Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə martın 17-də Naxçıvan şəhərində, muxtar respublikanın rayon mərkəzlərində tədbirlər keçirilib.
Naxçıvan Əlillərin Bərpa Mərkəzində keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov Novruz bayramı münasibətilə məhdud fiziki imkanlı şəxsləri təbrik edərək qeyd edib ki, muxtar respublikamızda məhdud fiziki imkanlı şəxslərə hərtərəfli diqqət və qayğı göstərilir. Onların sosial müdafiəsinin yaxşılaşdırılması, tibbi-sosial reabilitasiyalarının həlli, cəmiyyətə inteqrasiyası, o cümlədən asudə vaxtlarının səmərəli təşkili istiqamətində davamlı tədbirlər həyata keçirilir. Novruz bayramı münasibətilə bu kateqoriyadan olan şəxslərlə görüşlərin təşkili onlara göstərilən dövlət qayğısının davamıdır.
Həmin gün rayon mərkəzlərində də Novruz bayramı münasibətilə tədbirlər keçirilib. Ordubad rayonunda keçirilən bayram tədbirində sağlamlıq imkanları məhdud ifaçılardan ibarət “İnam” musiqi qrupu tədbir iştirakçıları qarşısında konsert proqramı ilə çıxış edib.
Bayram tədbirlərində məhdud fiziki imkanlı min nəfərə bayram sovqatı verilib.
Tədbir iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.
Novruz bayramı münasibətilə dünən Şahbuz şəhərindəki Ahıllar evində də tədbir keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova və Şahbuz Rayon İcra Hakimiyyəti başçısının müavini Mətanət Məmmədova çıxış edərək sakinləri Novruz bayramı münasibətilə təbrik ediblər.
Çıxışlarda vurğulanıb ki, muxtar respublikamızın bütün sahələrində müşahidə olunan dinamik inkişaf və tərəqqi xüsusi qayğıya ehtiyacı olan şəxslərin, o cümlədən ahılların və sağlamlıq imkanları məhdud insanların sosial hüquqlarının təmin olunmasına, onların sosial müdafiəsinin gücləndirilməsinə geniş imkanlar açıb. Bu kateqoriyadan olan şəxslərə göstərilən sosial xidmətlərin səviyyəsi yüksəlib, onların cəmiyyətə inteqrasiya olunmaları istiqamətində həyata keçirilən tədbirlər intensiv xarakter alıb. Həmçinin qeyd edilib ki, Ahıllar evində sakinlərin fəal həyat tərzində yaşamaları və istirahətləri üçün yüksək şərait yaradılıb. Onlara mütəmadi tibbi və sosial reabilitasiya xidmətləri göstərilir.
Tədbirdə Şahbuz Rayon Mədəniyyət Evinin musiqi kollektivi konsert proqramı ilə çıxış edib.
Sonda sakinlərə bayram hədiyyələri təqdim olunub.
Ahıllar onlara göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.
Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti