Hər dövr insanlarda özünəməxsus baxış bucağı formalaşdırır. Bu baxışlar, əsasən, cəmiyyətin tələbləri üzərində qurulur. Lakin bəzən tarixdə cəmiyyətdə birbaşa gələcəyə baxış formalaşdıran proseslər də baş verir. Fikrimizi belə aydınlaşdıraq: sovet dönəmində muxtar respublikamızın müəyyən kəndlərində müxtəlif inzibati binalar tikilirdisə də, həmin quruculuq tədbirləri kompleks xarakter daşımırdı. Planlı iqtisadiyyat üzərində qurulan layihələrdə bəzən yüksəkvəzifəli bir məmurun filan kənddən olması da işlərə təsir edirdi. İstənilən kənddə yeni tikilmiş monoton bir obyektə gedən yollar isə daşlı-kəsəkli, palçıqlı kənd küçələrindən keçirdi. Bu yolların nə zamansa yenidən qurulacağına heç birimiz inanmazdıq. Sanki kənd yolları belə olmalı idi. Bundan əlavə, sakinlər bəzən bir problemin həlli üçün fərqli ünvanlarda yerləşən obyektlərə baş çəkməli, “əl parçası boyda bir kağız” almaq üçün, necə deyərlər, günlər qurban verməli idilər. Bütün bunların fonunda hər kəs rahat yaşayışın kənddən uzaqda – şəhərlərdə olduğunu düşünür, yeganə çıxış yolunu kəndi tərk etməkdə görürdü. Doğrudur, bu qeyd etdiklərimiz ildən-ilə nostalji hisslərlə xatırlansa da, əlahəzrət fakt faktlığında qalır.
Muxtar respublikamızın kəndlərində neçə illər bundan əvvəl salınmasına başlanılmış kənd mərkəzləri, sözün həqiqi mənasında, kəndlərimizə bir quruculuq mədəniyyəti gətirib. Son illər regionda 100-dən artıq kənd mərkəzinin tikilib istifadəyə verilməsi, əslində, əhalisinin sayı yüzminlərlə ölçülən böyük bir şəhərin tikilib başa çatdırılmasından da mühüm əhəmiyyət daşıyır. Nəzərə alaq ki, bütün bu tədbirlər həm də heç bir yaşayış məntəqəsinə fərq qoymadan, ucqar dağ kəndlərindən başlanılmaqla həyata keçirilir. Qədim yurd yerlərimizdən biri olan Kəngərli rayonunun Xok kəndi də müasirləşən yaşayış məntəqələrimizdən biridir.
Kənddə aparılan quruculuq tədbirlərinin bir hissəsini yol infrastrukturunun yenilənməsi təşkil edir. Ümumi uzunluğu 7,6 kilometr olan kənddaxili avtomobil yolu iki hərəkət zolağından ibarətdir. Yenidənqurma işləri zamanı yolda 80 su keçidi tikilmiş, beton kanal çəkilmiş, yola asfalt örtük salınmışdır.
Xok kəndi Kəngərli rayonunun böyük yaşayış məntəqələrindən biridir. Son statistik məlumata görə, əhalisi 5760 nəfərdən çoxdur. Hərtərəfli uğurları ilə yadda qalan “Heydər Əliyev ili” Xok kəndinə də yeni uğurlar gətirmişdir. Belə ki, ötən il kənddə yeni sosial obyektlər istifadəyə verilmişdir.
Bəri başdan deyim ki, istifadəyə verilmiş yeni tikililərin hamısı kəndin şimal səmtində, bir mərkəzdə yerləşir. 1080 yerlik orta məktəb binası öz əzəmətli görünüşü ilə göz oxşayır. Burada 60 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, 4 kompüter, 2 müəllimlər otağı, kitabxana, idman zalı və bufet vardır. Müasir informasiya-kommunikasiya texnologiyalarının təhsildə tətbiqini nəzərə alaraq, məktəbdə 76 kompüter quraşdırılmış, 4 elektron lövhəli sinif yaradılmışdır. Şagirdlərin dəqiq elmlərin tədrisi zamanı praktik biliklərin mənimsənilməsi məqsədilə fizika, kimya, biologiya laboratoriyaları da lazımi avadanlıqlarla təmin edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri məktəbin açılış mərasimində çıxış edərək demişdir: “Məktəb işinin təkmilləşdirilməsi, təhsilin səviyyəsinin yüksəldilməsi ölkəmizin gələcəyinə xidmət edir. Müəllimlər bilməlidirlər ki, onlar ölkəmizin gələcəyini hazırlayırlar. Şagirdlər isə unutmamalıdırlar ki, onlar bu gələcəyin əsas təminatçısıdırlar. Ona görə də hər bir ümumtəhsil məktəbində müəllim tələbkarlığı və şagird çalışqanlığı ön planda olmalıdır. Muxtar respublikada bu işlərin görülməsi üçün lazımi şərait yaradılmış, müasir məktəb binaları tikilmiş, təhsil ocaqları lazımi tədris avadanlıqları ilə təmin olunmuşdur. Xok kənd tam orta məktəbinin müasir tədrisin tələbləri səviyyəsində qurularaq kollektivin istifadəsinə verilməsi də bu sahədə həyata keçirilən tədbirlərin davamıdır”.
Qeyd edək ki, son illər təhsilin səviyyəsinin yüksəldilməsi istiqamətində atılan addımlar bir sıra uğurların əldə edilməsi ilə nəticələnmişdir. Xok kənd tam orta məktəbinin direktoru Rəhman Həsənovun verdiyi məlumata görə, ötən tədris ilində məktəbin 64 məzunu olmuşdur. Onlardan 16-sı ali məktəblərə, 5-i orta ixtisas məktəbinə, 4-ü Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunmuş, 2 məzun 500-700 intervalında bal toplamışdır.
Kənddə olduğumuz zaman Xok kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Mübariz Əliyevlə birgə yeni istifadəyə verilmiş obyektlərlə yaxından tanış olmaq imkanı əldə etdik. Məlumat üçün deyək ki, burada kompleks quruculuq tədbirləri aparılmış, kənd mərkəzi, həkim ambulatoriyası və xidmət mərkəzi də tikilmişdir. İki mərtəbədən ibarət olan kənd mərkəzində rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, kənd mədəniyyət evi və 83 yerlik zal yerləşir. Muxtar respublikamızın digər yeni kənd mərkəzlərində olduğu kimi, burada da rabitə xidmətinin yaxşılaşdırılması istiqamətində bir sıra işlər görülmüş, mərkəzdə yerləşən rabitə evində poçt bölməsi yaradılmış, bank xidməti təşkil olunmuşdur. Eyni zamanda burada 820 nömrəlik avtomat telefon stansiyası quraşdırılmışdır.
Xok kəndinin böyük yaşayış məntəqəsi olduğu nəzərə alınaraq burada ikimərtəbəli həkim ambulatoriyası da tikilərək əhalinin istifadəsinə verilmişdir. Binada 11 otaq, o cümlədən stomatoloq üçün kabinə, pediatr, doğuş, peyvənd və manipulyasiya otaqları, həmçinin aptek, palata yerləşir. Ambulatoriya lazımi tibbi avadanlıqlar və dərman vasitələri ilə təmin olunmuşdur. Haliyədə ambulatoriyada 11 tibb işçisi sakinlərə xidmət göstərir.
Kənd sakinlərinin istifadəsinə verilmiş yeni obyektlərdən biri də burada yaradılmış xidmət mərkəzidir. Xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazaları fəaliyyət göstərir. Satış mağazalarında müştərilərə, əsasən, gündəlik tələbat malları, o cümlədən yerli kənd təsərrüfatı və sənaye məhsulları təqdim olunur.
Mübariz Əliyev qeyd edir ki, kənddə fəaliyyət göstərən dövlət qurumları, eyni zamanda səhiyyə, təhsil, mədəniyyət müəssisələri əvvəllər şəraiti olmayan, köhnə tikililərdə yerləşirdi. Təbii ki, bu da müxtəlif çətinliklər yaradırdı. Xüsusilə qış aylarında həmin müəssisələrin istiliklə təminatı, demək olar ki, mümkün deyildi. Lakin kənddə yeni sosial obyektlərin istifadəyə verilməsi ilə mövcud çətinliklər aradan qaldırılmış, bütün qurumların fəaliyyəti üçün hər cür şərait yaradılmışdır. İnzibati ərazi dairəsi üzrə nümayəndə ilə kəndin təsərrüfat qayğıları ilə bağlı da söhbətləşirik. Müsahibim qeyd edir ki, Xok kəndinin sakinləri öz dolanışıqlarını həmişə təsərrüfat vasitəsilə təmin ediblər. Hazırda kənd təsərrüfatı yenə də əhali üçün əsas məşğuliyyət sahəsidir. Kənddə 1800 başdan çox iribuynuzlu, 15 min başdan artıq xırdabuynuzlu heyvan saxlanılır. Kəndin əkinəyararlı torpaqları indi zəhmətkeşlərin əsl dolanışıq mənbəyi rolunu oynayır. Həmin ərazilərdə ötən ilin sonunda payızlıq əkin üçün 564 hektarda taxıl əkini keçirilmişdir ki, bunun da 437 hektarını buğda sahələri təşkil edir. Bundan əlavə, muxtar respublikada meyvəçilik və tərəvəzçiliyin inkişafı istiqamətində həyata keçirilən tədbirlər Xok kəndində də uğurla yerinə yetirilir. Təkcə ötən il bu məqsədlə 8 hektar sahədə alma bağı salınmışdır. Əldə edilən məhsulların hər həftə kənd təsərrüfatı məhsullarının satış yarmarkalarına çıxarıldığını qeyd edən icra nümayəndəsi kəndin zəhmətkeş təsərrüfat sahiblərinin uğurlarını da dilə gətirir. Məlum olur ki, bu təsərrüfat sahiblərindən Xaləddin Zeynalov 17 baş cins mal-qara, Qərib Tağıyev 2000 baş xırdabuynuzlu heyvan, Nazim Abdullayev 10-u cins olmaqla, 150 baş iribuynuzlu mal-qara sahibidir. Dövlət tərəfindən verilən güzəştli kreditlər, kənd təsərrüfatının inkişafı üçün yaradılan əlverişli şərait fərdi təsərrüfatların genişləndirilməsinə, məhsul istehsalının artırılmasına, əhalinin sosial rifah halının yüksəldilməsinə səbəb olmuşdur. Kənddə sahibkarlığın inkişafının nəticəsidir ki, hazırda burada 5 lavaş sexi, 1 kərpic istehsalı müəssisəsi və 3 gəc sexi fəaliyyət göstərir.
Beləliklə, bütün bu qeyd edilənlər bir daha Xok kəndinin hərtərəfli inkişaf yolunda olduğunu göstərir. Kənddə istifadəyə verilən yeni obyektlər, salınmış rahat yollar kənd sakinlərinin də böyük sevincinə səbəb olmuşdur. Yaşlı sakinlərdən Davud Abbasov, Dostəli Tağıyev bizimlə söhbətlərində görülən işlərin vətəndaşların rahat yaşayışına xidmət etdiyini vurğuladılar, bütün bunlara görə kənd sakinləri adından dövlətimizə minnətdarlıqlarını bildirdilər.
Bəli, Heydər Əliyev ideyalarının uğurla davam etdirilməsindən öz nəsibini almış Xok kəndi sakinlərinə dövlətimiz elə “Heydər Əliyev ili”ndə böyük sevinc yaşatdı. İndi kənd sakinləri yaradılmış şəraitdən ürəkdolusu danışır, bu sevinc hissini bura yolu düşən hər kəslə bölüşürlər. Bu sevinc hissinin yaratdığı gələcəyə olan inamlı baxışları, bir də bu baxışları formalaşdıran yeni quruculuq mədəniyyətini duymamaq mümkün deyil...
Səbuhi HƏSƏNOV