22 Dekabr 2024, Bazar

Azərbaycanın sosial-iqtisadi həyatının əsl inkişafının təmin edilməsi ölkəmiz müstəqillik əldə etdikdən sonra ümummilli liderimiz Heydər Əliyevin milli inkişaf strategiyasının və onun icrası sahəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi islahatların məntiqi nəticəsidir.
Azərbaycanda qısa müddət ərzində yeni iqtisadi sistemin qurulmasına xidmət edən ciddi islahatların həyata keçirilməsi əhalinin həyat səviyyəsinin yüksəldilməsinin başlıca istiqamətlərindəndir. Ölkəmizdə əhalinin sosial müdafiəsi sahəsində sığorta-pensiya sistemində aparılan köklü islahatlar da bu qəbildəndir.

Əhalinin sosial müdafiəsinin bazar iqtisadiyyatı mühitinə uyğunlaşdırılaraq yenidən qurulması, beynəlxalq təcrübəyə əsaslanmaqla pensiya sistemində islahatların aparılması öz başlanğıcını 2001-2005-ci illəri əhatə edən “Azərbaycan Respublikasında Pensiya İslahatları Konsepsiyası”ndan götürmüşdür. Konsepsiya islahatının mahiyyətini təşkil edən sığorta-pensiya və sosial yardım sistemlərinin bir-birindən ayrılması sığorta münasibətlərinə əsaslanan pensiya sisteminin qurulması məqsədini daşıyırdı. 2001-2005-ci illərdə konsepsiyanın reallaşdırılması istiqamətində ciddi addımlar atılmış, əhaliyə pensiya və müavinətlərin ödənilməsi və digər sosial ödənişlər üzrə xərclərin, pensiyaların orta və minimum məbləğlərinin hər il artımı müşahidə olunmuş, bu sahədə köklü dəyişik­liklər baş vermişdir. Konsepsiyanın qarşıya qoyduğu məqsədlərdən biri də ölkədə vahid sığorta-pensiya orqanının təşkili, sosial sığorta, fərdi uçot və pensiya təminatı funksiyalarının həmin orqanda mərkəzləşdirilməsi idi.
“Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Qanunun tətbiq edilməsi ilə ölkədə məcburi dövlət sosial sığorta sistemində fərdi uço­tun əsası qoyulmuş və onun həyata keçirilməsinə başlanılmışdır.
2006-cı il yanvar ayının 1-dən “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə minməsi ilə ölkəmizdə yeni sığorta-pensiya sisteminin tətbiqinə başlanmışdır. Bu gün ölkəmizdə sığorta-pensiya sistemi “Sosial sığorta haqqında”, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir. Yeni sistem, ilk növbədə, sığortaolunanlar üçün fərdi hesabların açılmasını, ödənilən sığorta haqlarının həmin hesablar üzrə fərdi uçotunun qurulmasını, vətəndaşların pensiya təminatının bu uçotun məlumatlarına əsasən aparılmasını nəzərdə tutur. Fərdi uçotun tətbiqi sığortaolunanların ödədikləri sığorta haqları ilə onlara ödəniləcək pensiyaların məbləği arasında əlaqənin yaradılmasına imkan verir.
Sığorta-pensiya sisteminin öz-özünü tənzimləyən bir sistem kimi inkişafına nail olmaq üçün qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Pro­qramı”nda pensiya təminatında sığorta prinsiplərinin gücləndirilməsi, onun inkişaf istiqamətlərinin aktual hesablamalar əsasında müəyyən olunması, dayanıqlı və dinamik inkişafa nail olunması, vətəndaşların pensiya təminatının daha da təkmilləşdirilməsi üçün əsas məqsəd və vəzifələr müəyyən edilmişdir. Dövlət proqramı çərçivəsində “Əmək pensiyaları haqqında” Qanuna əlavə və dəyişikliklər edilmişdir. Bu dəyişikliklərə əsasən, “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qazanılmış pensiya hüquqlarının müəyyənləşdirilməsində əməkhaqqına istinad aradan qaldırılmış, hesablamaların vahid staj göstəricisinə əsasən aparılması həyata keçirilmişdir. Yeni qaydanın tətbiqi bütün sığortaolunanlar üzrə 2006-cı ilin 1 yanvarınadək qazanılmış pensiya hüquqlarının ilkin pensiya kapitalı şəklində fərdi hesablarda qeydiyyatının aparılmasına imkan verir.
2010-cu il yanvar ayının 1-dən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanuna edilmiş əlavə və dəyişikliklər yeni təyin olunmuş pensiyaların məbləğinə əhəmiyyətli dərəcədə təsir göstərməklə yanaşı, aparılan islahatların ölkəmizdə əhalinin sosial müdafiəsinin daim diqqət mərkəzində olduğunu təsdiqləyir. Üçpilləli pensiya təminatı müəyyənləşdirilmiş, əvvəlki sistemlə pensiyaya çıxmış insanların da bu sistemlə əhatə olunması, onların pensiya hüquqlarının qorunmasında sosial ədalətin gözlənilməsi və heç bir məhdudiyyət qoyulmadan yeni şəraitə inteqrasiyası tamamlanmış, işləyən pensiyaçıya yaşa görə əmək pensiyasının 50 faiz həcmində ödənilməsi ləğv olunmuş və onlar öz pensiyalarını tam məbləğdə almağa başlamışlar.
Bütövlükdə, pensiyaların artımı mexanizminin bazar iqtisadiyyatının tələblərinə uyğunlaşdırılması mövcud maliyyə imkanlarının pensiyaçılar arasında daha ədalətli bölgüsünə və pensiya məbləğlərinin indeksləşdirilməsi vasitəsilə inflyasiyadan qorunmasına şərait yaratmışdır. Eyni zamanda vətəndaşların pensiya hüquqlarının fərdi uçotun məlumatları əsasında müəyyənləşdirilməsi və beləliklə, pensiya təminatında sığorta prinsiplərinə keçid təmin edilmişdir.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun və onun yerli orqanlarının maddi-texniki bazası tamamilə yenidən qurulmuş, bütün şöbələrdə müasir standartlara cavab verən avtomatlaşdırılmış iş yerləri yaradılmışdır. Məcburi dövlət sosial sığorta haqlarının tam daxil olması, daxilolmalarda “onlayn” ödəmə sisteminin tətbiqi, ödəmələrin internet vasitəsilə plastik kartlarla aparılması, daxil olan vəsaitlərin elektron fərdi uço­tunun aparılması, vətəndaşların fərdi uçot məlumatları əsasında onlara qanuni hüquqları yarandıqda pensiya təyin edilməsi və təyin olunmuş pensiyaların müasir ödəniş vasitəsi – plastik kartlar vasitəsilə pensiyaçılara vaxtında çatdırılması və sığorta-pensiya sisteminin digər funksiyaları uğurla həyata keçirilir. Həmin funksiyaların icrasına Dövlət Sosial Müdafiə Fondunun şöbələri tərəfindən ciddi nəzarət edilir. Hazır­da isə Naxçıvan Muxtar Respublikasında avtomatlaşdırılmış pensiya təyinatının tətbiqi ilə əlaqədar hazır­lıq işləri davam etdirilir. Bununla yanaşı, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən sığortaedən və sığorta­olunanlara 22 növ elektron xidmət göstərilməsi nəzərdə tutulur.
Göründüyü kimi, ölkəmizdə və muxtar respublikamızda sığorta-pensiya sisteminin yüksək səviyyədə qurulması əhalinin bu sistemin üstünlüklərindən maksimum yararlanmasına şərait yaradacaqdır.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR