Muxtar respublikada diqqət mərkəzində saxlanılan məsələlərdən biri də keyfiyyətli televiziya yayımının təşkilidir. Naxçıvanda DVB-T (Digital Video Broadcasting-Terrestrial – Yerüstü Rəqəmli Video Yayım) standartına uyğun olaraq, 2012-ci ilin mart ayından etibarən rəqəmsal yayıma başlanılıb. Hazırda muxtar respublikanın yaşayış məntəqələrinin 94 faizində sosial paketdə olan 12 televiziya kanalının (NTV, AzTV, İTV, Lider TV, Kanal 35, Space TV, ANS TV, ATV, Xəzər TV, ATV int (CBS), Mədəniyyət və İdman Azərbaycan) rəqəmsal formatda yayımı təmin edilib.
Bunun üçün 7 güclü və 30 azgüclü televiziya vericisi və rəqəmli TV siqnalları formalaşdıran baş stansiya istifadəyə verilib. Cari ilin iyul ayınadək daha 19 vericinin dağlıq ərazilərdəki yaşayış məntəqələrində quraşdırılması planlaşdırılıb. Bu mərhələ başa çatdıqdan sonra muxtar respublikanın bütün yaşayış məntəqələri yüksəkkeyfiyyətli rəqəmsal televiziya yayımı ilə təmin ediləcəkdir.
Qeyd edək ki, rəqəmsal televiziyanın yayımının analoq televiziyadan əsas üstünlüyü onun bir tezlik kanalında 10 və daha çox TV kanallarının yüksək keyfiyyətlə yayım imkanlarının olmasıdır ki, bu da ölkənin istənilən ərazisində mərkəzdən yayımlanan TV kanallarının yüksək keyfiyyətlə qəbul olunmasına imkan yaradır. DVB-T standartlı rəqəmli televiziya yayımının digər üstünlükləri təsvir və səs siqnallarının kənar maneələrə qarşı davamlı olması, digər rabitə vasitələri tərəfindən yaradılan maneələrin minimum olması, proqramların sayının xeyli artırılması və vericilərin gücünün daha aşağı olmasıdır.
Xatırladaq ki, DVB-T standartını dəstəkləyən televizorlar rəqəmsal yayımı birbaşa qəbul edir və əlavə heç bir qurğuya ehtiyac qalmır. Ona görə muxtar respublika sakinlərinə tövsiyə olunur ki, yeni televizor alarkən onun rəqəmsal yayımı dəstəkləməsinə diqqət yetirsinlər.
Naxçıvan Muxtar Respublikası
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidməti