Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi ümumtəhsil məktəblərində yanğın təhlükəsizliyi ilə bağlı müəyyən olunmuş tələblərə əməl olunması ilə əlaqədar Ordubad rayonunun Aza kənd tam orta məktəbində maarifləndirici tədbir keçirib.
Giriş sözü ilə çıxış edən məktəbin direktoru Təvəkkül Məmmədov tədbirin mahiyyəti barədə məlumat verib. Yığıncaqda Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Yanğın nəzarəti və yanğından mühafizə işinin təşkili bölməsinin rəisi, daxili xidmət kapitanı Mirtaleh Seyidovun “Təhsil müəssisələrində yanğın təhlükəsizliyi ilə bağlı müəyyən olunmuş tələblərə riayət olunması və yanğın hadisəsi zamanı davranış qaydaları”, həmin bölmənin baş zabiti, daxili xidmət kapitanı Azər Qasımovun “Qaz və elektrik cihazlarının istismarı zamanı yanğın təhlükəsizliyi qaydaları, dəm qazının yaranma səbəbləri və yaşayış sahələrində baş verən yanğın hadisələrinin səbəbləri”, nazirliyin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin Dövlət yanğın nəzarəti bölməsinin rəisi, daxili xidmət baş leytenantı Hasil Məmmədovun “Yaşayış sahələrində baş verən yanğın hadisələrinin səbəbləri və əhalinin yanğın təhlükəsizliyi sahəsində maarifləndirilməsi”, Fövqəladə halların xəbərdar edilməsi şöbəsinin əhalinin maarifləndirilməsi və metodik yardımın təşkili üzrə məsləhətçisi Əbülfəz Qafarovun “Fövqəladə hadisələr, onun xüsusiyyətləri və fövqəladə hadisələr zamanı davranış qaydaları” mövzularında məruzələri dinlənilib.
Sonda iştirakçılara “Yaşayış evlərində və mənzillərdə yanğın təhlükəsizliyi qaydaları” adlı yaddaş kitabçaları paylanılıb.
Türkan HÜSEYNLİ