Şahbuz rayonunun Kolanı kəndində “Ailələrdə sağlam həyat tərzinin aşılanması, reproduktiv sağlamlıq, erkən və qanqohumluğu nikahlarının fəsadları” mövzusunda tədbir keçirilmişdir.
Tədbiri Şahbuz Rayon İcra Hakimiyyəti başçısının müavini Mətanət Məmmədova açaraq belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışmışdır.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova “Ailədə sağlam həyat tərzinin aşılanmasında qadının rolu” mövzusunda çıxış edərək bildirmişdir ki, ailə mühiti yeni nəsil üçün birinci məktəbdir. Uşaq danışığı valideynlərindən öyrəndiyi kimi, yaşayış əlifbasını, yəni həyat tərzini də onlardan öyrənir. Bu səbəbdən həm ailədə, həm də cəmiyyətdə qadının üzərinə daha çox məsuliyyət düşür. Ailə dəyərlərini qoruyub saxlayan, nəsildən nəslə ötürən qadındır.
Vurğulanmışdır ki, bugünkü uşaqlar və gənclər müstəqil Azərbaycanın gələcəyidirlər. Bu baxımdan gənclərin gələcəkdə layiqli ailə qurmaları və bu ailənin bütövlüyünü qoruyub saxlamaları üçün onlara sosial-hüquqi qanunların, milli-mənəvi dəyərlərin öyrədilməsini, onların fiziki cəhətdən sağlam, yaradıcı əməyə can atan insan kimi formalaşmasını, zərərli vərdişlərdən qorunmasını, təhsil-tərbiyə məsələlərini qadınlarımız daim diqqət mərkəzində saxlamalıdırlar.
Sonra Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının sədr müavini Arif Ağayev “Qadın hüquqları”, Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin həkim-ginekoloqu, tibb üzrə fəlsəfə doktoru Gültəkin Əliyeva “Keser əməliyyatının ana və uşağa mənfi təsiri” mövzularında çıxışlar etmişlər.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılmış, onlara müvafiq mövzularda maarifləndirici broşürlər paylanılmışdır.
Naxçıvan Muxtar Respublikası Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti