Tədbirdə Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyinin Nəqliyyatda əlaqələndirmə və lisenziyalaşdırma şöbəsinin müdiri Ramin Qəhrəmanov çıxış etmişdir.
Bildirilmişdir ki, muxtar respublikamızda digər sahələrlə yanaşı, avtomobil nəqliyyatı sahəsində də əsaslı islahatlar aparılmış və müsbət nəticələr əldə edilmişdir. Muxtar respublika rəhbərinin bu sahəyə diqqət və qayğısının nəticəsidir ki, ən ucqar dağ kəndlərinə belə, rahat asfalt yollar salınır, rayon mərkəzlərində yeni avtovağzallar tikilib istifadəyə verilir. Yol-nəqliyyat infrastrukturunun yenilənməsi, bu sahədə həyata keçirilən müxtəlif tədbirlər avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarının müasir tələblərə uyğun yerinə yetirilməsi zərurətini yaradır. Qeyd olunmuşdur ki, muxtar respublika ərazisində sərnişin və yük daşınmasına görə razılıq (lisenziya) qanunvericilikdə nəzərdə tutulmuş qaydada Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyi tərəfindən 5 il müddətinə verilir.
Avtomobil nəqliyyatı ilə sərnişin daşınmasını yerinə yetirən sürücülərin intizam qaydalarına necə əməl etməsini yoxlamaq məqsədilə Naxçıvan şəhərində bir sıra reydlər keçirilmiş, qanun pozuntusuna yol verən sürücülər saxlanılaraq cəzalandırılmışlar. Vergi borcunu ödəməyən, qanunsuz taksi fəaliyyəti ilə məşğul olan sürücülərə qeyri-qanuni sərnişindaşıma ilə məşğul olmamaq haqqında xəbərdarlıqlar edilmiş, tabe olmayan sürücülər Dövlət Yol Polisi əməkdaşları ilə birlikdə keçirilən reydlərdə saxlanılaraq cəzalandırılmışlar. Vurğulanmışdır ki, Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyi tərəfindən ötən il ərzində 137 ədədi yük, 120 ədədi taksi, 70 ədədi avtobusla sərnişindaşıma fəaliyyəti olmaqla, cəmi 327 ədəd xüsusi razılıq (lisenziya), 14 min 38 ədəd sərnişin və yük daşıyan avtonəqliyyat vasitələrinə fərqlənmə nişanı, bunun 114 ədədinə isə xüsusi fərqlənmə nişanı verilmişdir.
Nazirliyin Ümumi şöbəsinin müdiri Yasin Əliyev bildirmişdir ki, Naxçıvan Muxtar Respublikasında avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınmasını həyata keçirən sürücülərin intizam qaydalarına uyğun fəaliyyət göstərmələri mütəmadi olaraq nəzarətdə saxlanılır. Bu qaydalara əsasən, sərnişindaşıma hüququ müvafiq ixtisas tələblərinə və sağlamlıq vəziyyəti müvafiq normalara cavab verən fiziki şəxslərə verilir. Nəqliyyat vasitəsini idarəetmə hüququ müvafiq normativ-hüquqi aktlarla müəyyən olunmuş qaydada və formada verilmiş sənədlərlə təsdiq edilir. İctimai nəqliyyatda sərnişin daşınması ilə məşğul olan hər bir sürücünün idarə etdiyi avtomaşının fəaliyyət göstərməsi üçün xüsusi razılığın (lisenziyanın) verilməsini təsdiq edən sənəd olmalı, sürücülük rekvizitləri qanunvericiliyin tələblərinə cavab verməlidir. Qeyd edilmişdir ki, ötən bir il ərzində sərnişin və yük daşıyan fiziki və hüquqi şəxslərin fəaliyyətinə nəzarət məqsədilə müxtəlif reydlər aparılmış, nəticədə, qeyri-qanuni sahibkarlıq fəaliyyəti göstərən 363 avtonəqliyyat vasitəsi sahibi aşkar olunmuşdur. Onların əksəriyyəti lisenziyaya cəlb edilmiş, intizama tabe olmayan 36 nəfər haqqında cəza tədbiri görülmək üçün müvafiq orqanlara məlumatlar göndərilmişdir. Sərnişindaşıma fəaliyyəti göstərən hər bir sürücü və ya sahibkar göstərilən təlimatlara uyğun hərəkət etməli, qanun pozuntularına yol verməməlidir.
Sonra sərnişindaşıma ilə məşğul olan sürücülərin sualları cavablandırılmışdır.
Xəbərlər şöbəsi