Qarşıdan allı-güllü yaz, mübarək Novruz bayramı gəlir. İllərdir ki, xalqımız bu gözəl bayramı böyük məhəbbət, yüksək ovqatla qeyd edir. Novruzun ilk çərşənbəsindən başlayaraq martın sonuna kimi uzanan günləri el arasında “əziz gün” kimi dəyərləndirirlər. Novruz bayramının ürəyimizdə sevgisi o qədər dərindir ki, onun adət-ənənələrinə, mərasimlərinə əməl etməyi hamı müqəddəs borcu bilir.
Bəli, bayram ovqatına köklənmiş muxtar respublikamız daha bir Novruzu qarşılamaqdadır. Yüz illər boyu əzizlənə-əzizlənə minbir büsatla qeyd edilən Novruz bayramı milli dəyərlərimizi özündə ehtiva edən mərasimlər məcmusudur. Onun gəlişi el-obamızda əsl şənliyə çevrilir. Bayrama hazırlıq görülür, ev-eşik, həyət-baca təmizlənir, müxtəlif şirniyyatlar bişirilir. Dükan-bazarlarda bu ərəfədə daha da bolluq yaradılır.
Hər kəs istəyir ki, Novruz bayramı günlərində süfrəsində ləziz yeməklər, dadlı çərəzlər, bol şirniyyat olsun; əlvan şamlarla bəzədilən yaşıl səmənili masaların çeşidli təamları könül sevindirsin. Sərhəd bölgəsi Sədərək rayonunda da bu bayrama yüksək önəm verilir.
Sədərək kəndindəki bazarda Novruz yarmarkası təşkil olunub. Sübh tezdən yarmarkada böyük qələbəlik vardı. Otuz iki satış nöqtəsində sıralanan piştaxtalar bayram süfrələri üçün müxtəlif kənd təsərrüfatı məhsulları – ət, yağ, balıq, toyuq, yumurta, meyvə, cəviz, fındıq və digər qida məhsulları və çərəzlərlə dolu idi. Özü də bütün mallar satışa məhz alıcılar üçün sərfəli ola biləcək qiymətlərlə çıxarılmışdı. Hər kəs istədiyi qədər bazarlıq edib evinə dolu zənbillə və əlbəttə, razılıq hissi ilə qayıdırdı.
Satıcı Eyvaz Quliyevdən payızda tədarük olunmuş alma məhsulunun belə təzə qalmasının səbəbini soruşdum. Bildirdi ki, rayonda yetişdirilən meyvələri bir ilə qədər zədələnmədən saxlamaq mümkündür. Bunun üçün heç bir kimyəvi vasitəyə ehtiyac yoxdur. Həm meyvənin sortu belədir, həm də bölgəmizin torpaq-iqlim şəraiti bu cür məhsulları bu ildən gələn ilə kimi saxlamağa imkan verir.
Yarmarkaya gələnlərin, bayrama hazırlıq görən insanların buradan razılıqla geri döndüklərini hiss etmək çətin deyildi. Çünki istədikləri məhsulları ala bilmişdilər. Onların bir neçəsi ilə həmsöhbət oldum.
Vidadi Məmmədhəsənov–Azərbaycan Vətən müharibəsi veteranı:
– Dövlətimizə minnətdaram ki, hər zaman bizim qayğımıza qalır, güzəranımızı daha da yaxşılaşdırmağa çalışır. Hər dəfə belə bayramlarda müstəqil ölkəmiz, dövlətimiz üçün qürur hissi keçiririk. Vətən yolunda əbəs yerə fədakarlıq göstərmədiyimizi bir daha dərk edirik, gənclərin vətənpərvərlik tərbiyəsi işinə daha da ürəkdən yanaşırıq.
Gənc ailə başçısı Elxan Rəhimovun da ürəyi dolu idi:
– Bu, bir ailə kimi bizim ilk Novruz bayramımızdır. Belə yarmarkanın təşkil olunması imkan verir ki, zəngin bir bayram süfrəsi bəzəyə bilək. Bizə bu imkanı yaradanlara, sevinc bəxş edənlərə dərin minnətdarlığımı bildirirəm.
Əmir Zamanov, müəllim:
– Yarmarkada qiymətlərin əvvəlki günlərdəkindən 15-20 faiz aşağı olması imkan verdi ki, daha çox bazarlıq edim. İndi evə əlidolu gedirəm. Bu kimi tədbirlər əhalini sevindirir.
Sədərək Rayon İcra Hakimiyyətinin şöbə müdiri Samil Kazımovun dedikləri:
– Martın 20-dək bölgə sakinləri Novruz yarmarkalarından bəhrələnə biləcəklər. Yerli sahibkarların istehsal etdiyi məhsullar, eləcə də muxtar respublikamızın digər rayonlarından gətirilərək satışa çıxarılan nemətlər sakinlərə sərfəli qiymətlərlə təqdim olunur. Yəni orta bazar qiymətlərindən 20-30 faiz aşağı. Bundan sonra da sakinlərin tələbatına görə ərzaq məhsullarının yarmarkaya gətirilməsinə çalışacağıq.
Zənginliyi və bolluğu yarmarkadakı mənzərədən aydın görmək mümkün idi. Bütün bunlar isə sədərəklilərin növbəti Novruz bayramını da yüksək əhval-ruhiyyə ilə qarşılayacaqlarından xəbər verir.
Cəfər ƏLİYEV