Qarşıdan xalqımızın ən əziz bayramı olan Novruz bayramı gəlir. Novruz bayramı öz adət-ənənələri ilə xalqımızın qədim mədəniyyətini özündə geniş şəkildə əks etdirən, yaşadan bir bayramdır. Hər il olduğu kimi, bu il də muxtar respublikamızın sakinləri xalqımızın qədim el bayramı olan Novruz bayramını böyük sevinc və ruh yüksəkliyi ilə qarşılayır.
Novruzun gəlişi ərəfəsində hər birimizin arzusudur ki, bütün bayramlar kimi, Novruz şənlikləri də ən ülvi duyğularla yaddaşlara həkk olunsun, bayram yalnız və yalnız xoş hisslərlə xatırlansın. Aparılan təhlillər zamanı aydın olur ki, bayram şənliklərinin və tədbirlərinin keçirilməsi zamanı vətəndaşların adi ehtiyatsızlığı səbəbindən yanğınlar baş verir. Yanğınlar zamanı vətəndaşlarımıza maddi və mənəvi ziyan dəyir.
Novruz bayramı günlərində muxtar respublika ərazisində yanğın təhlükəsizliyinin etibarlı təmin olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirən Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin əməkdaşları tərəfindən bayram tədbirləri və şənliklərinin keçiriləcəyi mədəniyyət müəssisələrində, kütləvi insan toplaşan yerlərdə yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə profilaktik maarifləndirici söhbətlər aparılmışdır.
Aparılan təhlillər zamanı müəyyən olunmuşdur ki, bir çox hallarda vətəndaşlar tərəfindən tonqal yandırılarkən onun yerinin düzgün seçilməməsi və yandırılmış tonqalın nəzarətsiz qalması nəticəsində xoşagəlməz hadisələrlə nəticələnən yanğınlar baş verir. Novruz bayramında vətəndaşlar tərəfindən pərakəndə halda tonqallar yandırılarkən yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmalı, tonqallar ətrafda olan yanar materiallardan, mühəndis-texniki qurğulardan, qaz xətlərindən, elektrik və rabitə xətləri çəkilmiş dirəklərdən, binalardan, evlərdən, yardımçı tikililərdən, ot-saman tayalarından, tezalışan maye və materiallar saxlanılan yerlərdən kənarda yandırılmalıdır.
Güclü külək zamanı tonqal yandırmaq düzgün deyil. Bayram şənlikləri zamanı tonqallar tam söndürülənədək nəzarətdə saxlanılmalıdır. Unutmaq olmaz ki, zəif bir küləyin əsməsi nəticəsində tam sönməmiş tonqalın közü yanğının baş verməsi üçün mənbə ola bilər. Novruz şənliklərində yanar mayelərlə hopdurulmuş məşəllərin, qığılcım saçanların və fişənglərin azyaşlı uşaqlar tərəfindən istifadə olunmasına yol vermək olmaz. Çünki məşəllər evlərin dam örtüklərinin, həyətyanı sahələrə yığılmış yanar materialların, çəpərlərin və ot-saman tayaları yığılmış yerlərin üzərinə düşə bilər və güclü yanğınların baş verməsinə səbəb olar.
Yüksəkliklərdə, dağ və dağətəyi yerlərdə avtomobil şinlərinin üst-üstə yığılaraq yandırılması yanğın cəhətdən daha təhlükəlidir. Belə hallarda yanan şinlər diyirlənərək ətrafdakı yaşayış sahələrində yanğın ocaqlarının yaranmasına səbəb olar. Novruz şənlikləri və tədbirlərinin keçirildiyi küçə və meydanlarda kütləvi şəkildə toplaşan insanlar xoşagəlməz hadisələrin baş verməməsi üçün, mütləq qaydada, bir-birlərinin təhlükəsizliyini qorumalıdırlar.
Novruz bayramının bir bəzəyi də xonça bəzəmək, şam yandırmaqdır. Bayram şənlikləri zamanı şam yandırılarkən yanğın təhlükəsizliyi qaydalarına diqqət yetirmək lazımdır. Unutmaq olmaz ki, yanar şamı öz ərintisi ilə stol, kibrit qutusu üzərinə və digər yanar materiallara yapışdırmaq yanğın təhlükəsizliyi cəhətdən yolverilməzdir. Yanar şamın nəzarətsiz qoyulması xoşagəlməz hadisələrin baş verməsi ilə nəticələnə bilər. Bayram tədbirləri zamanı əhali ilə yanaşı, idarə, müəssisə və təşkilat rəhbərləri, xüsusən mədəniyyət və təhsil müəssisələri yanğın təhlükəsizliyi qaydalarına nəzarəti gücləndirməli, tədbir keçiriləcək yerlərdə yanğın təhlükəsizliyinə cavabdeh şəxslər təyin etməli və qabaqlayıcı tədbirlər görməlidirlər.
Novruz şənliklərində xoşagəlməz hadisələrlə üzləşməmək üçün yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etmək, baş verə biləcək yanğın hadisələrinin qarşısının vaxtında alınması üçün diqqətli olmaq lazımdır.
Bayram tədbirləri və şənlikləri keçirilən zaman yanğın hadisələri ilə üzləşdikdə dərhal Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə və ya Dövlət Yanğın Təhlükəsizliyi şöbələrinin “101” xidmətinə məlumat verməyi unutmayın.
Novruz bayramınız mübarək!
Mirtaleh SEYİDOV
Naxçıvan Muxtar Respublikası
Fövqəladə Hallar Nazirliyinin bölmə rəisi, daxili xidmət kapitanı