22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində muxtar respublikada fəaliyyət göstərən məktəbəqədər müəssisələrin metodist və tərbiyəçilərinin iştirakı ilə kurs təşkil edilmişdir.
Tədbiri komitənin sədri Ramilə Seyid­ova açaraq bildirmişdir ki, Naxçıvan Muxtar Res­publikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilən “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı”nın əsas məqsədi muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların digər uşaqlarla bərabər təhsil hüquqlarını təmin etməkdən, cəmiyyətə inteqrasiyasına nail olmaqdan, sosial reabilitasiyasını gücləndirməkdən, müasir informasiya texnologiyalarından istifadə imkanlarını artırmaqdan, onların məktəb mühitinə uyğunlaşmalarını təmin etmək üçün müvafiq pedaqoji kadr hazırlığı aparmaqdan, inklüziv və məsafədən (distant) təhsilə keçidə zəmin yaratmaqdan ibarətdir. Dövlət pro­qramına uyğun olaraq, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi qarşıya qoyulmuş vəzifələrin icrasını daha mütəşəkkil həyata keçirməyə çalışır. Proqramın həyata keçirilməsi üzrə Tədbirlər Planının məktəbəqədər təhsil müəssisələri üzrə görüləcək işlər hissəsi məhdud fiziki və məhdud əqli imkanlı uşaqların valideynləri üçün arzuolunan fəaliyyətdir.

Məktəbəqədər yaşda olan sağlamlıq imkanları məhdud uşaqların müəyyənləşdirilməsi və onlar haqqında məlumat bazasının yaradılması, bu uşaqların Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzinə yerləşdirilməsi, əqli və fiziki potensialları nəzərə alınaraq məktəbəqədər təhsil müəssisələrinə cəlb edilməsi, onların yaradıcılıq qabiliyyətlərini inkişaf etdirən tədbirlərin görülməsi bu hissənin prioritetləri sırasındadır.
Qeyd edilmişdir ki, son illər muxtar respublikada müasir məktəbəqədər təhsil müəssisələrinin tikilib istifadəyə verilməsi, burada uşaq aləminə uyğun şəraitin yaradılması məktəbəqədər yaşda olan uşaqların bu müəssisələrə  gətirilməsinin sayını xeyli artırmışdır. Bununla yanaşı, etiraf etmək lazımdır ki, valideynlər sağlamlıq imkanları məhdud uşaqlarını uşaq bağçalarına ya aparmaq istəmir, ya da belə hallarda çətinliklərlə üzləşirlər. Unudulmamalıdır ki, fidanların uşaq bağçalarına qədəm qoymaları onların cəmiyyətə inteqrasiyasına ilk addımıdır. Bu, mümkün olmadıqda onlar özlərinə qapanır, inteqrasiya çətinləşir və sağlam uşaqlarla aralarında məsafə yaranır. Pro­qrama uyğun həyata keçiriləcək tədbirlər, müvafiq kurslara cəlb olunmaqla təlim-tərbiyə işinin təşkilində məsul işçilərin bu sahədə peşəkarlıq səviyyələrinin artırılması sağlamlıq imkanları məhdud uşaqların məktəbəqədər təhsil müəssisələrindən yararlanmasında və digər uşaqlara uyğunlaşmasında mövcud auranı dəyişəcəkdir. Ümumtəhsil müəssisələrində sağlamlıq imkanları məhdud uşaqların təhsil alması şəbəkəsinin genişləndirilməsi və onların inklüziv təhsilə cəlbi bütün uşaqların erkən yaşda bir-birlərini dərk etmələrinə gətirib çıxaracaqdır.
Vurğulanmışdır ki, inklüziv təhsil xüsusi qayğıya ehtiyacı olan insanların təlim prosesinə cəlb olunmasıdır. Bu  təhsil forması istər sağlam insanların, istərsə də əlillərin bərabər təhsilalma hüquqlarını təmin edir və bu, cəmiyyətdə sosial bərabərliyin qorunmasına, əlil uşaqların təhsil və başqa xüsusi ehtiyaclarının ödənilməsinə şərait yaratmış olur. Əqli və fiziki imkanları məhdud uşaqların inklüziv təhsilə cəlbi bu baxımdan proqramda öz əksini tapmışdır.
Tədbirdə Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Nazilə Ləzgiyeva çıxış etmişlər.
Çıxış edənlər vurğulamışlar ki, “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı” muxtar respublikada fəaliyyət göstərən məktəbəqədər müəssisələr qarşısında yeni vəzifələr qoyur. Bu vəzifələrin uğurlu icrası sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbində və cəmiyyətə layiqli vətəndaş kimi yetişməsində mühüm rol oynayacaq.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Səbuhi HÜSEYNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR