Yaz bərəkəti qardan alar
Hər fəslin özünəməxsus gözəlliyi var: ağaclar çiçəkləyəndə bahar daha gözəl görünür; meyvələr yetişəndə yayın gözəllikləri hiss olunur; ağacların yarpaqları qızılı rəngə boyananda payızın sərin nəfəsi duyulur; qışın gözəlliyi isə qarın yağmasındadır. Ancaq bəzən təbiətin elə şıltaqlıqları da olur ki, yaz fəslində belə, qarın yağması ilə rastlaşa bilirsən.
Bəli, naxçıvanlılar yazın ab-havasını, təravətli qoxusunu duyduğu bir vaxtda təbiətin həmin şıltaqlığı ilə qarşılaşdılar. Düzdür, yay aylarında belə, muxtar respublikanın ucqar dağ kəndlərinə qar yağdığı müşahidə olunub, ancaq bu dəfə Naxçıvan şəhəri də daxil olmaqla martın son günlərində muxtar respublikamız yenidən qar yağışı ilə qarşılaşdı. Belə ki, iki gün ərzində muxtar respublikanın müxtəlif bölgələrinə qar yağıb, hər tərəf ağ örpəyə bürünüb. İndi doğma diyarımızın bir tərəfində yaşıllıq və çiçəklik, digər tərəfində isə qar gözəl mənzərəyə səbəb olub. Kimisi onu ruzi, bərəkət adlandırır, “öz yerinə yağıb” deyir, kimisi isə onu bolluq rəmzi kimi qiymətləndirir. Deyirlər ki, sabahın bol məhsulunun təməli də bu qarla qoyulur. Onun atmosferə təmiz hava gətirdiyini düşünənlər də çoxdur.
Ana təbiət artıq bizi ağır sınağa çəkə bilmir. Çünki hələ payız mövsümündən başlanılmış qışa hazırlıq işləri labüd ola biləcək çətinlikləri yaz fəsli olmasına baxmayaraq, aradan qaldırmağa hesablanıb. Əvvəlcə yağıntı ilə bağlı rəsmi məlumatlara nəzər salaq. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən aldığımız məlumata görə, muxtar respublikada dəyişkən hava şəraiti ilə bağlı məlumatlar martın 28-də müəyyən edilib və bununla bağlı mərkəzi və yerli icra hakimiyyəti orqanlarına xəbərdarlıqlar göndərilib. Martın 29-da nazirliyin Hidrometeorologiya İdarəsinin növbəti gün üçün verdiyi məlumatlar öz təsdiqini tapıb, martın 30-da hava şəraiti qısa müddətdə kəskinləşərək temperatur paytaxt Naxçıvan şəhərində gündüz 4, gecə isə -4 dərəcəyə, küləyin sürəti 12 metr/saniyəyə çatıb, yağıntının miqdarı 6 millimetrə, yağan qarın hündürlüyü isə 10 santimetrə qədər yüksəlib. Dəyişən hava şəraiti muxtar respublikamızın müxtəlif bölgələrinə də təsirsiz ötüşməyib, qarın hündürlüyü Şahbuz rayonunda 6 santimetr, Biçənək kəndi ərazisində 8 santimetr, Sədərək rayonunda 2 santimetr, Şərur rayonunda 3 santimetr, Culfa rayonunda 8 santimetr, Ordubad rayonunda 21 santimetr, rayonun dəniz səviyyəsindən 3000 metr yüksəklikdə yerləşən ərazilərində isə 30 santimetrə qədər olub. Muxtar respublikaya martın 29-30-da düşən yağıntının aylıq miqdarına nəzər salsaq, Ordubad rayonuna düşən yağıntı aylıq normanın 80, Arazboyu düzənlik ərazilərində 50-60, dağlıq rayonlarda 60-70, yüksək dağlıq ərazilərdə isə 80 faizinə bərabər olub.
Bu bir həqiqətdir ki, yaz bərəkəti, bolluğu qışın qarındadır. Bəs gözlənilməyən bu qar kənd təsərrüfatına necə təsir edəcək? Bu qar nə gətirəcək: bolluq, yoxsa qıtlıq? Əvvəlcə onu qeyd edək ki, quru-kontinental iqlimə malik muxtar respublikaya yağan yağıntının aylıq normanın ən az 50 faizindən yuxarı təşkil etməsi əkin sahələri üçün faydalıdır. Məlumdur ki, hər yaz mövsümünün bu çağında bir çox kənd təsərrüfatı bitkiləri, o cümlədən taxıl, çoxillik yem, həmçinin dəmyə sahələrdə əkilmiş müxtəlif bitkilərin suya tələbatı olur. Deməli, yağan qar bu su ehtiyacını ödəməklə bərabər, həm də salınmış müxtəlif meyvə ağaclarının, əkin və otlaq sahələrinin inkişafı üçün əlverişli şərait yaradır. Bu amil cari ildə yaxşı məhsul əldə edilməsi üçün mühüm şərtlərdəndir. Məsələnin digər tərəfi isə bir çoxlarının da düşündüyü kimi, gözlənilməz qarın təsərrüfata mənfi fəsadları ilə bağlıdır. Ancaq bu sahədə də pessimist olmağa dəyməz. Birinci ona görə ki, muxtar respublikamızda ilin bu vədəsində yalnız çox az sayda meyvə ağacları (ərik və göycə) çiçək açmağa başlayır. Həm də bu meyvə ağaclarının çiçək tumurcuqlarının məhv olması ilə bağlı fikir yürütmək də doğru olmaz. Hər halda müvafiq qurumların rəsmi açıqlamalarından sonra bu haqda ümumi bir fikrə gəlmək olar. Digər tərəfdən isə hətta bir-iki növdə meyvə ağacına dəyən zərəri ümumi kənd təsərrüfatı əkinlərinin zərəri kimi qəbul etmək düzgün deyil. Yağıntının digər əkin sahələrinə, eyni zamanda Ana Təbiətin özünə olan əhəmiyyətini düşünsək, qarşımızdakı mənzərənin hər kəs üçün faydalı olacağını fikirləşmək lazımdır. Necə deyərlər, qar öz yerinə yağıb. Ruzili, bərəkətli olsun!
Sara ƏZİMOVA