22 Dekabr 2024, Bazar

Çətirçiçəklilər fəsiləsinə aid edilən, ərzaq, ədva və dərman mənşəli çox­illik səbzə-tərəvəz bitkisi olan razyana inkişafının son mərhələsinə qədər hündürlüyü iki metrə çatan bitkidir. Gövdəsinin aşağı hissəsində yerləşən yarpaqları saplaqlı, yuxarı hissəsindəki yarpaqları isə oturaqdır. Yarpaqları 3-4 qat lələkvari bölümlüdür, çiçəkləri xırdadır, meyvələri ikitoxumludur.
Azərbaycanın əksər bölgələrində əkilib-becərilən adi razyana növüdür. Müəyyən olunub ki, haliyədə əhali tərəfindən əkilib-becərilən və yabanı halda yayılan bu bitkinin ilkin mənşəyi qədim Naxçıvan ərazisidir. Məlum mənbələrin təsvirindən razyana bitkisinin VI əsrdən becərildiyini və müxtəlif təyinatlar üzrə istifadə edildiyini öyrənirik.
Şərur rayonunun Maxta, Aralıq, Xanlıqlar, Püsyan, Babək rayonunun Qoşadizə, Didivar, Kültəpə, Zeynəddin, Qaraqala, Ordubad rayonunun Dəstə, Gənzə, Aza, Əndəmic kənd­lərində geniş ərazilərdə yabanı formada yayılıb və yerli əhali tərəfindən xüsusi peşəkarlıqla əkilib-becərilir. Bitki həm toxumla, həm də kök vasitəsilə asanlıqla çoxaldıla bilir.

Aqrotexnikası

Razyana işıq və nəmlik sevən bitkidir. Kölgəli və tutqun havada vegetasiya müddəti, xüsusən də çiçəkləməsi və toxumun yetişməsi ləngiyir. Muxtar respublikamızın inzibati ərazisində əkin dövriyyəsinə daxil olan əksər torpaq tiplərində əkilib-becərilməsi və yüksək məhsuldarlıq əldə olunması mümkündür.
Razyana bitkisini əkmək üçün torpaq sahəsi hazırlanarkən şum altına hər hektara 40-50 kiloqram fosfor və kalium gübrələri verilir. Azot gübrəsi isə yazda kağ vurularkən verilib torpağa qarışdırılır.
Naxçıvan şəraitində yaz şaxtalarına dözümlülük xüsusiyyətləri nəzərə alınaraq açıq sahəyə səpilir. Səpin mart ayında aparılmalıdır. Hər bir hektara 8-10 kiloqram toxum məsləhətdir. Səpin zamanı çalışmaq lazımdır ki, əkində cərgəarası 40-50 santimetr olmaqla toxum torpağın 3-5 santimetr dərinliyinə düşsün. Sonrakı becərmə tədbirləri digər səbzə-tərəvəz bitkilərində olduğu kimi aparılır.
Bu bitkinin xarakterik xüsusiyyətlərindən biri də kökləri vasitəsilə çoxaldılmasıdır. Kökləri vasitəsilə çoxaldıqda toxumları tam yetişən vaxt onun kökləri çıxarılır, iti bıçaqla gözlüklər zədələnməmək şərtilə kəsilir. Beşillik bir bitkidən 6-12 ədəd əkin materialı alınır. Həmin əkin materialları 15x30 santimetrlik çalalara 40-50 santimetr sxemində əkilir. Quraqlığa davamlı, torpağa az tələbkar olan razyana mədəni şəraitdə yaxşı inkişaf edir. Çiçəkləməsi iyul ayının axırlarından oktyabr ayının axırlarına kimi davam edir. Toxumları isə avqustun axırlarından başlayaraq dekabra qədər yetişir. Üçillik razyana bitkisi ildə orta hesabla 4000-8000 ədəd toxum verir. Aparılan müşahidələr göstərir ki, bir hektar razyana sahəsindən 0,5-0,7 tona qədər toxum tədarük etmək mümkündür.
İstər kök, istərsə də toxumla çoxaldılmasında bu bitki üçün ən önəmli sələflər payızlıq taxıllar, tərəvəz bitkiləri, kartof və birillik otlar hesab olunur.

Əhəmiyyəti

Razyana bitkisindən xalq təsərrüfatında geniş miqyasda istifadə olunur. Səbzə-tərəvəz şəklində salatların hazır­lanmasında, dovğa, borş bişirilməsində ədva şəklində əvəzsiz nemət hesab olunur. Xoş ətri olmaqla yüksək kalorili səbzə-tərəvəzdir. Toxumları yeyinti sənayesində və tibb sahəsində istifadə olunur. Razyana toxumlarının tərkibində 4-6 faiz efir yağı vardır. Efir yağının ən qiymətli tərkib hissəsi “anetol” adlanan ətirli maddədir. Efir yağı və onun tərkibində olan anetol yeyinti, ətriyyat, kosmetika və əczaçılıq sənayesində işlədilir. Dərman məqsədilə meyvələrindən istifadə olunur. Meyvələrini sentyabr ayında yetişməyə az qalmış toplayıb açıq havada bir müddət qurudur, başqa qarışıqlardan təmizləyib ayırır, aptekə təhvil verirlər. Meyvəsinin tərkibində efir yağından başqa, 16-18 faiz piyli yağ və 27 faiz zülal maddəsi vardır.
Razyana meyvəsindən elmi təbabətdə soyuqdəymədən baş verən xəstəliklərdə, xüsusən tənəffüs yollarının iltihabında yumşaldıcı və bəlğəmgətirici öskürək dərmanı kimi, eləcə də mədə-bağırsaq xəstəliyində həzm prosesini yaxşılaşdıran vasitə kimi geniş istifadə olunur. Razyana meyvəsi dəmləmə və bişirmə şəklində öd kisəsinin iltihabında və böyrək xəstəliklərində də qəbul edilir.

Bunları bilmək faydalıdır

- 25 qram razyana toxumu, 25 qram nanə yarpağı, 25 qram zirə meyvəsi, 25 qram pişikotu kökü və kökümsovu qarışdırılır və xırdalanır. Bir xörək qaşığı 200 qram suda qaynadılıb cövhəri çıxarılır. Bu cövhərdən səhər-axşam bir stəkan içildikdə mədə və bağırsaq ağrıları aradan qaldırılır.
- Bir xörək qaşığı toxumu götürü­lüb bir stəkan qaynar suda 10 dəqiqə dəmlənir və gündə 3 dəfə yeməkdən sonra yarım stəkan içilir. Bu, mədədə həzmolma prosesinə və qıcqırma hallarına son qoyan ən yaxşı vasitədir.
- Razyananı döyüb suyunu çıxarın və onu gözə damızdırın. Bu, görmə qabiliyyətini gücləndirəcəkdir.
- Qurudulmuş razyananı ovur, 20-30 qramını götürüb bir litr suya töküb vam odun üstündə qaynamağa başlayandan bir dəqiqə sonra götürüb 10 dəqiqə dəmdə saxlayıb süzür və bal əlavə  edib qarışdırırlar. Hər dəfə yeməkdən sonra bir stəkan içilir. On beş günlük belə müalicədən sonra əsəblər sakitləşir və yuxusuzluq halları aradan qalxır.

Əsgər HƏSƏNOV
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR