22 Dekabr 2024, Bazar

Naxçıvan şəhərindəki Mərkəzi Bazarda bayram yarmarkası təşkil edilib

Xalqımızın ən dəyərli və müqəddəs bayramlarından biri olan Novruz yenə də yurdumuza qədəm qoyur. Hamı çalışır ki, bu bayramda süfrəsi bol və zəngin olsun.  
Bir neçə ildir ki, Naxçıvan şəhərində bayramqabağı təşkil olunan yarmarkalar bu əziz bayramı layiqincə keçirməyə imkan verir. Ötən şənbə günündən başlayaraq bayram yarmarkasına start verilib. Biz də həmin gün yarmarkaya üz tutduq. Burada yaradılmış şəraitlə yaxından tanış olduq. Qeyd edək ki, gördüklərimiz muxtar respublikanın iqtisadi mənzərəsini əks etdirmək baxımından insanda xoş duyğular oyadırdı. Yarmarkadakı qələbəlik isə belə deməyə əsas verirdi ki, insanlar bu tədbirdən xeyli razıdırlar. Öncə onların bir neçəsi ilə görüşüb həmsöhbət olduq. Naxçıvan şəhər sakini Hüseyn Dünyamalıyev bildirdi ki, bu tədbir bütün şəhər əhalisinin ürəyincədir. Bayram üçün almaq istədiyimiz məhsulların hamısına burada rast gəlmək olar. Qiymətlər də mağazalarda olan qiymətlərdən aşağıdır. Əsas məsələ ondadır ki, məhsulların hamısı yerli istehsaldır. Deməli, builki Novruz bayramında da süfrələrimizin bəzəyi öz məhsullarımız olacaq.

Özünü Əfqan Hüseynov kimi təqdim edən daha bir alıcı da fikirlərini bizimlə bölüşərək dedi ki, muxtar respublikamızın son illərdəki inkişafı həyatımızın bütün sahələrində özünü göstərir. Neçə illər bundan əvvəl bayrama hazırlaşarkən xeyli çətinliklərlə üzləşirdik. Aldıqlarımızın çoxu xarici ölkələrdən gətirilmiş məhsullar idi. Onların da dadı-tamı haqqında danışmağa dəyməz. Sağ olsun dövlətimizi. Artıq heç bir çətinlik çəkmədən yarmarkadan bayram üçün istədiyimizi almaq imkanı yaradılıb.
Ordubad rayonunun Dəstə kənd sakini Yusif Yusifov bu şəraiti yaradanlara minnətdarlığını bildirərək vurğuladı ki, məhsulların qiymətinin ucuzluğu həmin məhsulların yarmarkaya çıxarılmasında heç bir problemin olmaması ilə bağlıdır. Burada istehsalçılardan rüsum alınmır. Onlar elektron tərəzi ilə təmin olunurlar. Bütün bunlar alıcıların və satıcıların ürəyincədir.
Qeyd edək ki, həmin gün yarmarkaya muxtar respublikanın yaşayış məntəqələrindən müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları çıxarılmışdı. Eyni zamanda yarmarkada muxtar respublikada fəaliyyət göstərən 35 istehsal müəssisəsindən gətirilmiş məhsullar satılırdı.
Yarmarka bayram günlərinə qədər davam etdiriləcək.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR