İqtisadi və sosial inkişafın sürətlənməsi ilə cəmiyyətdə yaranıb genişlənən mühüm tələbatlardan biri də sığorta olunmaq, onun imkanlarından istifadə etməkdir. Ona görə də sığortanın bir ehtiyac kimi dərk olunması, onun ümumi bir mədəniyyət normasına çevrilməsi üçün işlər aparılması, maarifləndirici tədbirlər vasitəsilə adamların bu zəruri sahəyə marağının artırılması mühüm əhəmiyyət daşıyır. Bu il yanvarın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2013-cü ilin yekunları və qarşıda duran vəzifələrə dair keçirilən müşavirədə verilən tapşırıqlara uyğun olaraq, dünən növbəti maarifləndirici tədbir Naxçıvan Dövlət Universitetində təşkil olunmuşdur. Tədbiri universitetin rektoru, professor Saleh Məhərrəmov açmışdır.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin Baş direktoru Hikmət Əsgərov sığortanın ümumi mahiyyətindən danışmış, sığorta müqavilələrinin bağlanılması işlərinə, qanunda nəzərdə tutulmuş şərtlərin əhəmiyyətinə diqqəti cəlb etmişdir. Qeyd olunmuşdur ki, baş verən müxtəlif təsadüfi bədbəxt hadisələr nəticəsində vətəndaşlara dəyən maddi zərərlərin əvəzinin ödənilməsi məqsədilə hazırda Naxçıvan Muxtar Respublikasında 8-i icbari olmaqla, 26 növdə sığortalanma tətbiq olunur. Bu sığorta müqavilələrinə qoşulmaqla insanlar daşınmaz əmlakını, avtomobilini, mülki məsuliyyətini sığortalayır, öz gələcəyini zəmanət altına alır.
Bildirilmişdir ki, muxtar respublikada sığorta işinin təkmilləşdirilməsi istiqamətində son illərdə aparılan məqsədyönlü işlər nəticəsində sığortaolunanların sayı xeyli miqdarda artmış, sığorta haqlarının həcmi çoxalmışdır. Bu da müxtəlif təbii və texnogen hadisələr nəticəsində insanlara dəymiş maddi zərərlərin əvəzinin ödənilməsinə imkan yaratmış, insanların sığortaya inamını artırmışdır.
Sonra universitetin müəllimi, iqtisad üzrə fəlsəfə doktoru Mehriban İmanova tədbir iştirakçılarına sığorta fəaliyyətinin bəzi nəzəri məsələləri haqda məlumat vermiş, risklərin sığortalanmasının əhəmiyyətindən danışmışdır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.
Xəbərlər şöbəsi