22 Dekabr 2024, Bazar

dövlət proqramının qarşıya qoyduğu vəzifələrin icrası diqqət mərkəzindədir

“Fiziki imkanları məhdud olan uşaqlar burada oxuyacaqlar. Onlar cəmiyyətdən kənarda qalmayacaqlar. Azərbaycanda elə şərait yaradılmalıdır ki, bütün vətəndaşlar onların fiziki imkanlarına baxmayaraq, ondan asılı olmayaraq, cəmiyyətdə öz yerini tuta bilsin”. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2010-cu il oktyabr ayının 5-də Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin açılışı mərasimində söylədiyi bu fikirlər hər bir vətəndaşın taleyi üçün cavabdeh olan, hər bir vətəndaşın Prezidenti olacağına söz verən dövlət başçısının müdrik tövsiyəsi və bu kateqoriyadan olan vətəndaşlara xüsusi diqqətinin təzahürüdür. Yüksək dəyərlərə malik, Vətən sevgisini ürəyində daşıyan insanı ən dəyərli milli sərvət hesab edən dövlət başçısı ölkənin əsas düşüncə mərkəzlərindən biri olan Naxçıvanda o zaman bu mesajı verməklə Azərbaycanın sürətlə inkişaf edən bu diyarının digər regionlar üçün nümunə olduğunu ifadə etmişdir.

Ötən illərin təcrübəsi göstərdi ki, Naxçıvan Muxtar Respublikasında nəinki bu sahədə ən müasir təcrübə tətbiq edilir, hətta Naxçıvanda sağlamlıq imkanları məhdud şəxslərin cəmiyyətə inteqrasiyası istiqamətində həyata keçirilən işlərin özü bir model rolunu oynayır. Muxtar respublikada sağlamlıq imkanları məhdud şəxslərin hüquqlarının təmin olunması, onların sosial müdafiəsi və cəmiyyətə inteqrasiyaları diqqət mərkəzində saxlanılır. Bu mənada Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 18 dekabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı” sağlamlıq imkanları məhdud şəxslərin cəmiyyətə inteqrasiyası istiqamətində yeni mərhələnin başlanğıcını qoymuşdur. Əqli və fiziki imkanlarının məhdudluğundan asılı olmayaraq, hər bir insanın cəmiyyətə inteqrasiyasının təmin olunması təkcə müəyyənləşdirilən vəzifə deyil, həm də müqəddəs bir vəzifədir. Əgər ölkəmizdə məhdud fiziki imkanlı insanların xüsusi təhsili haqqında mövcud olan qanunvericilik bazası onların, sadəcə, təhsil almasını nəzərdə tuturdusa, yeni qəbul edilən proqram bu kateqoriyadan olan uşaqların digər uşaqlarla birgə təhsilə cəlb edilməsini, onların sosial reabilitasiyasını və cəmiyyətə uyğunlaşmasını hədəfləmişdir. Bu istiqamətdə isə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin üzərinə böyük vəzifələr düşür. Qeyd edək ki, 2010-cu ildən fəaliyyət göstərən mərkəzdə məhdud fiziki imkanlı şəxslər üçün informasiya texnologiyalarının tədrisi, görmə qabiliyyəti məhdud olan uşaqlara informasiya texnologiyaları sahəsində bilik və bacarıqların aşılanması sahəsində qazanılan təcrübə proqramın icrası istiqamətində işlərin daha da genişləndirilməsinə imkan verir. Mərkəzdən verilən məlumata görə, hazırda buradakı brayl kitabxanası, eşitmə qabiliyyəti məhdud şəxslər üçün audiokitabxana, zehni inkişafında və nitqində qüsur olan uşaqların reabilitasiyası məqsədilə yaradılan kinekt otağı, defektoloji bölmə fəaliyyətini günün tələbləri səviyyəsində qurmuşdur.
Proqramın qəbulundan ötən müddət ərzində bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, sağlamlıq imkanları məhdud uşaqların istedadlarının aşkara çıxarılması məqsədilə mərkəzdə bu kateqoriyadan olan 18 uşağın iştirakı ilə yarışlar təşkil edilmişdir. Bu isə proqramdan irəli gələn vəzifələrin reallaşdırılması üzrə Tədbirlər Planının III hissəsinin III bəndində nəzərdə tutulan “Sağlamlıq imkanları məhdud uşaqların istedadlarının aşkara çıxarılması məqsədilə tədbirlərin (yaradıcı müsabiqələrin, bilik və idman yarışlarının və sair) keçirilməsi” müddəasına uyğundur. Qeyd edək ki, bu bəndin icrası Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə yanaşı, Təhsil, Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinə, eləcə də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə həvalə olunmuşdur.
Bundan əlavə, mərkəzdən deyirlər ki, bacarıq və maraqları nəzərə alınan sağlamlıq imkanları məhdud 5 uşaq brayl kursuna, müasir informasiya texnologiyalarından istifadə sahəsində biliklərini artırmaq məqsədilə bu kateqoriyadan olan daha 18 uşaq mərkəzdə təşkil olunan məşğələlərə (kompüter kurslarına) cəlb olunmuşlar. Qeyd edək ki, bu kateqoriyadan olan uşaqların məktəbdənkənar müəssisələrin dərnəklərinə cəlb edilməsi Tədbirlər Planında bütün tədris ili ərzində nəzərdə tutulmuşdur. Zehni inkişafında, həmçinin nitqində qüsurları olan uşaqların reabilitasiyası məqsədilə isə defektoloji bölmədə 15 uşağa təlim-məşğələlərin keçilməsinə başlanılmışdır.
Artıq mərkəzin potensialı imkan verir ki, məktəb təhsili olmayan şəxslər üçün brayl əlifbasının tədrisi üzrə kurslar da təşkil edilsin. Bu istiqamətdə mütəmadi iş aparan Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin kollektivi əsas diqqəti 18 yaşdan yuxarı görmə qabiliyyəti məhdud şəxslər üçün brayl əlifbasının tədrisi üzrə kursların tədrisinə yönəltmişdir.
Dövlət proqramına uyğun olaraq, hərəkət qabiliyyətinin məhdudluğu səbəbindən ümumtəhsil məktəblərinə gedə bilməyən uşaqların təhsil almasını təmin etmək məqsədilə Distant Təhsil Mərkəzinin yaradılması istiqamətində də müəyyən işlər həyata keçirilmişdir. Mərkəzdə çalışan mütəxəssislərin hazırlıq səviyyəsi imkan verəcək ki, yaradılacaq mərkəz fəaliyyətini tələblər səviyyəsində qura bilsin. Artıq distant təhsilə cəlb ediləcək hərəkət qabiliyyəti məhdud 19 uşaq müəyyənləşdirilmişdir. Qarşıdakı dövr ərzində isə onların distant təhsil almaları üçün lazımi avadanlıqlarla təmin olunması məsələsi durur.
Ümumilikdə isə həyata keçiriləcək bütün bu tədbirlər sağlamlıq imkanları məhdud şəxslərin cəmiyyətə daha tez inteqrasiyasına xidmət edəcək. Qeyd edək ki, bir müddət öncə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin açıqladığı məlumatda deyilirdi ki, Naxçıvanda 2142 sağlamlıq imkanları məhdud olan uşaq qeydiyyatdadır. Onlardan 840 nəfəri ümumtəhsil məktəblərində təhsil alır. Təkcə 2013-cü ildə bu kateqoriyadan olan 76 uşaq ümumtəhsil məktəblərinin birinci siniflərinə qəbul edilmiş, bəhs olunan dövrdə 38 uşaq isə məktəbəqədər təhsil müəssisələrinə cəlb olunmuşdur.

Elnur KƏLBİZADƏ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR