Son 18 ildə muxtar respublikada demoqrafik vəziyyətin nizamlanması, həmçinin əhalinin məskunlaşması və təsərrüfat sahələrinin inkişaf etdirilməsi, şəhərlərin, qəsəbələrin, kəndlərin sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən tədbirlər öz bəhrəsini verməkdədir. Doğma diyarımızın, eləcə də paytaxt Naxçıvan şəhərinin sosial-demoqrafik inkişafı, əhalinin mənzil-məişət şəraitinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması dediklərimizə sübutdur. Muxtar respublikada mənzil-tikinti sektoru üzrə uzunmüddətli vahid dövlət siyasətinin formalaşdırılması nəticəsində qoca Şərqin qapısı sayılan Naxçıvanda mənzil tikinti sektoru günbəgün genişlənir və imkanlarını artırır.
Əgər 18 il bundan əvvəl hər hansı bir tikinti təşkilatı ildə cəmi bir obyektdə inşaat işləri aparmaq imkanına malik idisə, bu gün dövlət qayğısından bəhrələnən və muxtar respublikanın çiçəklənməsində böyük rolu olan tikinti şirkətləri onlarla yaşayış binası tikmək imkanına malikdirlər. Ötən müddət ərzində yüzlərlə bina əsaslı şəkildə yenidən qurulub, mənzillərin sahəsi genişləndirilib, yaşayış binalarının əksəriyyəti möhkəmləndirilib və əlavə mərtəbələr artırılıb, lazımi kommunal-məişət şəraiti yaradılıb.
Yaradılan şərait yaşayış binaları sakinlərinin rahatlığının təmin olunması, onların yaşayış şəraitinin daha da yaxşılaşdırılması məqsədi daşıyır.
Qeyd edək ki, muxtar respublikada yaşayış standartlarının davamlı yüksəlişi, mənzil-kommunal sektorunda genişmiqyaslı yenidənqurma tədbirləri, infrastrukturun tamamilə yenilənməsi, qısacası, rahat yaşayış üçün əsas kriteriyaların tam təmin olunması muxtar respublikaya daimi yaşayış üçün gələnlərin də sayını artırıb. Son 10 ildə 3900-ə yaxın ailə daimi yaşayış üçün Naxçıvana gəlib. Bu tendensiyanın davam etdiyini və muxtar respublika üzrə il ərzində orta hesabla qurulan 4 mindən çox gənc ailələri də nəzərə alsaq, mənzil bazarında məcmu tələbin yaxın illərdə daha da güclənəcəyini proqnozlaşdırmaq mümkündür. Qeyd olunan ailələrin bir qismi fərdi ev inşa etməyə, digər böyük bir hissəsi isə hazır mənzil almağa üstünlük verir. İl ərzində Naxçıvan Muxtar Respublikası üzrə əhalinin şəxsi vəsaiti hesabına tikilən, orta hesabla, 300 min kvadratmetr yaşayış sahəsinin də məhz böyük bir hissəsi bu tip ailələrin payına düşür. Daimi yaşayış üçün Naxçıvanı seçənlərin əsas səbəb kimi göstərdiyi amillər sırasında idarəetmədə insan amilinin üstünlüyü, elektrik, qaz və su təminatının yüksək səviyyədə olması, mənzillərin pulsuz təmir edilməsi, mənzillərə pulsuz qaz sobasının verilməsi, istilik xətləri və radiatorların quraşdırılması, məhəllədaxili abadlıq və təmizlik, evlərin və avtomobillərin mühafizəsi üçün əlavə xərc çəkilməməsi də var. Bütün bunlar onu göstərir ki, daimi yaşayış üçün Naxçıvanın seçilməsi uğurlu islahatların məntiqi nəticəsidir və hazırda daha da intensivləşməkdə olan bu müsbət meyilli miqrasiya prosesi mənzil bazarına ciddi təsir göstərməkdədir.
Bu gün muxtar respublikada həyata keçirilən yenidənqurma və abadlıq işləri Naxçıvan şəhərinin timsalında daha aydın görünür. Son illər şəhərin küçə və meydanları, park və xiyabanları yenidən qurulub, yeni sosial obyektlər, inzibati və yaşayış binaları tikilərək istifadəyə verilib. Bu istiqamətdə həyata keçirilən tədbirlər sakinlər tərəfindən böyük rəğbət hissi ilə qarşılanır. Sakinlər Naxçıvan şəhərinin günü-gündən çiçəklənməsinin böyük iftixar hissi doğurduğunu, aparılan quruculuq və abadlıq işlərindən, yaradılan yüksək şəraitdən hər bir şəhər sakininə pay düşdüyünü qeyd edirlər. Onlar yaşayış binalarının ən müasir tələblər səviyyəsində təmir olunmasını dövlətimizin insanların məişət şəraitinin yaxşılaşdırılmasına göstərdiyi yüksək diqqət və qayğının nəticəsi kimi dəyərləndirir, bu diqqət və qayğıya görə minnətdarlıqlarını bildirirlər.
Muxtar respublikada gənclərin mənzilə olan tələbatının ödənilməsi istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. Bu sahədə görülən işlərin tərkib hissəsi olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Proqram”a əsasən, Naxçıvan şəhərinin Əziz Əliyev küçəsində yeni yaşayış kompleksinin – “Gənclər şəhərciyi”nin tikintisinə start verilib. “Gənclər şəhərciyi” yaşayış kompleksinin təməlatma mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Gənclərin mənzil təminatının ödənilməsi məqsədilə tikilən yeni şəhərcik mühüm əhəmiyyət daşıyır. Çünki gənclərin mənzillərlə təmin olunması qarşıda duran başlıca vəzifələrdəndir. “Gənclər şəhərciyi” muxtar respublikada bu məqsədlə inşa olunan ilk yaşayış kompleksidir. Burada 302-si ikiotaqlı və 204-ü üçotaqlı olmaqla, ümumilikdə, 506 mənzil, alış-veriş mərkəzləri, idman qurğuları və digər xidmət sahələri istifadəyə veriləcək. Bu da sakinlərin rahatlığının təmin olunmasına və onların gündəlik tələbatlarının ödənilməsinə şərait yaradacaqdır”.
Dövlət dəstəyi hesabına tikilən yaşayış kompleksinin hər cür kommunal-məişət şəraiti olacaq. Tikinti işləri 2 il müddətində başa çatdırılacaq və mənzillərin satışı ipoteka yolu ilə həyata keçiriləcək. Bu da gənclərin tez bir zamanda mənzillə təmin olunmalarına imkan verəcək. Hazırda ərazidə ikisi 9 mərtəbəli, ikisi 11 mərtəbəli və biri 13 mərtəbəli olmaqla, 5 bina inşa olunur. Binalardakı ikiotaqlı mənzillərin sahəsi 60-77 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi isə 104-142 kvadratmetr nəzərdə tutulub. Yaşayış binalarının hər birində sərnişin və yük lifti quraşdırılacaq, 323 yerlik yeraltı avtomobil dayanacağı yaradılacaq.
Şəhərciyin kommunal-məişət şəraiti və sosial infrastrukturu da ən müasir tələblər səviyyəsində qurulacaq. Həyətyanı sahədə müasir işıqlandırma və təhlükəsizliyi təmin etmək üçün videokamera sistemləri quraşdırılacaq, uşaq bağçası, basketbol və voleybol, eləcə də açıq şahmat meydançaları inşa olunacaq. Həmçinin kompleksi “Cahan” Ticarət Mərkəzi ilə birləşdirən yeraltı keçid istifadəyə veriləcək.
Qeyd edək ki, yeni yaşayış binalarının tikintisi bunlarla məhdudlaşmır. Belə ki, Naxçıvan şəhərinin Atatürk küçəsində inşası davam etdirilən 9 nömrəli yaşayış binasının tikintisi sürətlə davam etdirilir. Zirzəmi ilə birlikdə 9 mərtəbədən ibarət olacaq binada tikinti işlərinə keçən ilin fevral ayından başlanılıb. Binada üç və dördotaqlı 54 mənzil olacaq. “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən həyata keçirilən tikinti işlərində, əsasən, yerli materiallardan istifadə olunur. Tikintidə təhlükəsizlik qaydalarına ciddi əməl edilir. İnşaatçılar işin keyfiyyətlə və vaxtında başa çatdırılması üçün əllərindən gələni əsirgəmirlər.
Naxçıvan şəhərinin Heydər Əliyev prospektində zirzəmi ilə birlikdə 9 mərtəbədən ibarət olan yaşayış binası da ev almaq arzusunda olan ailələr üçün geniş imkanlar yaradır. “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən tikintisinə ötən ilin aprel ayından başlanılmış 36 mənzilli binanın zirzəmi hissəsində avtomobil parkı, birinci mərtəbəsində isə ticarət obyektləri yerləşəcək. Dördotaqlı mənzillərdən ibarət bu yaşayış binası mənzillərinin genişliyinə və rahatlığına görə seçilən ünvanlardan olacaq.
Şəhərin Əziz Əliyev küçəsində isə 3 yeni yaşayış binasının ucaldılması əraziyə yeni görkəm bəxş edib. Obyektlərin inşasını həyata keçirən Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsindən aldığımız məlumata görə, inşaat işlərinin davam etdirildiyi yaşayış binalarından ikisi 30, biri isə 20 mənzillidir. Ümumilikdə, 80 mənzildən 75-i ikiotaqlı, 5-i isə üçotaqlıdır. Üçotaqlı mənzillər 65 kvadratmetr, ikiotaqlı mənzillər isə 54 kvadratmetr sahəni əhatə edir. Məlumat üçün bildirək ki, “2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Proqram”a əsasən, şəhərimizin Kazım Talıblı küçəsində və Atabəylər məhəlləsində də yeni yaşayış binalarının inşası üçün hazırlıqlar görülüb.
Səbuhi HÜSEYNOV