyyətli rol oynayacaq, qarşıya qoyulan vəzifələr yüksək səviyyədə yerinə yetiriləcək. Qeyd edək ki, 2012-2013-cü dərs ilində məktəbi bitirən məzunlardan 22-si ali məktəblərə, 2-si isə orta ixtisas məktəblərinə qəbul olunub, 7 şagird 500-700 intervalında yüksək bal toplayıb.
Direktor deyir ki, informasiya texnologiyalarının imkanlarından istifadə müasir təhsil sisteminin qarşısında duran başlıca vəzifələrdəndir. Cəhri kənd 1 nömrəli tam orta məktəbin kompüter otaqlarında 57 kompüter quraşdırılıb və internetə qoşulub. Məktəbdə 4 elektron lövhəli sinif vardır. İnternetə çıxışı olan və lazımi elektron dərsliklərlə təmin edilən interaktiv lövhələr elektron təhsil mübadiləsinin aparılmasına imkan verib.
İcra nümayəndəsi ilə cari ilin digər quruculuq ünvanlarına gedirik. Budur, Cəhri kəndindəki xidmət mərkəzindəyik. Burada 2 bərbərxana, 2 qadın gözəllik salonu, dərzi, ət satışı yeri, ərzaq, sənaye və təsərrüfat malları olmaqla, 3 mağaza fəaliyyət göstərir. Kənd camaatı bu ünvanlardakı xidmətlərdən razılıq edir.
Yeni quruculuq ünvanlarından biri də Cəhri Kənd Sahə Xəstəxanasıdır. Səhiyyə müəssisəsi iki mərtəbədən ibarətdir. Yenidənqurmadan sonra istifadəyə verilən səhiyyə ocağının baş həkimi Qulam Allahverdiyev muxtar respublikada səhiyyə quruculuğu sahəsində aparılan işlərin Cəhri Kənd Sahə Xəstəxanasını da əhatə etdiyini vurğulayaraq yaradılan şəraitə görə ağxalatlı peşə sahibləri adından minnətdarlığını bildirdi. Dedi ki, Cəhridə səhiyyə müəssisəsinin əsası 1892-ci ildə qoyulub. Tibb ocağı 1904-cü ildə 6 çarpayılıq sahə xəstəxanasına çevrilib. Bu gün isə 20 çarpayılıq səhiyyə ocağı kimi fəaliyyət göstərən Cəhri Kənd Sahə Xəstəxanası tam müasir tələblər səviyyəsində qurulub, lazımi tibbi avadanlıqlarla təmin edilib. Burada stasionar və poliklinika şöbələri, doğuş və ginekologiya bölməsi fəaliyyət göstərir.
Xəstəxananın stomatoloqu Qələndər Əsədov: – Xəstəxanada yaradılan müasir şərait kollektiv qarşısında mühüm vəzifələr qoyub. Həkimlər burada yaradılan şəraitdən səmərəli istifadə etməyə səy göstərirlər. Müxtəlif profilaktik tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılır. Əhali arasında maarifləndirici tədbirlərə geniş yer verilir. Məqsəd isə ondan ibarətdir ki, kənd sakinlərinin sağlamlığı qorunsun. Həkim göstərilən yüksək diqqət və qayğıya görə muxtar respublika rəhbərinə kollektiv adından minnətdarlıq etdi.
* * *
Məlumat üçün onu da bildirək ki, Cəhri kəndində aparılan tikinti işləri zamanı kənddaxili 2,8 kilometr yola asfalt örtük salınıb. Əhalinin rabitə xidmətindən istifadəsinin səviyyəsinin yüksəldilməsi məqsədilə mövcud telefon stansiyası 1024 nömrəlik yeni nəsil avtomat telefon stansiyası ilə əvəz olunub. Cəhri və Gülşənabad kəndlərini əhatə edən 256 nömrəlik yeni nəsil avtomat telefon stansiyası quraşdırılıb, 400 metr rabitə xətti çəkilib. Quruculuq tədbirləri elektrik, qaz və su təsərrüfatını da əhatə edib, 850 metr yeni elektrik verilişi xətti çəkilib, 550 metr qaz xəttinin yeri dəyişdirilib, 2020 metr uzunluğundakı içməli su xəttində isə təmir-bərpa işləri aparılıb.
Söhbətimizin əvvəlində xatırladığım epizodun təsadüfi olmadığını oxucu da təsdiq edər. Çünki bir kənd yaşayış məntəqəsində bu həcmdə işlərin görülməsi həm inkişaf və tərəqqinin ifadəsi, həm də insana, onun layiq olduğu səviyyədə yaşamasına və yurd yerlərinə göstərilən qayğı deyilmi?
Bunu da hörmətli oxucu təsdiq edər ki, bu gün qədim diyarımızın bütün guşələrini belə qayğı öz ağuşuna alıb.
Muxtar MƏMMƏDOV