22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə dünən Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində brayl əlifbası ilə nəşr edilmiş “Könül işığı” adlı yeni jurnalın təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimində Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov çıxış edərək qeyd edib ki, muxtar respublikamızda məhdud fiziki imkanlı şəxslərə hərtərəfli dövlət qayğısı göstərilir, onların sosial müdafiəsi, reabilitasiyası və cəmiyyətə inteqrasiyası istiqamətində davamlı tədbirlər həyata keçirilir. Bu kateqoriyadan olan şəxslərin təhsilə cəlb edilməsi dövlətimizin daim diqqət mərkəzindədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı” bu kateqoriyadan olan uşaqlara göstərilən yüksək dövlət qayğısının bariz ifadəsidir.

Son illər muxtar respublikamızda məhdud fiziki imkanlı şəxslərə, o cümlədən görmə qabiliyyəti məhdud insanlara göstərilən xidmətlər günü-gündən genişlənir və təkmilləşir. Belə ki, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində müvafiq kateqoriyadan olan şəxslərə, o cümlədən görmə qabiliyyəti məhdud insanlara informasiya texnologiyaları tədris edilir, bu sahədə onlara bilik və bacarıqlar aşılanır, onların istedadlarının aşkara çıxarılması məqsədilə yaradıcılıq müsabiqələri, bilik yarışları keçirilir. Hazırda mərkəzdə görmə qabiliyyəti məhdud şəxslər üçün brayl kitabxana, həmçinin telefon vasitəsilə audiokitabxana xidməti göstərilir, brayl əlifbasının tədrisi üzrə kurslar təşkil edilir.
Bildirilmişdir ki, jurnalın nəşri də həmin şəxslərə göstərilən diqqət və qayğının davamıdır.
“Könül işığı” jurnalının audio versiyasının hazırlanıb audiokitabxana xidmətinin kataloquna daxil edilməsi görmə qabiliyyəti məhdud digər şəxslərin də bu imkandan istifadə etmələrinə şərait yaradır.
Məlumat üçün qeyd edək ki, “Şərq qapısı” qəzetində dərc olunmuş müvafiq materiallar əsasında hazırlanan və ölkəmizdə ilk dəfə olaraq işıq üzü görən bu jurnal bundan sonra ayda bir dəfə oxucuların görüşünə gələcək və onlara pulsuz çatdırılacaq.
Həmin gün mərkəzdə audiokitabxana xidmətinin fəal istifadəçilərindən olan görmə qabiliyyəti məhdud 10 şəxsə hədiyyələr təqdim edilib.
Tədbir iştirakçıları onlara göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR