22 Dekabr 2024, Bazar

Naxçıvandan Boyəhməd kəndinə bir yol çəkilib ki, tez-tez işlətdiyimiz və çoxumuzun mənasını bilmədiyimiz “Avropa standartları” bu yolun qabaq-qənşərində heç bir çürük qoz da deyil. Adını çəkdiyim bu kənd, yəni Boyəhməd kəndi dəniz səviyyəsindən nə az, nə çox, 2500 metrdən də artıq yüksəklikdədir. Əlbəttə ki, bu, kənd camaatının ev-eşik, od-ocaq qurduğu yerin hündürlüyüdür, yoxsa ki, Boy­əhmədi dövrələyən Göydağın, Yol yurdunun, Yelli yurdun və ondan o yankı, hələlik, ağ örpəyə bürünmüş, zirvələri buludlardan nəm çəkən o biri dağların yüksəkliyini kim hesablayıb? Bunu qoyuram bir qırağa və qayıdıram yol məsələsinə. Qoy möhtərəm oxucu məni təkrarçılıqla qınamasın, o mənada ki, mən bütün yazılarımda bu yol məsələsini önə çəkirəm. Çünki biz yaşlı nəslin insanları Naxçıvanda abad, rahat yol görməmişdik.  Amma Naxçıvan şəhərindən Culfa rayonunun bu istiqamətindəki sonuncu kəndi olan Boyəhmədəqədərki 62 kilometrlik yolun bu gözəlliyini görəndə Tanrıya min şükür elədim. Hər dolayda, hər döngədə bir mənzərə, bir füsunkarlıq və ağlıma gətirdim ki, gec-tez Naxçıvan dünyanın ən sayılıb-seçilən turizm mərkəzlərindən biri olacaq.

Son 18 ildə muxtar respublikada nə qədər məktəb tikilib, nə qədər kənd və xidmət mərkəzləri yaradılıb, nə qədər yol çəkilib, nə qədər abadlıq, səliqə-sahman işləri görülüb – hamısı göz qabağındadır və bunları da yazıma əlavə etməklə oxucunu yormaq fikrim yoxdur. Çünki bu barədəki məlumatlar vaxtaşırı qəzetimizdə dərc olunur. Odur ki, keçirəm mətləbə, yəni sözümün canına.
Boyəhməddə həyətində içməli və suvarma suyu olmayan ailə yoxdur: bir boru ilə bulaq suyu gəlir, bir boru ilə də çay suyu və əslində, elə bu çay suyu da bulaq suyudur. Boyəhməddə məktəbin, kənd və xidmət mərkəzlərinin açılış mərasimi idi və onu da qeyd edim ki, belə mərasimlərdə muxtar respublikanın rəhbəri hökmən iştirak edir, öz xeyir-duasını verir, sakinlərin problemləri ilə maraqlanır.
Və həmin görüşdə boyəhmədlilər bir istəklərini də bildirdilər. Yəni dərin dərənin dibindən axan çaydan bir qol da kəndə çıxarılsın – həyət-bağçalarını, bostan-tərəvəzlərini, ağac-budaqlarını suvarmaq üçün. Ola bilərmi ki, az qala göyün üzündə yaşayan bu dağ kəndinin sakini meyvə-tərəvəz üçün şəhərə üz tutsun? Elə ertəsi gün kəndə bu sahənin – su ilə təminat sahəsini deyirəm –  mütəxəssisləri gəldilər. Dərələri, təpələri çox ölçüb-biçdilər. Suyun haradan və necə gətiriləcəyini müəyyənləşdirdilər, qısa müddətdə hər şey yol-yolağasına düşdü. Əyri-dolay dağ yolları ilə kəndə texnika gətirildi, borular daşındı, qaynaq işləri aparıldı, drenajlar qazıldı, xülasə, boyəhmədlilərin suvarma suyu istəyi, arzusu qısa müddətdə çin oldu.
Əlbəttə, bunları sözdə demək asandır, amma, təxminən, 3 kilometrə yaxın məsafədən, həm də dağlardan, dərələrdən boru ilə su çəkib gətirmək nə qədər material, vəsait, texnika, işçi qüvvəsi tələb edir. Təki dağ kəndi insanlarının bütün rahatlıqları təmin olunsun.
Muxtar respublika Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsindən  mənə verilən qısa məlumat (olduğu kimi): Culfa rayonunun Boyəhməd kəndi Əlincə çayı mənbəyində yerləşməsinə baxmayaraq, suvarma və içməli sudan həmişə əziyyət çəkirdi... Buna görə də yeni su xətti çəkildi. Uzunluğu 2,3 kilometr olan bu su xəttinin çəkilişi diametri 250 millimetrlik boru ilə həyata keçirildi. Bununla bərabər, suyun kənddə töküldüyü yerdə həcmi 2 ton olan bölücü su çəni də quraşdırıldı. Su sərfi saniyədə 8-10 litr olan bu xətt artıq Boy­əhməd kəndinin suvarma suyuna olan tələbatını ödəyir.
Bu da mənim əlavəm: əgər 46 evlik Boyəhməd kəndinin həyətlərinə saniyədə 8-10 litr su tökülürsə, daha nə istəyirsən?
Boyəhməd barədə kiçik bir arayış. Dedim ki, Naxçıvan şəhərindən 62 kilometr məsafədə yerləşir bu kənd. Bu istiqamətdəki sonuncu kəndimizdir. Kənddə 46 ev var, amma evlərin sayı ilbəil artmaqdadır. Nədənki yeni ailələr qurulur, dağ döşlərində, el dili ilə desək, yeni çıraqlar yanır. Elə bu səbəbdəndir ki, dedilər, 46 ev olsa da, 66 təsərrüfat var. Yəni sağlıq olsun, Boyəhməddəki evlərin sayı 66-ya çatacaq.
Boyəhmədin ərazisi 1340 hektardır, əlbəttə ki, evlər, həyətlər də bura daxildir. Əhalisi 337 nəfərdir və bunların 190 nəfəri seçicidir. Yəni 18 yaşından yuxarıdır. Bu 190 nəfərin 67 nəfəri Yeni Azərbaycan Partiyasının üzvüdür, bunun üstünə iki kəndi birləşdirən Ləkətağ inzibati ərazi dairəsi üzrə nümayəndəliyindəki daha 86 nəfəri də gəlsək, iki dağ kəndindəki insanların Azərbaycan dövlətçiliyinə olan inamını, etibarını aydın görmək olar.
Qayıdıram yenə Boyəhmədə. Ondan yana ki, oxucu da görsün, bu adamlar necə yaşayırlar, necə dolanırlar. Boyəhmədli Nəsrəddin Quli­yevin 16 mal-qarası, 60 qoyun-keçisi, yanında ondan da çox balaları, 40 arı ailəsi, geniş meyvə bağı var – bunlar göydən düşməyib, zəhmət bahasına başa gəlib, torpaqdan, işdən-gücdən yapışmaq hesabına başa gəlib. Firyəddin Hacıyevin də 10 inəyi (balaları yanında), 60 qoyunu (balaları yanında), 50 arı ailəsi, bağı-bağçası var. Bu siyahıya Kamran Əliyevi də qoşuram, hələ qoşmadığım neçələri də var. Və üst-üstə gələndə Boy­əhməddəki 46 evdən hər səhər örüşə 305 baş mal-qara, 2550 baş qoyun-quzu çıxır, həyətlərdə 1500-dən çox quş saxlanılır, bu gün-sabah kəndi dövrələyən dağların döşlərinə 500-dən çox arı yeşikləri düzüləcək. Dağlar qoynunda məskən salan boyəhmədlinin təbii qazdan, elektrik enerjisindən, nəqliyyatdan (özlərinin 15-dən çox avtomaşını var), sudan, rabitə xidmətindən bir zərrə də korluğu yoxdur.
Kiçik bir haşiyə. Şəhər adamı gərək burada bir-iki gün qalsın ki, yüksəkliyə alışsın: azacıq başım ağrıdı. Və apteki, yəni əczaxananı xəbər aldım. Ətrafımdakılar mat-mat üzümə baxdılar. Bu qonaq nə danışır? Və sonradan mənə anlatdılar ki, boyəhmədlilər aptek-filan tanımırlar, həndəvərdəki dağlar, bitib-tükənməyən nəhəng əczaxanadır. Hansı otu, hansı gülü-çiçəyi qoparsan, minbir dərdin dərmanıdır. Və elə bu səbəbdəndir ki, hər bir evdə torba-torba qurudulmuş şəfa otları, can məlhəmləri saxlanılır.
Dedim axı, ərazi inzibati dairəsi üzrə nümayəndəlik iki kəndi birləşdirir – Ləkətağ və Boyəhməd. Ləkətağ nisbətən böyükdür. Həm ərazisi genişdir, həm də camaatı çoxdur. Ləkətağla Boyəhmədin arasında, təxminən, 5 kilometrlik məsafə var. Yəni Ləkətağ bir qədər aşağıdadır, dəniz səviyyəsindən də 2350 metr hündürlükdədir. Elə bu səbəbdəndir ki, buranın da əhalisi dövlətdən gəlirinin 20 faizi qədərində əlavə yardım alır. Yardım dedim, ünvanlı sosial yardım deyilən dövlət köməyi yadıma düşdü. Və soruşdum ki, Ləkətağda belə bir köməyə ehtiyacı olan var? Dedilər, Allaha şükür, əlimizə-ayağımıza nə gəlib? Bu dağlar, dərələr ki görürsən, hər qarışı sərvətdir. Bu gün-sabah qar əriyənə bənddir, dörd tərəf gül-çiçəyə bürünəcək, çaşır, baldırğan, bolu, ələyəz, min cür şəfa otları bitəcək – yığıb-yığışdırana minnət. Bir də ki, 1093 hektar torpağın ola, özün də dövlətin yardımına göz dikəsən?
Daha bir kiçik haşiyə. Ləkətağlı Sehrangül Quliyeva ilə görüşə bilmədim. Kənd yerində xeyir-şər işi olanda heç kəs kənarda qalmır. Amma evində oldum, qızı qarşıladı, anasının xalça emalatxanasını göstərdi. Emalatxana deyəndə ki, böyük otağın bir tərəfinə hana qoyulub, üstünə neçə rəngli iplər düzülüb; yanında da təzə başladığı xalçanın eskizi olan kağız.
Sehrangül Quliyeva rayon Məşğulluq Mərkəzi ilə müqavilə bağlayıb. İdarə ona hana verib, ip verib, eskiz verib və deyib ki, Sehrangül xanım bir ay ərzində 1 metr 20 santimetr uzunluğunda, 80 santimetr enində, yəni 1 kvadratmetr xalça toxusun, 200 manatını alsın. Ev sahibəsinin geniş otaqlarına döşənmiş neçə cür dükan-bazardan alınmış xalçaların arasında Sehrangül xanımın da əlinin bəhrəsi olan və naxışları, ilmələri gözoxşayan xalçalar gözümə dəyirdi və bu xalçalar insan əlinin tumarından, təmasından uzaq olan fabrik xalçalarından qat-qat gözəl, qat-qat qiymətlidir.
Əlbəttə, Ləkətağ camaatı xalçaçılıqla güzəran sürmür. Kənddə hər kəsin öz iş-gücü var. 1995-ci ildə burada torpaq islahatı başa çatıb. Və adambaşına da yarım hektar torpaq payı düşüb. Demirəm ki, Ləkətağ torpağı Şərur torpağıdır, yainki Babək rayonunun aran kənd­lərinin torpağıdır. Buralarda hər yan dağ-dərədir. Amma yenə torpaq mütəxəssisləri bölgü zamanı elə elədilər ki, paylanan torpaqlar kəndlinin karına gəlsin. Məsələ bir də orasındadır ki, dağ kəndində yaşayan hər kəs öz evinin qibləsini yaxşı bilir. Yəni dolanışıq hardadır, ruzi hardadır? Ona görə də ləkətağlılar maldarlığa, heyvandarlığa, quşçuluğa, xüsusilə də arıçılığa daha çox üstünlük verirlər. Kənddəki 72 evin 500 başdan çox qaramalı, 4400 baş xırdabuynuzlu heyvanı var. Sayıb-sadaladıqlarım ləkətağlıların öz əməyinin bəhrələridir.
Bəs dövlət bu vara nə əlavə edib?
Kənddə hamının evində qaz yanır. Daha 20 il bundan əvvəlki kimi baltasını, mişarını götürən ətrafdakı ağac-budağın amanını kəsmir. Daimi elektrik enerjisi, hər evdə telefon, gündə 4 dəfə Naxçıvan və Culfa şəhərlərinə işləyən marşrut avtobusu, hələ özlərinin 30-35 şəxsi maşınını demirəm. Kredit yolu ilə 10 nəfərə otbiçən maşın satılıb. Kənddə yeni məktəb, kənd və xidmət mərkəzləri tikilib, əvvəldə dediyim kimi, müasir yol çəkilib.
Kənddə 144 şagird yerlik məktəb binası istifadəyə verilib. Hələlik isə şagirdlərin sayı 59 nəfərdir. Və azlıqdan darılmağa dəyməz. Əgər ötən dərs ilində məktəbi 3 uşaq bitiribsə, bu dərs ilində birinci sinfə 9 uşaq qəbul olunub. Deməli, yeni qurulan ailələrin sayı da artıb. Və onu da deyim ki, məktəbi bitirənlərin 3-ü də ali məktəblərə daxil olub. Bu da müəllimlərin uğuru. Məktəbin direktor əvəzi Elsevər Cəfərov onlara yaradılan şəraitdən ağızdolusu danışır. Bildirir ki, yeni məktəbin 14 sinif otağı var, onlardan ikisi elektron lövhəlidir. Kimya, biologiya, fizika laboratoriyaları, şahmat otağı, idman zalı, bufet şagirdlərin xidmətindədir. Xülasə, dağ kəndində təkcə bu günün yox, gələcəyin məktəbi fəaliyyət göstərir.
Yazımın bu yerində dünəni xatırlamasaq, haqsızlıq olar. 78 yaşlı Eynalı Məmmədov yarım əsrdən çox Ləkətağda müəllimlik edib. Uşaqlara ilk dəfə qələm tutmağı, hərfləri yazmağı öyrədib. Zəhməti də hədər getməyib. Və bu zəhmət o illərdə çəkilib ki, kənd məktəbi yaman gündə idi. Sinif jurnalını yazmaq üçün belə, şərait yox idi; gətirib evdə yazırdılar. Göydən düşən yağış, əsən külək siniflərin içində idi, qar yağdı, məktəb bağlanırdı. Və Eynalı müəllim kəndin lap hündür yerindəki evinin eyvanından saray kimi, imarət kimi ucalan məktəbi göstərib, – “belə məktəbdə işləməyə nə var”, – deyir.
Rəvayət. Belə söyləyirlər ki, günlərin birində ata iki oğlunu yanına çağırıb onlara hər kənddə ev tikməyi məsləhət edir. Qardaşlar səhəri işə başlayırlar. Bir müddətdən sonra ata işin nə yerdə olduğunu soruşur. Qardaşın biri məlumat verir ki, filan kənddə ev tikmişəm, o biri kənddə imarət salmışam, o biri kənddə bağım var və sair və ilaxır. Ata o biri oğlundan soruşur, bəs sən nə tikmisən, nə qurmusan? Oğlu cavab verir ki, həmin kəndlərdə mənim çoxlu dostlarım var, onların evi elə mənim evimdir. Əlbəttə ki, bu, atanın ürəyindən olur.

Ləkətağda, Boyəhməddə olarkən nə qədər insanla əl verib görüşdüm, hal-əhval tutdum, nə qədəri məni evinə qonaq dəvət etdi: Eynalı müəllim, Nizami, icra nümayəndəsi Balabəy, Elsevər müəllim, boyəhmədli Ədalət, adlarını xatırlaya bilmədiklərim qoy məni bağışlasınlar. Və mən onların hamısını özümə dost hesab edirəm. Nə böyük xoşbəxtlikdir dünyada çoxlu dostu olmaq!

Nurəddin BABAYEV
Azərbaycan Respublikasının əməkdar jurnalisti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR