Hər şeyin yaxşısını əldə etmək, daha yaxşı yaşamaq və etibarlı gələcək qurmaq istəyi hər birimizi ən çox düşündürən məsələlərdəndir. Bu mənada nəsə yetişdirib hasilə gətirmək və onun bəhrəsini görmək üçün insan həyatda hər cür zəhmətə qatlaşmağa, minbir cəfa bahasına olsa da, öz arzularına qovuşmağa çalışır. Ancaq belə bir həqiqət də vardır ki, cəmiyyət üçün kamil insan yetişdirmək, gələcəkdə ən dəyərli kapital ola biləcək gənc nəsil formalaşdırmaq tarixən özünü təsdiq etmiş ən doğru seçimdir. Doğrudan da, hərtərəfli inkişaf etmiş gəncliyin gücünə, onun dinamikasına düzgün istiqamət verəndə sürətlə yenilənən cəmiyyətin tələbatlarına çevik uyğunlaşa bilən, yaradıcı, məhsuldar gənclik formalaşır.
Gəncliyin dinamizmi, onun yaradıcı gücü hər kəsə bəllidir. Gənclərin çevik uyğunlaşma bacarığı, onların mürəkkəb situasiyalarda belə, göstərdiyi mübariz keyfiyyət çox zaman cəmiyyətin çoxdan gözlədiyi dönüş anını reallaşdıraraq yeni inkişaf mərhələsinə qədəm qoyur. Tarixin mühüm keçid mərhələlərində taleyüklü məsələləri öz üzərinə götürmüş gənc insanların atdığı qətiyyətli addımlar illər keçəndən sonra sələflərinin onlara miras qoyduğu müdrik təcrübənin davamı kimi öz bəhrələrini verir, insanları gələcəyinin öz əlində olduğuna inandırır.
“Müstəqil Azərbaycanın gələcəyi gənclərdir”, – deyən xalqımızın ümummilli lideri Heydər Əliyev hələ ölkəmizə rəhbərliyinin birinci dövründə azərbaycanlı gənclərin hərtərəfli formalaşdırılması, onların gələcəkdə Azərbaycançılıq ideologiyasına sədaqətlə xidmət etməsi üçün lazım olan hər şeyi etmişdi. O dövrdə dahi rəhbər azərbaycanlı gənclərin xaricdə təhsil almasına, onların o dövr üçün çox çətin olan hərbçi kadrlar kimi yetişməsinə, dövlət idarəetməsi, siyasət, diplomatiya sahəsində yetkinləşməsinə ciddi diqqət yetirirdi. Ölkəmiz müstəqillik qazanandan sonra isə gənclərin ictimai həyatın bütün sahələrində bilik və bacarıqlarından istifadə olunması dövlətin siyasətində mühüm yer tutmuş və bu istiqamətdə işlər uğurla davam etdirilməkdədir.
Dövlət gənclər siyasəti Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirilir. Son illər gənclərimizin muxtar respublikamızın ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı təmin edilməkdədir. Muxtar respublikada reallaşdırılan gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramları əsasında gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənc kadrların irəli çəkilməsi, onların xidmətlərinin qiymətləndirilməsi davam etdirilməkdədir.
Qədim Naxçıvan torpağında gənclərin mənəvi-əxlaqi tərbiyəsi və onların mədəni həyatda iştirakı daim diqqət mərkəzində saxlanılır. Bu, onlara göstərilən ən böyük dövlət qayğısıdır. Bu gün muxtar respublikada müasir avadanlıqlarla təchiz edilərək gənclərin istifadəsinə verilmiş məktəblər, tədris binaları, laboratoriya, kitabxana, konsert və sərgi salonları, yaradıcılıq emalatxanaları, studiyalar onların yaradıcılıq potensialından səmərəli istifadəyə əlverişli şərait yaradır. Cəmiyyətdə informasiya texnologiyalarından istifadəyə geniş yer verilməsi, elektron kitabxanaların yaradılması, sürətli internet şəbəkəsinin tətbiqi gənclərin müasir biliklərə yiyələnmələri istiqamətində həyata keçirilən uğurlu işlərdəndir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” 2012-ci il 31 yanvar tarixli Fərmanı və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun yaradılması regionumuzda gənclərə göstərilən diqqət və qayğının parlaq nümunəsidir. Ötən dövr ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu muxtar respublikada gənclərin inkişafına yönəldilmiş layihələrin və tədbirlərin həyata keçirilməsini diqqət mərkəzində saxlamış və bir sıra tədbirlər həyata keçirmişdir.
Bu il fevralın 1-də Naxçıvan şəhərində istifadəyə verilən Gənclər Mərkəzi isə gənclərin xüsusi layihələr vasitəsilə vahid bir məkanda toplanması, intellektual inkişafı, asudə vaxtlarının səmərəli təşkili baxımından xüsusi əhəmiyyətə malikdir. Şəhərin ən gözəl yerlərindən birində ucaldılmış bu yaraşıqlı binada yaradılan şərait muxtar respublika gənclərinin asudə vaxtlarının səmərəli təşkili, onların yaradıcı potensialının üzə çıxarılması baxımından çox əhəmiyyətlidir. Gənclər Mərkəzində hər naxçıvanlı gəncin müasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarından yararlanması, dünyanın elektron kitabxanalarından istifadə etməsi və kataloqlarla tanış olması üçün şərait yaradılmışdır. Mərkəzdəki kitabxananın fondunda 1000-ə yaxın elmi və bədii ədəbiyyat mövcuddur. Buradakı kompüter zalında quraşdırılmış videokonfrans avadanlığı dünyanın istənilən yeri ilə videobağlantıların qurulması və videokonfransların keçirilməsi üçün əlverişli imkan yaradır. Mərkəzdəki linqafon kabinələri xarici dillərin müasir informasiya-kommunikasiya texnologiyaları vasitəsilə öyrənilməsinə imkan verir. Linqafon kabinələrində ingilis, rus və fransız dilindən hazırlıq kurslarının təşkili nəzərdə tutulur.
Burada həmçinin gənclər arasında intellektual oyunların keçirilməsi üçün intellektual oyun zalı da yaradılmışdır. Muxtar respublikada gənclərin asudə vaxtının səmərəli təşkili və intellektual qabiliyyətlərinin inkişaf etdirilməsi, istedadlarının üzə çıxarılması baxımından intellektual oyun zalı xüsusi əhəmiyyət kəsb edir. Bundan başqa, gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsi məqsədilə bilyard və tennis zalı yaradılmış, atıcılıqla məşğul olmaq üçün tir quraşdırılmışdır.
Bu il Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu bir sıra layihələrin həyata keçirilməsi üçün işlər görür. “Muxtariyyət ili” elan olunmuş 2014-cü ildə Gənclər Fondu tərəfindən muxtar respublikamızla bağlı bilik yarışlarının, şeir, mahnı, rəsm, hekayə müsabiqələrinin, jurnalistlər arasında müsabiqənin və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Muxtar respublikada gənclərlə bağlı reallaşdırılan layihə və proqramlar onların intellektual və yaradıcı potensialının üzə çıxarılmasına, fəallıqlarının artırılmasına xidmət edir.
Əli CABBAROV